Qadınlarda tüklənmənin səbəbləri və müalicəsi
Bizi izləyin

Sağlamlıq

Qadınlarda tüklənmənin səbəbləri və müalicəsi

Qadınların həssas nöqtələrindən biri arzuolunmaz tüklərdir. Xüsusilə də, yaz-yay fəslində bu, daha çox problem yaradır. Dodaq üstü, çənə altı, döş qəfəsi və ya göbək ətrafında yaranan tüklənmə hormon pozulmasının əlamətidir. Buna “hirsutizm” deyilir.

Qadın xəstəlikləri və doğum mütəxəssisi türkiyəli həkim Sənai Aksoy qadınlarda tüklənmə problemi haqqında ətrafalı məlumat verib.

Qadınlar tüklərdən xilas olmaq üçün epilyasiya, mum üsulu və təraş etmə üsullarından istifadə edirlər. Ancaq tüklərin həddindən çox olması “hirsutizm”, yəni hormon pozğunluğundan qaynaqlanır. Xüsusilə, dodaqüstü, çənə sümüyü, döş qəfəsinin üstündə və göbək ətrafında, qasıq ilə göbək arasındakı orta xətdə, kürəkdə tüklərin çox olması tüklənmənin əlamətidir. Bu halda tükləri təmizləmək olmaz.

Başqa bir məqamı da qeyd edək. Bəzən hormonal pozğunluq olmadıqda da, bəhs edilən bölgələrdə incə və ya qalın, tünd tüklərə rast gəlmək mümkündür. Müvafiq testlər aparıldıqdan sonra tüklənmənin səbəbi müəyyən olunur. Hər hansı bir anormallıq müəyyən olunmadığı təqdirdə epilyasiya tətbiq etməklə problemi həll etmək olar. Ancaq tüklər estetik baxımdan pis görünürsə, problem yaradırsa və kişi bədənindəki kimi qalındırsa, bu, adətən, hormonal pozğunluqla bağlıdır. Odur ki, mütləq həkimə müraciət edilməli, xüsusilə də, yeniyetməlik və gənclik dövründə olan qızlara tüklənmənin səbəbi izah olunmalı, onlar maarifləndirilməlidir. Tüklənmə ilə vaxtında başlanan mübarizə nəticənin yaxşı olmasında həlledicidir.

Qıl nədir və necə yaranır?

Qıl genetik olaraq ötürülür və qıl kökü sayəsində yaranır. Ayaq dabanı və ovuc içi istisna olmaqla, bədənin hər yerində qıl kökləri var. Bəzi qıl kökləri gözlə görünməyəcək incəlikdə, bəziləri isə aktiv və qalın qıl istehsal edir. Tüklənmə səbəbi cinsiyyət, irq, yaş, hormonal amillərə görə dəyişir və hər orqanizmdə özünü müxtəlif cür göstərir.

Qıl köklərini hormonlar qidalandırır və nəticədə davamlı olaraq tük çıxır. qıllar tökülənə və ya kəsilənə qədər həmin bölgədə qalır.

Qıllar qalınlığına və uzanma sürətinə görə müxtəlifdir. Onların uzunluğu və qalınlığı olduqları bölgədən asılı olaraq, dəyişir. Məsələn, saçlar daha sürətli, əllərdəki tüklər isə ləng uzanır. Hormonlar tük köklərinin eyni anda qıl istehsal etməsinə imkan vermir.

Tük köklərinin işləməsini təmin edən hormonlara “androgen” deyilir. Bunlar kişilik hormonları kimi tanınır. Androgen hormonlar qadınlarda aşağı səviyyədə olur. Onlar ən çox yumurtalıqlar və böyrəküstü vəzində istehsal edilir və buradan qana ötürülürlər.

Tüklənmənin səbəbləri

Bəzi dərman preparatların uzun müddət ərzində qəbulu tüklənməyə səbəb olur. Qadınlarda bəzi bədxassəli xəstəliklərin müalicəsində kişi hormonlarından istifadə olunur. Bundan əlavə, hidrokortizon, kortizol, interferon, streptometsin, hamiləlik əleyhinə olan preparatların və s. dərmanların qəbulu qadında tüklənməyə səbəb ola bilər. Adətən, qadın bu dərmanların qəbulunu dayandırdıqda tüklənmə dayanır.

Androgen hormonlarının ifrazı artanda qana daha çox hormon köçürülür və beləliklə, qıl köklərinə də daha çox hormon çatır. Hormonların miqdarının artması qadınlarda tüklərin çoxlamasına səbəb olur. Tüklənmənin dərəcəsi hormonların istehsalına görə dəyişir. Ancaq istirahət dövründə olan tük köklərinin qıcıqlanması ilə tüklər tünd rəngdə və qalın çıxmağa başlayır. Bu səbəbdən də tüklənmə və hormonal pozğunluq aşkar edildiyi zaman onlardan xilas olmaq əvəzinə, ilk növbədə problemi həll etmək, müalicə almaq məsləhət görülür. Bundan başqa, tüklənmə zamanı dəridə yağ istehsalının artması ilə əlaqədar sızanaqlar da müşahidə olunur.

Qadınlarda tüklənməyə səbəb olan ən mühüm amillərdən biri polikistik yumurtalıq sindromudur. Bir növ yumurtlama pozğunluğu olan polikistik yumurtalıq sindromu menstruasiya dövründə kişilik hormonlarının çox istehsal edilməsinə və nəticədə tüklənmənin yaranmasına səbəb olur.

Daha nadir rast gəlinən və hormon istehsalının artmasını təmin edən səbəblərdən biri böyrəküstü vəzində çox zaman irsi olan xəstəliklərdir. Bundan başqa, qalxanabənzər vəzin bəzi xəstəlikləri, hipofiz vəzi xəstəlikləri və ya kütlələr də qadında tüklənmə probleminə yol aça bilər.

Klimaks dövründə qadın hormonların istehsalı azalır, kişi hormonların istehsalı isə əksinə, çoxalır. Məhz bu səbəbdən yaşlı qadınların üzündə "bığ" və "saqqal" əmələ gəlir.

Türklənmənin diaqnostikası və müalicəsi

Qadınlarda rast gəlinən tüklənmə çox ciddi sağlamlıq problemidir. Təəssüf ki, bir çox qadınlar bu problemi kosmetoloqların köməyi ilə həll etməyə çalışır. Lakin qadında hormonal pozulma olduqda, ən müasir epilyasiya üsulu uzunmüddətli effekt verməyəcək. Əksinə, vaxt keçdikcə tüklənmə daha da artacaq və bundan əlavə qadında müxtəlif və daha ağır pozulmalar inkişaf edəcək.

Beləliklə, qadında həddən artıq tüklənmə inkişaf edirsə, endokrinoloqa müraciət etmək lazımdır. Endokrinoloq qadına lazım olan hormonal analizlər təyin edəcək.

İlk növbədə isə, testlər aparılır. Tüklənmədən əziyyət çəkən insanların hormon səviyyəsi testlə müəyyən edilir. Problemin yumurtalıq, böyrəküstü vəzin ən çox rast gəlinən problemləri ilə bağlı olub-olmadığı müəyyən edilir.

Hormon səviyyəsinin normal olmasına baxmayaraq, baş verən tüklənməni aradan qaldırmağa yönəlik müxtəlif dərmanlar və ya tük təmizləyici üsullardan istifadə edilir. Hormonal disbalans aşkar olunduqda, qadına, bunun səbəbindən asılı olaraq, lazım olan müalicə təyin olunur. Müalicə düzgün təyin olunubsa, tüklənmə dayanacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm