Tabloid.az
Mətanət: “Ailəmi sənətimə qarışdırmamışam” – FOTOLAR + VİDEO
“Gözlə məni, gələcəyəm”, “İlk məhəbbət”, “Unudacağam”, “İtirdim səni”, “Səni sevə-sevə ayrılacağam”, “Ayrılıq”, “Bilməyəcəksən”…
“Ulduzlu axşam”da həmsöhbətim Azərbaycanın tanınmış sənətçilərinin ifasında səslənən bu məşhur hitlərin bəstəkarı Mətanət Dadaşovadır. Həyatında yaşadığı faciəyə görə bir neçə il yaradıcılığına fasilə verən xanım bəstəkar ilk dəfə olaraq bizə danışdı.
- Yaradıcılığınızdakı bir neçə illik fasiləyə nə vaxt son qoyacaqsınız? Axı sevənləriniz sizdən yeni mahnılar gözləyir…
- Bir ara yaradıcılığıma fasilə verdim, amma artıq yenidən iş başındayam, mahnılar yazıram, yaxın zamanlarda bir çox müğənnilərin ifasında o bəstələri özünüz də eşidəcəksiniz.
- Bir çox hitlərin müəllifisiniz, tanınmış xalq artistlərimizin ifasında o mahnıları təqdim etmisiniz. Qarşıda hansı müğənnilərlə işbirliyi gözlənilir?
- Azərbaycanın 65-dən artıq məşhur və eləcə də gənc sənətçiləri mahnılarımı ifa edib. Bir çox bəstəkarlarımız var ki, o müğənnilərə heç yaxın düşə bilmirlər. Amma həmin sənətkarlar mənim mahnılarımı ifa ediblər. Xalq artisti Flora Kərimova, Nazpəri Dostəliyeva başda olmaqla, Bəsti Sevdiyeva, Nazənin, Rəqsanə, Xatirə İslam, Rəşad İlyasov, Arzu Mələk, Mənzurə Musayeva, Elxan Şirinov və digər müğənnilərlə çalışmışam.
- Bildiyim qədəri ilə, Musiqili Komediya Teatrı üçün də silsilə musiqilər yazmısınız…
- Bəli, mən yalnız mahnı bəstəkarı deyiləm, digər janrlarda musiqilərim var. Adını çəkdiyiniz teatrın tamaşaları üçün musiqilər yazmışam. Mərhum sənətkarımız Hacıbaba Bağırov və Xanım Qafarova üçün silsilə mahnıların da müəllifiyəm.
- Gözəl musiqi həm də gözəl şeirdən doğulur. Mətn seçimində karprizli bəstəkarsınızmı?
- Olduqca. Müəllifin nüfuzundan, məşhurluğundan asılı olmayaraq, əgər şeir məni tutmadısa, ona mahnı bəstələmərəm. Baxıram ki, seçdiyim şeirlər notuma tam oturur. Sevdiyim şeirlərin üzərinə o notları köçürürəm.
- Sizdə mahnı necə doğulur, bunun üçün təbin gəlməsi mütləqdirmi?
- Əlbəttə, istədiyin zaman oturub musiqi bəstələyə bilməzsən. Bu, ilahinin insana bəxş etdiyi bir məqamın məhsuludur. Bir də görürsən, oturduğun yerdə o musiqi beynindən qulaqlarına süzülür. Mən notla işləyən bəstəkaram, bunu bilirsiniz. Mütləq o mahnı doğulan anda nota köçürməliyəm, yoxsa itib-batar, yadımdan çıxar.
- Bəlkə, həmin vaxt əlinizin altında not yoxdur? O an həmin mahının taleyi necə olur?
- Yaddan çıxır və təəssüflənirəm ki, heyif o mahnılardan.
- Əlinizdən çıxan çoxmu belə mahnı olub?
- Həddən artıq. Hətta təqdim etdiyim mahnılardan ikiqat artığını nota köçürməmişəm.
- Elə bir sənətkar varmı ki, həmişə arzulamısınız ki, kaş mahnılarımdan birini oxuyaydı?
- Əlbəttə, var. Bilirsiniz ki, dünya şöhrətli sənətkar Lütfiyar İmanov da musiqilərimi ifa edib. O cür sənətkarlarla işləmək asan məsələ deyil e. Eyni zamanda böyük fəxarətdir. Bu gün gözəl sənətkarımız, SSRİ xalq artisti Zeynəb xanım Xanlarova ilə bir mahnı işləmək arzusundayam. Xalq artisti İlhamə Quliyeva ilə işbirliyimizin olmasını istəyirəm.
- Heç sifarişlə mahnı yazmısınız?
- Uşaqlar üçün belə mahnılar bəstələmişəm. Uşaqları çox sevdiyimdən bu mahnıları da həvəslə bəstələmişəm.
- Bu gün bəstəkarlarımız mahnılarını bəlli bir məbləğə satırlar. Hətta bunu çəkinmədən efirdə, mətbuatda açıq şəkildə bəyan edirlər. Yəqin ki, sizin də mahnılarınızın müəyyən bir qiyməti var?
- Əvvəlla, onu deyim ki, mənim mahnılarımın ümumiyyətlə, qiyməti yoxdur. Mən öz əsərlərimə o qədər ürək qoyuram ki, o mahnılarım mənə çox əzizdir. Buna görə də mənim üçün onların dəyəri çox böyükdür. Heç vaxt müğənniyə qiymət oxumuram. Müğənnilər içərisində də imkansızı, imkanlısı var. Buna görə də mən hamısına güzəşt etmişəm. Özləri yaxşı bilib ki, o mahnıların qiyməti nə qədərdir. Amma pulsuz verdiyim mahnıların sayı pulla verdiyim mahnılardan daha çoxdur. Elə buna görə də məni mahnılarını pulsuz verən bəstəkar kimi tanıyırlar. O müğənnilər bu yazını oxuyub, yəqin ki, mənə olan borclarını xatırlayacaqlar. O pulları indi gətirib mənə versələr, elə özüm öz yaradıcılığıma xərcləyərəm və bəlkə də, milyoner olaram. Həmin mahnılar o müğənniləri məşhur edib. Bu gün müğənnilər bəstəkarların evinə pulla gedir, hansı mahnını seçirsə, pulunu verib oxuyur.
- Bəs siz niyə belə eləmirsiniz?
- Mənim də təbiətim belədir. Fikirləşirəm ki, bu müğənni mənim evimə gəlib-gedirsə, çörək kəsmişiksə, ona pul oxumaq ayıb olar. Amma çox vaxt bu xasiyyətimdən istifadə edirlər. Bunu da heç sevmirəm.
- Ən çox hansı janrda musiqilər dinləməyi sevirsiniz?
- Mənim üçün janrın önəmi yoxdur. Bəzən deyirlər ki, filan bəstəkar filan janrda musiqilər bəstələyir. Əslində, yaxşı bəstəkar bütün janrları bilməlidir, onun üçün janr məhdudiyyəti olmamalıdır. Açıq etiraf edək ki, bugünkü dinləyici klassik musiqilərə o qədər də maraq göstərmir. Çox vaxt məni, yaxud da digər klassik janrda əsərlər bəstələyən həmkarlarımı yalnız mahnı bəstəkarı kimi tanıyırlar. Əslində, mən etüdlər, prelüdiyalar, sonatalar, kiçik konsertlər yazıram. Günü sabah simfonik orkestrlə konsertimi təşkil edim, kim dinləcəyək? Demirəm e, bizdə musiqini başa düşən yoxdur, sadəcə, mahnı janrını daha çox xoşlayırlar. Klassik mahnıya ayda bir dəfə qulaq asarlar, yaxud da simfonik orkestrin iştirakı ilə təşkil olunan konsertə ayda bir dəfə gedərlər. Amma mahnını hər gün dinlədikcə dinləyirlər.
- Bəstəkarlıq özünüzü ifadə etdiyiniz yeganə peşədir, yoxsa?
- Bəli, mən bu işlə məşğul olanda özümü xoşbəxt hiss edə bilirəm. Bəziləri bu sənətə hobbi kimi baxır, həkimdir, mühəndisdir, ya başqa peşə sahibidir, amma mahnı yazır. Məndə isə belə deyil. Bəstəkarlıq mənim həyat tərzimdir.
- Hər bir mahnı müəyyən bir əhvali-ruhiyyənin məhsuludur. O mahnıları hansı müğənniyə verəcəyinizi necə müəyyənləşdirirsiniz?
- Mən Nazpəri xanım üçün ona yaxın mahnı bəstələmişəm. Elə mahnılar doğulan anda anlamışam ki, bu musiqilər Nazpəri xanımın səsi üçün yaranıb. Onun yanıqlı, qeyri-adi səs tembri var axı. Məsələn “Unuda bilmədim”i, “İtirdim səni” mahnılarını necə gözəl ifa edir. Bəsti Sevdiyeva “Daha məndə dözüm yox” mahnımı necə gözəl ifa edir. Flora Kərimovanın ifası dinləyiciyə zövq verir. Nazəninin oxuduğu “Ayrıldıq”, “Gözlə məni, gələcəyəm” çox məşhur mahnılardır. Təbii ki, narazı olduğum müğənnilər də olub. Nəyinsə xatirinə o mahnıları vermişəm, amma sonradan peşman olmuşam. Ürəyimdə düşünmüşəm ki, bəlkə də, filan müğənni bu mahnını oxusaydı, daha gözəl tutardı.
- Səbəblər deyəndə, yəqin ki, maddiyyatı nəzərdə tutursunuz?
- Bəli, bəzən maddiyyat da lazım olur.
- Mahnılarınız daha çox hansı ovqatınızda yaranır?
- Kədərli vaxtlarımda.
- Öz mahnılarınızı tez-tezmi dinləyirsiniz?
- Mən öz mahnılarımı, əslində, tez-tez dinləmirəm. Mənim üçün gözəl musiqiləri dinləmək böyük bir zövqdür. Gözəl mahnı olsun, fərqi yoxdur, onu kim ifa edir. Tofiq Quliyev, Emin Sabitoğlunun, müəllimim Şəfiqə Axundovanın mahnılarını dinləməkdən doymuram. Rəhmətlik Şəfiqə xanım hər zaman mənə dəyər verib, deyirdi ki, Mətanət mənim davamçımdır.
- Elə bir müğənni olubmu ki, mahnı istəyib, amma etiraz edə bilməmisiniz?
- Çox olub. Tanınmış və gənc müğənnilər arasında olub belələri. Mən anlamışam ki, o müğənnini ifasında həmin mahnı alınmayacaq. Xətrinə dəyməmək üçün başqa yollarla onu bu mahnıdan uzaqlaşdırmışam. Olub belə şeylər.
- Heç sənət aləmində həmkarlarınız tərəfindən qısqanclıqla qarşılaşmısınız?
- Bu günə qədər bir sənət yoldaşımla belə aramızda söz-söhbət, qalmaqal yaşanmayıb - nə üzdə, nə də arxada. Hamısına hörmətlə yanaşmışam və bunun da əvəzini görmüşəm.
- Bu gün dəb halını alıb – şou aləmdə hamı qalmaqal edir ki, gündəmdə qalsın. Buna münasibətiniz necədir?
- Qətiyyən xoşlamıram. Buna qalsa, bir həftənin içində bütün Azərbaycanda tanınmaq olar. Amma insan gərək özü-özünə hörmət qoysun. Mənə hər zaman ailəm və övladlarım barədə suallar veriblər. Ailəm heç vaxt xoşlamayıb ki, onların adı şou-biznesdə hallansın, çəkilişlərdə olsunlar. Ailəmi sənətimə qarışdırmamışam. Deyiblər ki, yaradıcılıq sənə məxsusdur, özün də bu barədə danış. Ailəmlə, qalmaqalla gündəmə gəlməyi sevmirəm. Mənə öz yaradıcılığım barədə suallar verəndə çox xoşuma gəlir.
- Sənət aləmində rəfiqəlik etdiyiniz həmkarlarınız, ya müğənnilər olubmu?
- Deyim ki, tam yaxınlıq etdiyim rəfiqələrim olub, hər gün gedib-gəlmişik, bu, yalan olar.
- Hər kəsin bulud kimi dolduğu məqamlar olur, paylaşmağı sevən adamsınız?
- Yox, yox, yalnız öz içimdə çəkmişəm dərdimi.
- Rənglərə bölsək, ömrünüzdə hansı rənglər üstünlük təşkil edib?
- Mən həmişə geyimimdə də qara rənglərə üstünlük vermişəm, amma gərək belə etməyəydim. Çünki o rənglər insanın taleyinə də təsirsiz ötüşmür. Ağ və qara rəngləri sevmişəm. Əlvan rənglərə önəm verməmişəm. Sevmişəm e, amma kənardan. Məsələn, qarderobumda axtarsanız, bir qırmızı paltar, ya aksessuar tapa bilməzsiniz. Elə əvvəllərdə də, indi də. Elə ömrümü də götürsəm, bir qara bəs etdi ki, bütün əlvan rəngləri məhv etsin.
- İnsanlarda hansı xüsusiyyətləri bəyənmirsiniz?
- Mən dəqiqliyi sevən adamam. Təyin olunmuş görüşə yarım saat qabaqdan gedirəm. Amma adam var ki, insanı saatlarla gözlədir, punktual deyil. Bu, məni çox qıcıqlandırır.
- Bəs ətrafda hər zaman sizi nə qıcıqlandırır?
- Mən sakit görünməyimə baxmayaraq hədsiz əsəbi adamam. Amma bu əsəbi içimə verirəm. İnsanların yalan danışması, riyakarlığı, üzə gülüb, arxada qeybət eləməsi məni qıcıqlandırır. Dünən mənim yanımda kiminsə qarasınca dedi-qodu edən adam səhəri gün onun üzünə elə gülür, sanki can bir qəlbdədir. O adamın yerinə mən xəcalət çəkirəm. İnsanların 99 faizi səmimi deyil.
- Belə olan halda, yaşamaq çətin olmur sizə?
- Əlbəttə, çətindir. Bəzi insanlar var ki, bunu boş buraxır, bəziləri də mənim kimi içinə salıb dərd edir. Deyirəm, kaş orada olmayaydım, o sözləri eşidib ürəyimi xəstə salmayaydım.
- Son vaxtlar hansı müğənnilər üçün mahnılar yazmısınız?
- Zöhrə Abdullayeva, Təyyar Bayramov, Nazənin, Arzu Mələk yeni mahnılarımı oxuyacaqlar. Yeni albom da gözlənilir. Çünki bir albomluq mahnılarım artıq hazırdır.
Cəvahir Səlimqızı
-
Banklar 18:40
AMB sədrinə yeni təyin olunan müavinlər kimlərdir? - DOSYE
-
Nida Xəbər 18:12
Həbsdə olan polkovnik-leytenantın cəzası 3 il ARTIRILDI
-
Sosial17:38
Prezidentin yüksək vəzifə verdiyi Məmmədyarov kimdir? - DOSYE
-
Rəsmi xronika17:07
İlham Əliyev daha bir sərəncam imzaladı
-
MDB16:22
Bu türk dövlətində 4 terror aktının qarşısı alındı
-
Sosial16:03
Ziya Hacılıya yüksək vəzifə verildi
-
Magazin115:16
Bu məşhurlar Elgizin qohumu imiş - VİDEO
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı