Azərbaycanda unun bahalaşmasının səbəbi: Bu konfliktin gərgin mərhələyə daxil olması...
Bizi izləyin

Sosial

Azərbaycanda unun bahalaşmasının səbəbi: Bu konfliktin gərgin mərhələyə daxil olması...

Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

İqtisadçı ekspert Rəşad Həsənov Publika.az-a bildirib ki, hələ ki bazarda böyük qiymət artımından söhbət getmir. Onun sözlərinə görə, təxminən 5% ətrafında bahalaşma mövcuddur.

“Bazarda idxal prosesinə təsir edən amillərin yaranması qiymətlərin müəyyən həddə azalıb-artmasına səbəb ola bilir. Köhnə taxılın artıq başa çatması və yeni mövsum dövrünə keçid buna nümunədir. Bu səbəbdən təchizat zəncirində qısamüddətli fasilələr yaranır. Ölkəmizdə istehsal olunan taxıl daxili tələbatın ödənilməsində rol oynamadığı üçün un əsasən Rusiyadan idxal olunur. Rusiya-Ukrayna konfliktinin daha gərgin məcraya daxil olması da bu prosesə təsir edir. Buna görə də qiymət artımı yerli istehsalda deyil, idxal olunan məhsullarda müşahidə olunur”.

İqtisadçı növbəti aylarda taxılın qiymətində ucuzlaşma ola biləcəyini proqnozlaşdırıb:

“Müvafiq konfliktin gərgin mərhələyə daxil olması gələcəklə bağlı bu istiqamətdə müəyyən narahatlıqlar yaradır və bazar da buna reaksiya verir. Lakin beynəlxalq təşkilatların, eyni zamanda BMT-nin kənd təsərrüfatı və ərzaq təşkilatlarının proqnozları bu istiqamətdə pozitivdir. Hətta bəzi qurumlar taxılın 2024-cü il orta gözlənilən qiymətini yenidən nəzərdən keçirərək daha da aşağı endiriblər”.

Bəs bu artım ölkədə çörəyin qiymətinə necə təsir göstərəcək?

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, unun qiymətindəki artımın çörəyin qiymətinə təsir edəcəyi hələ ki gözlənilmir: “Un çörəyin maya dəyərinin yalnız 40-50 faizini təşkil edir. Çörək zavodunun amortizasiya, işçilərə ödəniş, daşıma və digər kommunal xərcləri var. Bu səbəbdən unun qiymətindəki artım dərhal çörəyin də bahalaşmasına əsas vermir”.

Ekspertin sözlərinə görə, əslində, fevral-mart aylarındakı kəskin ucuzlaşmadan sonra hazırki artım ilə qiymətlər stabilləşib:

“Fevral-mart aylarında bir ton unun qiyməti London birjasında 153 funt, Rusiyada isə FOB qiyməti 202 dollar təşkil edirdi. Lakin bu qısamüddətli ucuzlaşmadan sonra qiymətlərdə yenidən stabilləşmə başladı və 190 funt oldu. Bir neçə ay əvvəlki ucuzlaşma ilə müqayisədə hazırki bahalaşma yüksək dərəcədə hiss olunur. Lakin mövcud qiymətlər 2023-cü ildə müşahidə olunan rəqəmlərə uyğundur. Hətta 2022-ci ilin mart ayının sonlarında Rusiyada bir ton unun FOB qiyməti 404 dollar idi”.

X. Kərimli hesab edir ki, unun qiyməti yenidən qalxarsa, çörək bahalaşa bilər:

“Unun ucuzlaşanda çörəyin qiymətində heç bir dəyişiklik olmadı. Yəni çörəyin hazırki dəyəri unun 27-28 manatlıq qiymətlərinə uyğun formalaşıb. Lakin yenidən unun qiyməti qalxarsa, çörəyin qiymətində də artım müşahidə edə bilərik. İndiki dövrdə isə bahalaşma proqnozlaşdırmıram”.

Roza Şəfiyeva

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm