"Koronavirus xəstəsi evdə tam müalicə oluna bilər" - Adil Qeybulla
Bizi izləyin

Sağlamlıq

"Koronavirus xəstəsi evdə tam müalicə oluna bilər" - Adil Qeybulla

Koronavirusun (COVID-19) spesifik, patoqnomonik simptomu yoxdur. Bu bir atipik respirator virus infeksiyasıdır. Bu baxımdan xəstəlik tam şəkildə evdə də müalicə oluna bilər.

Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla feysbuk hesabındakı paylaşımında qeyd edib.

Professor bildirib ki, yuxarı tənəffüs yollarının məlum soyuqdəymə əlamətlərini (boğaz qıcıqlanması, asqırma, öskürmə (quru və ya yaş), burun axması, burun-boğaz quruluğu, subfebril qızdırma və s.) hiss etdikdə qripdə olduğu kimi özünüzü ayrı otaqda təcrid edin, yataq rejiminə keçin, qətiyyən panikaya düşməyin: "Bu simptomlar qripdə (H1N1), adi bakterial və ya virus pnevmoniyasında, digər infeksiyalarda da baş verə bilər. Hər şeydə koronavirus axtarmayın və koronavirusu kabus kimi görməyin. Nəzərdə tutun ki, çox vaxt qrip, adenovirus, rinovirus mənşəli soyuqlama xəstəlikləri koronavirusdan daha ağır gedişə malik olur".

Adil Qeybulla aşağıdakı qaydalara riayət etməyin vacib olduğunu vurğulayıb:

1. Yatdığınız otağı gündəlik bir neçə dəfə yaxşıca havalandırın. Virus havadan keçmir, xəstə insanın danışarkən, öskürərkən, asqırarkən xaricə çıxan burun aerozolundan yaxındakı adama keçə bilir. Otaq havasını bir qədər nəm və sərin edin. Təmasdan qaçın, yanınıza kimisə buraxmayın, maska taxın.

2. Bol maye (ilıq su) için. Su bir tərəfdən burun-udlaqda hüceyrələrdən virusun replikasiya edərək yenicə xaricə çıxan virionları mədəyə aparır, orada turşu onları neytrallaşdırır, beləliklə, virusun miqdarını artmağa qoymur. Digər tərəfdən isə intoksikasiya zamanı bədəndə su sərfi artdığından homeostazın (daxili sabitlik) pozulmasının qarşısını alır.

3. Hərarətiniz qalxıbsa (38°C-yə qədər), dərhal endirməyə çalışmayın. Bu virusa qarşı orqanizmin reaksiyasıdır. Hərarət hüceyrə daxilində virusun replikasiyasını dayandırır. Hərarət qalxmaqda davam edərsə, yaxud dözmək mümkün deyilsə, qeyri-steroid ağrıkəsicilərdən deyil, “Parasetamol”dan (500 mg gündə 2 dəfə) istifadə edin. “Sink” (Sinkored 15 mg, gündə 2 həb (1 həbdən 2 dəfə) yemək vaxtı) qəbul edin. Elmi nəticələrə görə, sink virusların replikasiyasına əngəl törədir. Bol vitaminlər (tablet və ya ampul şəklində vitamin C 200 mg-a qədər, Vit B6, E) qəbul edin.

4. Yağda qızardılmış yeməkləri azaldın, kərə yağı daha məsləhətdir.

5. Meyvə-tərəvəzə üstünlük verin.

Rejimə ciddi əməl etsəniz xəstəliyiniz tədricən keçəcək. Əgər davamlı quru öskürək, tənginəfəslik, döş qəfəsinə basqı, tənəffüsün nəzərə çarpan çətinləşməsi müşahidə olunarsa, qaynar xəttə zəng vurun, həkim çağırın.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm