Evlərə gedib əhalinin təzyiqini və nəbzini yoxlayırlar
Bizi izləyin

Səhiyyə

Evlərə gedib əhalinin təzyiqini və nəbzini yoxlayırlar

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair tədqiqatın sahə işlərinə start verilib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, avqustun 24-dən başlayan sorğu hazırda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən Bakı, Sumqayıt şəhərləri və Xızı rayonu ərazisində keçirilir. Ümumilikdə isə Səhiyyə Nazirliyinin razılığı və ÜST-nin dəstəyi ilə aparılan sorğuda iştirak etmək üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı seçilib. Qeyd edək ki, sorğuların keçirilməsində ölkənin bütün şəhər və rayonlarının icra hakimiyyəti orqanları və rayon mərkəzi xəstəxanaları, poliklinikaları xüsusi dəstək göstərir.

Bu gündən başlayaraq, 10 qrupdan ibarət (hər qrupda 1 həkim və 1 tibb bacısı) intervüyerlər komandası Bakı, Sumqayıt və Xızı əhalisinə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edərək, onlar arasında QİX-in risk amillərini öyrənir. Sorğu zamanı iştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunur. Daha sonra respondentdən biokimyəvi nümunələrin analizi, qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürülür. Bütün analizlər ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılır. Gündəlik olaraq sorğu-sual mərhələsində əldə olunan 60 intervüdən ibarət məlumatlar dərhal planşetlər vasitəsi ilə elektron bazaya yüklənilir və onlayn rejimində sorğunun müşahidəçiləri tərəfindən nəzarətdə saxlanılır.

Xatırladaq ki, STEPS-2017 sorğusunun aparılması ilə bağlı İSİM-də hazırlıq təlimləri təşkil olunmuşdu. ÜST-nin xüsusi dəvət olunmuş ekspertləri tərəfindən aparılan təlimlər zamanı sorğunu həyata keçirəcək müsahibəçilərə STEPS-in 3 mərhələli şəkildə həyata keçirilmə qaydaları, ev təsərrüfatlarının və respondentlərin seçilməsi, STEPS sorğu alətləri haqqında məlumat verildi.

Cari ilin oktyabrın ortalarınadək keçiriləcək STEPS-2017 sorğusu əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması üçün mühim addım olacaq. İndiyədək bu sorğu ÜST tərəfindən ümumilikdə 104 ölkədə həyata keçirilib. Azərbaycanda isə QİX üzrə ilk araşdırma 2011-cı ildə Dünya Bankının maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL), Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı ilə “Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırma” adı altında keçirilib.

2017-ci ildən etibarən isə ölkəmizdə Səhiyyə Nazirliyinin 07.03.2016-cı il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın həyata keçirilməsi barədə əmri əsasında müntəzəm olaraq aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm