Tabloid.az
Ssenari müsabiqəsinin münsifi: "Ört-basdır etmək olmur..." - MÜSAHİBƏ
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin qaliblərinin adları yaxın zamanda açıqlanmalıdır.
Müsabiqənin məqsədi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini artırmaqdır.
Müsabiqə sərbəst mövzuda keçirilirdi, qalib film layihələrinin maliyyələşdirilməsi üçün hər filmə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.
Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir.
Kino ictimaiyyətinin maraqla izlədiyi müsabiqə bir neçə mərhələdən keçdi: layihələrin qəbulu, bədii seçim, pitçinq.
Qalib film layihələri müəyyənləşəndən sonra isə maliyyələşmə, istehsal və təhvil məsələlərinə keçid alınacaq.
Müsabiqə ilə bağlı Teleqraf.com-un suallarını münsiflər heyətində yer alan əməkdar mədəniyyət işçisi, film direktoru, icraçı prodüser Nadir Əliyev cavablandırıb.
Qeyd: Nadir Əliyev Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktorluğu üzrə təhsil alıb. Uzun müddətdir “Azərbaycanfilm” kinostudiyasında çalışır.
Xarici film istehsalçılarının “Qafqaz rəsmləri” (Almaniya), “Yaz ərəfəsi” (Polşa, Fransa) filminin direktoru, “Dronqo” (Rusiya) serialının icraçı prodüseri, “Sovet dövrünün parkı” ( Yuli Qusman, Rusiya) filminin icraçı prodüseri kimi çalışıb.
Nadir Əliyev həmçinin Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi “Qorxma, mən səninləyəm”, “Yaramaz”, “Təhminə”, “Evlənmək istəyirəm”, “Adanı özünlə apara bilməzsən”, “Bəyin oğurlanması”, “Axınla aşağı”, “Dolu” filmlərinin də icraçı prodüseri olub.
- Nadir müəllim, müsabiqəni necə qiymətləndirirsiniz. Gözləntiləriniz nələr idi və nələr baş verdi?
- Öncə məni bu müsabiqənin münsiflər heyətinə dəvət etdiklərinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Dəvət mənim üçün çox gözlənilməz oldu.
Ssenari müsabiqəsinin şəffaf təşkili, ictimaiyyətə açıq olması çox gözəl təşəbbüsdür. Bu, məni hədsiz sevindirir. Bildiyiniz kimi bundan öncə “Böyük qayıdış” qısametrajlı film layihələri müsabiqəsi də belə formatda keçirilmişdi. Düşünürəm ki, bu formatın ənənəyə çevrilməsi təqdirəlayiq hal olar.
Bizim yaradıcı insanlar bu cür müsabiqələrdə davamlı iştirak etməli və qalibiyyətlə yanaşı məğlubiyyəti normal qarşılamalıdırlar. Bəzən müsabiqə mərhələlərini adlaya bilməyən namizədlər arasında inciklik yaranır, hansısa formada işə kölgə salınır, dedi-qodular başlayır. Amma bu müsabiqədə dedi-qoduya yer yoxdur. Bir daha deyirəm ki, müsabiqə çox şəffaf keçirildi.
Bu müsabiqədən çıxış edərək bildirim ki, bəzən elə ssenarilər oxuyurdum ki, onun tamaşaçıya ünvanlandığından şübhə duyurdum. Sanki tamaşaçı yaddan çıxıb. Yaradıcı insan yalnız özünü düşünməməlidir. Filmdə qoyduğu problemi, anlatmaq istədiyini tamaşaçıya çatdırmağı bacarmalıdır.
- Siz ssenariləri hansı aspektdən analiz edirdiz?
- Ssenariləri müsabiqəyə təqdim edən gənc və yaşlı nəslin nümayəndələri dövlətdən maliyyə dəstəyi almaq niyyətində idilər. Çünki film istehsalı yetərincə maliyyə tələb edir. Bu niyyətdə olan müəllifin işində sənət olmalıdır. Mən ssenariləri sənət baxımından analiz edirdim.
- Müsabiqənin pitçinq mərhələsində Mehriban Ələkbərzadə münsiflər heyətinin bəyənatını səsləndirdi. Qeyd olunurdu ki, ssenarilərin əksəriyyəti mövzu baxımından çox dayaz və bəsit olmaqla bərabər, həm də bədii cəhətdən zəif işlənmişdi. Hansı janrlı və mövzulu ssenarilər üstünlük təşkil edirdi?
- Bəli, biz belə bir bəyanatla çıxış etdik. Göndərilən ssenarilərin mövzusu və janrı müxtəlif idi. Kriminal, sosial-dram və sair. Kriminal, detektiv janrlı ssenarilər üstünlük təşkil edirdi.
Ssenarilərin əksəriyyəti zəif idi. Bu müsabiqə Azərbaycanda ssenari bazarının vəziyyətini açıq-aydın göstərdi.
Müsabiqədə ssenarinin inkişaf etdirilməsi, filmin çəkilişinə hazırlıq və çəkiliş prosesi, həmçinin post-prodakşn və distribusiya mərhələlərinə dəstək nəzərdə tutulur.
Münsiflər heyətinin gəldiyi nəticə budur ki, qalib olacaq layihələrdə ssenarilərin əksəriyyətinin inkişaf etdirilməsinə ehtiyac var.
Hər halda biz təkliflərimizi və qərarımızı nazirliyə təqdim etmişik. Güman edirəm, nəticə yaxın zamanlarda elan ediləcək. Müsabiqəyə qatılan prodüser mərkəzləri, müəlliflər nəticələrə obyektiv yanaşmalıdırlar. Ssenari təqdim edən hər kəs özünü qalib görmək istəyir və bu, istək normaldır. Amma kimsə yaxşı, kimsə zəif, kimsə mövzunu belə anlamadan yazıb göndərib.
Nəticə isə odur ki, müsabiqədə qalib ssenari yaxşı ssenaridir. Yaxşını isə ört-basdır etmək olmur.
- Nadir müəllim, münsiflər heyətinin digər üzvlərinin çıxışlarında birbaşa olmasa da dolayı yolla qeyd olunurdu ki, Qarabağla bağlı yaxşı ssenarilər görmək istəyi var idi. Artıq qələbə filmi çəkilməlidir. Televiziyalar bu siyasəti qısametrajlı, sənədli filmlərlə həyata keçirir. Amma kino uduzur. Niyə?
-Bu məsələyə udub-uduzmaq prizmasından yanaşmağın əleyhinəyəm. Mən düşünürəm ki, belə hallarda dünya kinosuna nəzər yetirməli, o təcrübədən yararlanmaq lazımdır. II Dünya Müharibəsi illərlə davam etdi. O müharibənin kinoda ən yaxşı nümunələri çox illər sonra ərsəyə gəldi. Hələ də Rusiyada bu mövzuya müraciət olunur.
Müharibənin müxtəlif aspektləri gənc nəsil tərəfindən işıqlandırılır. Sovet kinosunun müharibə haqqında filmlərinə baxsanız görəcəksiniz ki, xüsusən gözəl filmlərin müəllifləri müharibədə iştirak etmiş insanlardır. Müharibədən gəlib sənətə yiyələnib sonra film çəkiblər. Belə nümunələr çoxdur.
Bizdə müharibədə iştirak edən rejissor varmı? Bu sözüm qınaq kimi başa düşülməsin. İndi bu barədə film çəkmək istəyən müəlliflər müharibəni televiziya ekranlarından görüblər. Kinodan kino çəkmək olmur. Məncə, vaxt keçməlidir.
- Qarabağa qovuşmağı həsrətlə gözlədiyimiz illərdə bu mövzunun yetərincə yaxşı, kamil və dünya miqyasına çıxa biləcək dərəcədə işlənilməməsini müzakirə edirdik. Qalib deyildik və bunu kinoda göstərəndə pafos hiss olunurdu. Müəlliflər səmimi olmayacaqlarından çəkinirdilər. Bununla yanaşı bizim o potensialı olan orta nəsil rejissorlarımız var. Elxan Cəfərov “Dolu”, “Yarımçıq xatirələr” kimi filmlərə imza atıb. Yeri gəlmişkən, “Dolu”nun icraçı prodüseri də siz olmusunuz. Top-tüfəng olmadan müharibənin başqa bir üzünü bir qadının yaşantıları ilə göstərən Elçin Musaoğlunun “Nabat” filmi...
- Qələbədən film çəkmək məsuliyyətli işdir. Müharibədə 3000-dən çox balamız dünyasını dəyişib. Müharibənin içində olan insanlara elə bir film təqdim etməlisən ki, ən incə detallarına qədər mükəmməl olsun.
O filmləri zaman özü yetişdirəcək. İnanın.
- Amma bu zaman kəsiyində ermənilər üç film ərsəyə gətirib, dünya festivallarına da yollayıblar.
- Bu məsələdə tələsməyə ehtiyac yoxdur. Qələbəmizdən, zəfərimizdən hələ çox filmlər çəkiləcək, kitablar yazılacaq.
- Dövlət mühüm əhəmiyyətli mövzulara xüsusi üstünlük verməlidir. Dövlət kursunu əks etdirən belə bir filmin ərsəyə gəlməsi üçün hansı addımlar atılmalı, necə bir mexanizm qurulmalıdır? Bəlkə Bədii Şura yaradılsın?
- İndi gənc rejissorlar Bədii Şuralara keçmiş bir model kimi yanaşırlar. Bədii Şura tanınmış, peşəkar sənət adamlarından ibarət olmalıdır.
Sovetlər sistemində bir kinostudiya var idi, bütün filmləri dövlət çəkirdi. Kinostudiyanın Bədii Şurası mövcud idi, kimsə ssenarisini təqdim edirdi, süzgəcdən keçirdi. Daha sonra kinostudiya onu yuxarı dairələrə təqdim edirdi. Kinostudiya da bütün mövzuları, müxtəlif janrları əhatə edən filmlərin çəkilişini həyata keçirirdi. Sovet dövləti məcbur edirdi ki, o filmlər çəkilsin.
Bu illər ərzində Qarabağ haqqında da çox filmlər çəkildi. “Qala”, “Dolu”, “Ağ atlı oğlan” və digərləri. Məsələyə çox ciddi yanaşmaq lazımdır. Televiziyalar bu məsələni hərtərəfli işıqlandırmağa çalışırlar. Kinoda tələsməyək. Zaman o filmi ortaya çıxaracaq. Yenə deyirəm, xüsusən Qarabağla əlaqədar mövzulara daha həssas yanaşmalıyıq.
P.S.Nəzərə alaq ki, müasir dövrdə kino informasiya müharibəsinin aparıcı qoluna çevrilib. Bu baxımdan milli kinematoqrafiyamızın xarici və yerli auditoriya üçün nəzərdə tutulan, Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq filmlərin çəkilməsi önəmli məsələdir. Sözügedən müsabiqədə münsiflərin də ssenarilər arasında Qarabağdakı qələbəmizlə bağlı süjetlər axtarması anlaşılandır. Deməli, bu mövzuda – qalib Azərbaycan əsgərinin portretini əks etdirən ssenari müsabiqəsini elan etməyin vaxtı çatıb.
-
Sosial14:48
Balasanyan və dəstəsi belə diz çökdürülüb: Natiqin döyüşdüyü kilsədən EKSKLÜZİV GÖRÜNTÜLƏR
-
MDB14:15
Rusiya daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
-
Nida Xəbər 13:40
Ermənilər Bakıya gəlir? - Kostanyan açıqladı
-
Sosial13:05
Sabah yağış yağacaq - PROQNOZ
-
Dünya12:30
Türkiyənin ən xoşbəxt 10 şəhəri: İlk "üçlük" sürpriz oldu
-
Nida Xəbər 11:28
Bakıda COP29-un açılış mərasimi başladı - Canlı
-
ABŞ10:45
Trampın oğlu Zelenskini ələ saldı: 38 gününüz qaldı
-
Sosial10:05
Xəzərdə görünən nəhəng heyvanın ilk görüntüsü - Video