Sosial
Hər gün ölümü dadan sakinlər - BOZDAĞDAN REPORTAJ/FOTO
Bakıətrafı ərazilərdə yaşayan bir çox insan təki qalacaq yeri olsun deyə harada gəldi, necə gəldi bir ev tikməyə üstünlük verirlər. Təki başımı soxmağa damım olsun, üstümə yağış yağmasın, gün düşməsin sonrası Allah Kərimdir. Hətta bu yanaşma ilə vulkana meydan oxuyan vətəndaşlarımız da var. Az qalırlar lap elə vulkanın üstündə mənzil tiksinlər. Qəpik-qəpik pul yığasan, sonra da gedib vulkana qonşu olasan, belə yanaşmamı olar? Harada olmasa da Azərbaycanda bu qafada olan insanlar var. Elə odur ki, yer tapmayıblar ev tikməyə, gedib çıxıblar Bozdağ vulkanının ətəyinə. Nəticəsi isə çox acınacaqlıdır və artıq onlar yox, vulkan onlara meydan oxuyur. Bu səbəbə görə də orada özünə isti yuva quran sakinlərin bir çoxunun mənzili soyuqlaşmağa başlayıb. Orada yaşaya bilmirlər çünki, evləri qəzalı vəziyyətdədir və söküləcəyi ilə bağlı xəbərlər var.
Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ vulkanının şimal, yəni Xırdalan-Müşfiq istiqamətinə gedən yola baxan hisssəsində çoxsaylı yaşayış massivlərinin olduğu ərazilərdə vulkanın çöküntüləri üzərində tikilmiş evlərdə çatlar əmələ gəlib. Evlərin yarısı hətta yaşamaq üçün yararsız hala düşüb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O qeyd edib ki, vulka təxminən 10 il əvvəl püskürüb. Onun sözlərinə görə, Bozdağ vulkanının ətrafının yaşayış üçün çox təhlükəli olması və yaşayış salınacağı təqdirdə burada təhlükələrin ola biləcəyi əhaliyə hələ 10 il əvvəl bildirilmişdi.
Biz də Publika.az olaraq sözügedən əraziyə - Hökməli qəsəbəsindəki Bozdağ vulkanına üz tutduq ki, vəziyyətlə yerində tanış olaq.
Əvvəlcə yolumuzu adıçəkilən qəsəbənin mərkəzindən saldıq. Geniş bir ərazinin ortasında ayrı-ayrı şəxslərə məxsus daşlar da tökülmüşdü. Görünən o idi ki, insanların bu qədər şikayət edib, qorxu ilə yaşadığı ərazidə özünə ev tikməyə hazırlaşanlar da az deyil. Bunun iki səbəbi ola bilər, ya onların bu ərazinin yaşayış üçün təhlükəli olduğundan xəbərləri yoxdur, ya da ki, imkansızlıq onları belə bir ərazidə yaşamağa məcbur qoyub. Çöllük əraziyə yaxınlıqda nə bir market, nə bir tibb müəssisəsi, nə də bir aptek var. Bir dayanacaq var, onun da harada olduğunu ancaq yerli sakinlər bilir.
Bir az da irəliləyib sözügedən təhlükəli yaşayış massivinə çatdıq. Xeyli yaşayış evləri olsa da, bəzilərində üzümüzə qapını açan olmadı. İnsanlar mənzillərinin hər an uçacağından ehtiyat etdiyi üçün evlərin qoyub çıxıb gediblər. Ərazidə bir nəfər belə gözə dəymir.
Nəhayət, xeyli gəzdikdən sonra yerli sakinlərdən biri, Svetlana Aşımova bizi gözləyirmiş kimi qarşımıza çıxdı. Sən demə, ərazidəki vəziyyət ən çox onun evinə ziyan vurub: “Bura mənim oğlumun evidir. 6 il əvvəl torpaq almışıq yavaş-yavaş ev tikmişik. İmkanımız nəyə çatıb ona görə təmir etmişik. Amma neçə ildir bax, belə qorxu içində yaşayırıq ki, bu gün sabah ev başımıza uçacaq. Uşaqlar evdə tək qala bilmir. Gecə rahat yata bilmirik. Gecələr hərdən elə uğultu səsləri gəlir ki, adam yerindən dik atılır. Qalmışıq belə. Vaxtında bizə desəydilər biz burda niyə ev tikək? Niyə bu qədər xərc çəkək?”
Evdəki çat 1 il bundan qabaq yaranıb.
Svetlana Aşımova deyir ki, divardakı çatlar əvvəl bu qədər iri deyildi: “Bir neçə dəfə zəlzələ olanda ev elə bil üstümüzə aşacaqdı. Heç kim heç nə demir. Ürəyimiz əsə-əsə qalırıq bu daxmanın içində. İmkanımız da yoxdur, bu evdən başqa qalacaq yerimiz də”.
Bozdağ Hökməli vulkanına lap yaxın yerləşən evlərdə isə vəziyyət daha acınacaqlıdır. Çatlar evin çöl divarlarından belə görünürdü. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vulkanın digər tərəfinə keçmək olmur. Bir az irəlidə isə nəinki yaşamaq, hətta yerimək belə təhlükəlidir. Hələ bunun yağıntılı havalarda yaratdığı problemləri demirik. Mənzillərin çatlarından külək elə vıyıldıyır ki, evdə oturmaq olmur. Torpaq o qədər yumuşaqdır ki, ayaq qoyanda sanki batırsan. Sakinlər deyir ki, gecəmiz-gündüzümüz yoxdur: “Millət işə-gücə gedib yatandan-yatana evinə gəlir, biz də gecə yatmağa təhlükəsiz yer axtarırırıq”.
Vulkana yaxın ərazidə yaşayan evin sahibi Gülpəri Səmədova deyir ki, hamı gəlir çəkir gedir, amma heç kim bizə kömək etmək istəmir: “3 il əvvəl burada torpaq alanda nə torpaq sahibi, nə də bələdiyyə nümayəndələri mənə dedi ki, burada vulkan var, yaşayış üçün təhlükəli ərazidir. Evi tikdiyimiz il zəlzələ oldu pilləkənlər ortadan çatladı. Mətbəx tikəcəydik divar uçdu. Sonra yenidən pilləkən tikdirmişəm. Bu artıq 3-cü pilləkəndir ki, çatlayıb yararsız hala düşüb. Bütün günü qorxudan uşaqları evə buraxmırıq ki, birdən ev uçar. Hamı deyir təhlükəlidi, yaşamaq olmaz. Heç kim heç nəyə cavabdeh deyil. Biz bilmirdik bizə desəydilər burada ev tikməzdik. Kasıb adamlarıq, məgər dəliyik ki, bu qədər xərc tökək, sonra da ürəyimiz ağzımızda yaşayaq?".
Ümumilikdə ərazidə çox az adam yaşayır. Evlərinin qapısına kilid vurub canını götürüb qaçanlar bir yana, burada hər an təhlükəni gözləyən sakinlərin aqibətlərinin necə olacağı isə cavabsız olaraq qalıb.
Könül Cəfərli,
Foto: Elnur Muxtar
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış seçim riski böyükdür
-
Pul10 Noyabr 23:12
"Bitcoin"in qiyməti 3-cü dəfə TARİXİ MAKSİMUMA ÇATDI
-
Nəqliyyat10 Noyabr 22:48
Sabahdan 11 yolda məhdudiyyət tətbiq ediləcək - SİYAHI
-
Magazin110 Noyabr 22:36
Lalə Məmmədovadan cəsarətli pozalar - FOTO
-
Dünya10 Noyabr 21:30
5,9 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Sağlamlıq10 Noyabr 20:30
Bu qidalar depressiya riskini AZALDIR
-
Magazin210 Noyabr 20:12
Sevil Vəliyevadan ŞOK QADAĞA: "Mahnılarımı avtomobildə səsləndirməyin" - FOTO
-
Elm və təhsil10 Noyabr 20:00
Müəllim qəbulda əsəbiləşdiyi üçün ölüb? - AÇIQLAMA