Tanınmış aktyor: “Azərbaycanlı aktrisalarla erotik səhnəyə çəkilmərəm” - MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Tanınmış aktyor: “Azərbaycanlı aktrisalarla erotik səhnəyə çəkilmərəm” - MÜSAHİBƏ

Müsahibimiz Bakı Bələdiyyət Teatrının tanınmış aktyoru, “Yaddaş”, “Xoca” kimi filmlərin baş rol ifaçılarından biri İlqar Musayevdir. Onunla söhbətimizdə bir müddət öncə keçirdiyi qəzadan da danışmışıq, filmlərdə çəkilən erotik epizodlardan da. Deyir ki...Yaxşısı budur özünüz oxuyun...

-İlqar bəy, bir müddət öncə avtomobil qəzası keçirmişdiniz. Hazırda səhhətiniz necədir?

-Qəzada qolum və ayağım əzilmişdi. İndi özümü yaxşı hiss edirəm. Şükür Allaha, yaxşıyam.

-Yaradıcılıqda nə var, nə yox?

-Rusiyada “Yasmin” serialına çəkilib qayıdandan sonra burda Heydər Əliyev haqqında filmdə kiçik bir rolu-leytenantı oynadım. Sonra Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin həyatıyla bağlı çəkilən filmdə neftçi obrazını canlandırdım. İndi də “Xəzər” televiziyasında yayımlanan “Həyat sən nə qəribəsən” serialında Rəşad roluna çəkilirəm.

-Səhv etmirəmsə, ötən mövsüm bu serialda yox idiniz.

-Hə, yeni mövsümdən dəvət olunmuşam. Serial sentyabrın 8-dən efirdə olacaq.

-Son günlər erotik fotosessiyalar, tamaşalar gündəmdədir. Bəs siz hansı azərbaycanlı aktrisa ilə erotik səhnədə rol almaq istərdiniz?

-Çəkilməzdim heç.

-Niyə?

-Əgər sevgidən bəhs etsə, filmin içərisində elə bir səhnə olsa, razılıq verərdim.

-Yəqin ki ictimai qınağa görə

-Həm ona görə, həm də bir neçə vətənpərvər filmlərə çəkildim. Doğrusu ictimai qınaq mənimçün o qədər də əhəmiyyətli deyil.

-Vətənpərvərlik filmlərinə çəkilməsəydiniz, razı olardınız?

-Elə şeyi efirdə göstərməyin tərəfdarı deyiləm. İstər-istəməz biz azərbaycanlıyıq da. Rus filmlərində yüngülvari öpüşmə səhnələrim olub. Öpüşmək səhnələrinə çəkilərəm. amma sırf erotikaya yox.

-Elə bizdə də camat erotika ona deyir də. “Qız yükü “ serİalında oğlan qızın yanında uzanmışdı, hamı yazdı ki, erotik serialdır...

-(gülür)Bizimçün erotika anlayışı budursa, çəkilmək olar.

-Bakı Bələdiyyə Teatrında sizdən və bir neçə aktrisadan başqa əksər aktyorların fəxri adı var...

-Teatımızda əməkdar artistlər, hətta xalq artisti var. Deyilənə görə adımız göndərilib, amma hələ ki bir şey yoxdur. Sözün açığı fəxri ad almaq istərdim.

-İcazənizlə burda sizə opponentlik edim. 34 yaşınız var. Sizcə tez deyil fəxri ad üçün?

-Rasim Balayev 31 yaşında xalq artisti olub.

-Düşünürsünüz ki, Rasim Balayev səviyyədə aktyorsunuz?

-Rasim Balayev mənim idealımdır, böyük sənətkardır.

-Amma o 31 yaşında artıq Rasim Balayev idi.

-Dediyim kimi Rasim müəllim böyük sənətkardır. Amma deyim ki, indi bir filmin kastinqinə 820 nəfər qatılır. Şəxsi qənaətimə görə indi rəqabət daha böyükdür. Sizə bir misal çəkim. Azər Zeynalov Rəşid Behudov səviyyəsində oxuyur və onun kimi də ürəyi var. Amma Rəşid Behudov kimi parlamır. Çünki rəqabət mühiti yox idi o vaxt.

-Seriallarda demək olar ki, yoxsunuz. Niyə ancaq filmlərə çəkilirsiniz?

-Bizdə seriallar çox keyfiyyətsiz çəkilir. Adətən ora filmlərdə bir iş görə bilməyən adamlar razılıq verirlər. Serialda elə tərəf müqabili ilə oynamaqdansa, çəkilmirəm. Son vaxtlar bir seriala çəkildim. Çox böyük əsəb keçirdim.

-Niyə?

-Tərəf müqabilim elə bil ki, teatrda səhnədə danışırdı. Mən buna söz deyirəm. Elə cavab verir k, çaşıram, gülməyim tutur.

-Böyük əksəriyyət sizi ANS-in, daha doğrusu Vahid Mustafayevin filmlərindən tanıyır. Düşünmürsünüzmü ki, eyni rejissorla işləmək aktyoru qəlibə salır, monotonlaşdırır?

-ANS-lə müqaviləm 3 il əvvəl bitib və indi onların filmlərinə çəkilmirəm. ANS-lə 5 film işləmişəm və onlardan yalnız ikisinin- “Xoca” və “Yaddaş”ın rejissoru Vahid müəllim olub.

-Amma etiraf edin ki, tanınmağınızda həmin filmlərin böyük rolu olub.

-Yox, ilk filmim Rövşən Almuradlının “Cavad Xan”ı olub.

-Amma ordakı rolunuz o qədər də böyük və yaddaqalan deyildi.

-Sadəcə “Cavad Xan” ekrana çox gec çıxdı. Ondan sonra Elxan Cəfərovla, Mehriban Ələkbərzadə ilə işləmişəm.

-Rejissorlardan söz düşmüşkən, hansı rejissorla işləmək daha asandır sizə?

-Ciddiyyət daha gözəldir. Doğrusu seçim etmək çətindir. Çünki hər birinin öz üslubu var. Amma Elxan Cəfərov super rejissordur. Vahid Mustafayev də çox punktual adamdır.

-Neçə filmə çəkilmisiniz?

-Təxminən 20 filmə çəkilmişəm. Rusiyada, Türkiyədə bir neçə tanınmış rejissorla iş birliyimiz olub.

-Yenidən qayıdaq erotik epizodlarla bağlı məqama. Bəzi filmlərdə öpüş səhnələriniz var. Bu filmlər ekrana çıxandan sonra ailədə problem yaranmır ki?

-Bu, mənim işimdir. Əvvəldən bilirdilər ki mənim işim budur. Ümumiyətlə belə şeyləri danışmağı xoşlamıram. Təbii ki az da olsa, qısqanclıq, narahatçlıq olur.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm