Torpağında şəhid qanı axan kənddən REPORTAJ
Bizi izləyin

Sosial

Torpağında şəhid qanı axan kənddən REPORTAJ

Türkiyənin “Anadolu” agentliyi ermənilərin təxribat törədərək atəşə tutduğu Tovuzun Ağdam kəndindən reportaj hazırlayıb, düşmənin artilleriya silahları ilə dağıtdığı evlərin görüntülərini çəkib. Agentlik əməkdaşları atəş altında olan kənddə sakinlərin yaşayış tərzi ilə tanış olublar. Atəş nəticəsində həyatını itirən 76 yaşlı mülki sakin Əziz Əzizovun yaxınları ilə söhbət ediblər.

Publika.az reportajı təqdim edir:

Azərbaycanlılar ermənilərin hədəf aldığı sərhəd kəndlərini tərk etmirlər.

İyulun 12-də Azərbaycanın Ermənistanla Tovuz sərhəddində bir sıra strateji yüksəklikləri ələ keçirmək üçün təxribat törədən ermənilər hərbi qüvvələrlə yanaşı mülki şəxsləri də hədəfə alıblar.

Tovuz rayonunun sərhəd kəndlərini ağır artilleriya və iriçaplı silahlarla atəşə tutan ermənilər evləri yaşamaq üçün yararsız hala salıblar və dağıdıblar.

Sərhəd ərazilərdə yaşayan mülki sakinlər hər an atəş altında olmaqlarına, evlərinin dağıdılmasına, insanların öldürülməsinə baxmayaraq, doğma evlərini tərk etmirlar, əksinə yaşamağa davam edirlər.

Evlərinin hədəf alınması Əzizovlar ailəsini heç nədən qorxutmur.

Ermənistan ordusunun təxribatlarının hədəfi olan, lakin buna baxmayaraq, evlərini tərk etməyi əsla düşünməyən ailələrdən biri də sərhədə ən yaxın məsafədə yerləşən Ağdam kəndində məskunlaşan Əzizovlar ailəsidir.

Turanə Əliyeva və övladları İzzət Əzizov, Pərvanə Əzizova gündəlik həyatlarını güllə, top və mərmi səsləri altında keçirirlər.

Kiçik çaplı silahlardan açılan güllə səsinin gündəlik bir hadisə olduğunu deyən Əzizovlar, ağır artilleriyadan atılan mərmilərin də onları qorxutmadığını bildirirlər.

Ailə deyir ki, 14 iyulda kəndin erməni təxrIbatçıları tərəfindən hədəfə alınması nəticəsində əmiləri 76 yaşlı Əziz Əzizov düşmən gülləsinə tuş gəlib. Əziz Əzizovu evinə düşən top mərmisinin qəlpələrinin bədəninin müxtəlif nahiyələrinə dəyməsi nəticəsində həyata qaytarmaq mümkün olmayıb.

Ailə əmilərini itirməsindən kədərlənsə də kəndi tərk etmədiklərindən qürurla bəhs edirlər.

"Heç bir yerə getmirik, mən burda anadan olmuşam, burda da öləcəm"

Əzizovlar güllələr altında necə yaşadıqlarını danışıblar.

Turanə Əliyeva heç vaxt ermənilərdən qorxmadıqlarını deyir.

Meyvə - tərəvəz yetişdirdiklərini və heyvandarlıqla məşğul olduqlarını bildirən T.Əliyeva, "Atəş səslərini siz də eşidirsiniz. Biz öz evimizdəyik və heç yerə getmirik. Mən burada anadan olmuşam, burada öləcəyəm", -deyə qeyd edib.

İzzət Əzizov da ermənilərin atəşkəsi demək olar ki, hər gün pozduğunu bildirib: “Buna baxmayaraq,gündəlik həyatımızı davam etdiririk. Buna öyrəşmişik. Son təxribatda əmim rəhmətə getdi. Ancaq yenə də evimizi tərk etmədik. Kənd həyatını davam etdiririk".

Pərvanə Əzizova deyir ki, bu torpaqlarda şəhid qanı var: “Buna görə də torpaqlarımızı, evimizi tərk edə bilmərik”.

Əzizovlar ailəsinin qohumları və qonşusu Bəsti Məsimova Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatla bağlı Türkiyənin dəstəyinin onlar üçün son dərəcə qürurverici olduğunu bildirib. O, heç vaxt kəndlərini tərk edib getməyəcəklərini deyir.

Tovuzda həyat əvvəlki kimi davam edir.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstəriblər. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin daha 10 zabit və əsgərimiz şəhid olub.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm