• USD 1,7000 0,00% EUR 2,0061 +0,73%
    • GBP 2,2185 +0,22% RUB 0,0231 0,00%

Pesax bayramı Qubada təntənəli şəkildə qeyd olunur - FOTO

  • Sosial
  • 13 Aprel 2017 16:36
  • 798 Baxış
Pesax bayramı Qubada təntənəli şəkildə qeyd olunur

Aprelin 13-də Qubada yəhudilərin azadlıq və bahar mənasını verən Pesax bayramı təntənəli şəkildə qeyd olunub.

“İslam Həmrəyliyi İli”nə və Pesaxa həsr olunmuş bayram tədbiri Qubadakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilib.

Bayrama qatılanlar rayonda yaşayan dağ yəhudilərinin və başqa azsaylı xalqların adət-ənənələri, folkloru, milli yeməkləri ilə tanış olmaq imkanı qazanıblar.

Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisinin yaşadığını diqqətə çatdırıb. Rayonda 60-a yaxın məscid, yəhudilərə məxsus iki sinaqoq və dini icma fəaliyyət göstərir. Bildirilib ki, burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudilərinin müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri artıq ənənəyə çevrilib.

Milli Məclisin deputatları Vahid Əhmədov və Yevda Abramov çıxışlarında yəhudi və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin tarixi köklərə söykəndiyini qeyd ediblər.

Azərbaycan dünyanın nadir müsəlman ölkəsidir ki, burada yəhudilərin milli və dini bayramları yerli camaatla birlikdə təntənəli şəkildə qeyd olunur. Müxtəlif dini inanclara məxsus insanların yaşadığı ölkəmizdə heç vaxt dini zəmində münaqişə yaşanmayıb. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr vermiş bu ənənə bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Pesaxın yəhudilərin ən mühüm bayramlarından biri olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan hökuməti milli azlıqlara və dini icmalara böyük diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər şərait yaradılıb.

Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli məktəbdə təhsil alan azərbaycanlı və yəhudi uşaqların birlikdə ifası bayram tədbirinə əlavə rəng qatıb. Məktəblilər yəhudi nəğmələrini, eləcə də dünya şöhrətli Müslüm Maqomayevin “Azərbaycan” mahnısını böyük məharətlə ifa ediblər.

Bədii hissə tanınmış ifaçıların konsert proqramı ilə davam etdirilib.

Bayram tədbirinə qatılan yerli və xarici qonaqlara Pesax bayramı və dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, dağ yəhudilərinin burada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.

Builki Pesax bayramı Qırmızı qəsəbədə aprelin 10-dan başlayaraq qeyd olunur və 8 gün davam edir. Təntənəli şəkildə keçirilən bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Həmçinin dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər. Tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar.

Pesax bayramı aprelin 17-dək davam edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR