Qonşunun quyuya atdığı "daşı" çıxara bilməyən İcra Hakimiyyəti: Xəzər rayonunda ayrı-seçkilik - VİDEO
Bizi izləyin

Sosial

Qonşunun quyuya atdığı "daşı" çıxara bilməyən İcra Hakimiyyəti: Xəzər rayonunda ayrı-seçkilik - VİDEO

Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi 12 ünvanında məskunlaşan Tağıyeva Ayşən Zahid qızı yaşadığı ərazidə kanalizasiya sisteminin olmamasından şikayətçidir. Həmçinin vətəndaşa alternativ variant kimi çirkab su anbarının qazılmasına icazə verilmir.

Bu barədə Publika.az-a Ayşən Tağıyeva şikayət ərizəsi ünvanlayıb.

Xəzər Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazı olan A. Tağıyeva deyir ki, bir ildir nə anasının, nə də özünün şikayətimə baxılır.

“Qaldığımız ərazidə kanalizasiya sistemi yoxdur. Hər kəsin ya öz həyətində, ya da həyət qapısının girişində su anbarı qazılıb və çirkab sular ora axıdılır. Bizim həyətimizdə şərait olmadığı üçün qapının girişində quyu qazmaq məcburiyyətindəyəm. Lakin buna icazə vermirlər. Dəfələrlə müraciət etməyimə baxmayaraq, nə gəlib baxan, nə də araşdıran var”, - o qeyd edib.

Şikayətçinin anası Dilşən Əliyeva ötən ilin noyabr ayında problemlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun qəbulunda olub. Məsələ ilə tanış olan icra başçısı Şüvələn kənd icra nümayəndəsi Mirzə Rauf Axundzadəyə problemin həllində köməklik göstərilməsini tapşırıb. Amma...

Çoxsaylı müraciətdən sonra 27.12.2023-cü ildə Xəzər Rayon İcra Hakimiyyətindən vətəndaşa cavab məktubu gəlib. Məktubda deyilir:

“Nəzərinizə çatdırırıq ki, şikayət ərizənizdə qeyd olunan əraziyə Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Baxış zamanı qonşularla aparılan söhbətdən narazılıq olduğu ortaya çıxıb və bu səbəbdən ümumi istifadədə olan yolda çirkab su anbarının qazılmasına icazənin verilməsi mümkün deyil”.

Məktubdan aydın olur ki, İcra Hakimiyyəti həmin ünvanda yaşayan vətəndaşlara çirkab suları axıtmaq üçün yalnız həyətdə quyu qazmağa icazə verir. Şikayətçi A. Tağıyeva isə qonşuluqdakı 3 evin çirkab su anbarının məhz küçədə olduğunu bildirir. Belə bir sual ortaya çıxır: həmin sakinlərin quyuları ümumi istifadədə olan yolda qazılmayıb ya Xəzər RİH-nin nümayəndələri onları görməzdən gəlirlər?

Şikayətçinin sözlərinə görə, məsələ qonşusunun quyunun qazılmasına icazə verməməsindən qaynaqlanır. Ayşən Tağıyeva iddia edir ki, narazı qonşunun Şüvəlan kənd icra nümayəndəsi Mirzə Rauf Axundzadə ilə yaxın dostluq münasibəti olduğu üçün heç kim onlara söz deyə bilmir.

Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulov A. Tağıyevaya bu sözləri deyib: “Get, qapında quyu qaz. Sənə bir söz deyən, etiraz edən yoxdur. Məsələni qonşunuzla özünüz həll edin”.

Rəsul Rəsulovla əlaqə saxlayıb məsələnin detalları ilə maraqlandıq. Zəngimizə kobud şəkildə olsa da, cavab verdi. R. Rəsulov əvvəl bildirdi ki, “vətəndaşa bununla bağlı icazə kağızı verilib”. Daha sonra isə öz dediyini özü dandı. “Ora ümumi küçə olduğuna görə bizim rəsmi icazə kağızı verməyə ixtiyarımız yoxdur”, deyib kobud şəkildə dəstəyi asdı.

Məsələ ilə bağlı Xəzər Rayonu İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanovla da əlaqə saxladıq. G. Qurbanov əvvəl bildirdi ki, vətəndaş bu məsələ ilə bağlı Xəzər Rayon Sukanal İdarəsinə müraciət etməlidir. Ardınca isə Ayşən Tağıyevanın icra başçısının qəbuluna yazılmalı olduğunu, bundan sonra məsələnin araşdırılacağını söylədi.

Vətəndaşın Xəzər Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna yazıldığını, lakin başçının köməkçisi Xəlifə İbrahimovun onu hətta polislə hədələyərək qəbula izacə vermədiyini Gülbala Qurbanovun nəzərinə çatdırdıq. Lakin qurum rəsmisi bizi sona kimi dinləməyib dəstəyi asdı.

Görünür, Xəzər Rayon İcra Hakimiyyətinin heç bir rəsmi nümayəndəsi birbaşa onlarla əlaqəli olan problemin həllində maraqlı deyil və bununla bağlı şikayət dinləmək istəmirlər. Ümid edirik ki, aidiyyəti qurum vətəndaşın bu sadə problemini yenidən araşdıraraq, həlli üçün nələrsə edəcək.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm