Tabloid.az
Azərbaycanlı müğənni: “Bizdəkilər geridəqalmışdırlar… ispan sevgilim olub” – FOTOLAR
Təxminən iki-üç il öncə o, model kimi Azərbaycanda yetərincə tanınırdı. Hətta bəzi müsabiqələrdə qalib gəlməyi də bacarmışdı. Amma hazırda bu peşədən uzaqlaşıb və müğənniliklə məşğuldur. Dediyinə görə, Azərbaycanda model kimi karyera qurmaq mümkün deyil.
Beləliklə, Publika.az-ın suallarını keçmiş model, indiki müğənni Ləman Əlizadə cavablandırır.
- Ləman xanım, sizi bir neçə il model kimi tanıdıq, hətta müəyyən uğurlarınız da oldu. Bəs niyə birdən-birə müğənniliyə başlamaq qərarına gəldiniz?
- Mən həmişə özüm üçün zümzümə etmişəm, oxumuşam. Hətta İspaniyada yaşayanda müəyyən tədbirlərdə müğənni kimi çıxışlarım olub. Anamın da səsi var. Düşünürəm ki, onun səsi mənə keçib. Bu, mənim arzum idi.
- Yəni, burada qazanc məqsədindən söhbət getmir?
- Yox, əsla. Arzuma görə müğənni oldum. Modellik bir pillədir, hobbi kimidir.
- Amma sizin hobbi dediyiniz modellik peşəsində elə insanlar var ki, dünyaca məşhurdurlar, hətta müğənilərdən də çox tanınırlar…
- Azərbaycanda modellik peşə deyil, hobbidir. Burada ona qiymət vermirlər. Amma İspaniyada bu, bir peşədir. Modelliyə 16 yaşımda İspaniyada başlamışam. “Miss Madrid”, “Miss Almeriya” kimi mükafatlar qazanmışam. Hətta həmin müsabiqələrin görüntüləri olan disklər də məndədir.
- Azərbaycanda bu peşəyə qiymət verilmirsə, İspaniyada uğurlar qazanmışdınızsa, niyə orada qalıb, karyeranızı davam etdirmədiniz?
- Biz ora ailəvi yaşamağa getmişdik və hər şey yaxşı idi. Sonradan iqtisadi böhran başladı və məcbur olub Azərbaycana qayıtdıq. İndi də İspaniyada böhrandır.
- Siz böhrana görə Azərbaycana gəldiniz, bəs oradakı modellər hara getdilər?
- Mən azərbaycanlıyam, onlar ispanlardır.
- İspaniyada sizdən başqa əcnəbi model yox idi?
-Bəli, təkcə mən idim və ölkəmi təmsil edirdim, bununla da qürur duyurdum. Biz Almeriya şəhərində yaşayırdıq.
- Sizinlə söhbətlərimizin birində demişdiniz ki, Azərbaycanda modellərə və modelliyə bir az başqa münasibət var. Yəqin, nəyi nəzərdə tutduğumu başa düşdünüz. Modellikdən uzaqlaşmağınızın səbəblərindən biri də bu ola bilərdimi?
- Neçə ildir düzgün yaşamışam deyə, mənə başqa təklif də olmayıb, pis də yanaşılmayıb. Çünki özümü elə aparmamışam ki, mənə nəsə təklif olunsun, deyilsin.
- Sizcə, niyə bizdə model peşəsinə yanaşma belədir? Model bir az tanınır, kiminsə sevgilisi olur və podiumdan uzaqlaşır. Ən yaxşı halda yerli podiumlarda nəyisə nümayiş etdirir, vəssalam.
- Bilmirəm, bəlkə, qızlar özlərini model kimi aparmırlar. Hərənin öz işi, öz həyatı var. Görünür, bu işə düzgün yanaşmırlar.
- Bəs siz niyə Azərbaycanda uğur qazana bilmədiniz?
- 2011-ci ildə “Azəri top model” müsabiqəsi keçirilirdi və hər gün “Lider” televiziyasından canlı yayımlanırdı. Həmin müsabiqənin qalibi olmuşam. Amma başqa tədbirlərdə də model kimi iştirakım olub. Artıq belə qərara gəldim ki, modellik fəaliyyətimə son qoyum. Çünki hər yerindən duran insan deyir ki, mən modeləm. Elələrini görəndə gülməyim gəlir. Onlar həm də biz peşəkar modellərin səviyyəsini aşağı salırlar.
- “Hər yerindən duran deyərkən” yaşı nəzərdə tutursunuz, yoxsa göstəriciləri?
- Yox, yaşın fərqi yoxdur. Gərək bədən ölçüləri model olmağa imkan versin.
- Model olmaq üçün hansı ölçülər zəruridir?
- Hər podiumun öz ölçüsü var. Boy minimum 172 santimetr olmalıdır.
- Sizin öz boyunuz nə qədərdir?
- 173.
- Bəs başqa göstəricilər?
- Bədən ölçüləri tam düzgün olmalıdır.
- Birinə görə 80 kilo düzgün çəkidir, başqasına görə 50. Yəni konkret göstəricilər necə olmalıdır?
- Model agentliyinə gələndə əvvəlcə boya və bədən ölçülərinə baxırlar. Amma Azərbaycanda elə şeylərə baxmadan götürürlər.
- Eyni sualı üçüncü dəfə verirəm. Boy minimum 173 olmalıdır. Bəs ölçülər?
- 90-60-90 ideal bədən quruluşudur. Amma ondan da artıq göstəricilər ola bilər.
- Sizin göstəriciləriniz necədir?
- Mənim ölçülərim 92-61-93-dür.
- Yəni, bu göstəricilər modellik üçün yararlıdır?
- Əlbəttə.
- Bəs müğənni kimi fəaliyyətiniz nədən ibarətdir?
- Məni yayda Türkiyəyə festivala dəvət etmişdilər. Gedib orada Azərbaycan, ispan, türk dillərində oxudum.
- İspan dilini bilirsiniz?
- Bəli, ana dilim kimi bilirəm.
- İndi də Türkiyədə bir mahnı yazdırırsınız…
- Hazırda bəstəkar Ümit Sayınla işləyirik. Həmçinin türk prodüserim də var - Sübhan Babur. Ora tez-tez gedib-gəlirəm. Çox şeyləri açıqlamaq istəmirəm. Özünüz hər şeyi görəcəksiniz.
- Modellikdən uzaqlaşandan sonra geyim tərziniz də dəyişibmi? Yoxsa geyim kompleksiniz yoxdur?
- Mənim heç vaxt kompleksim olmayıb.
- Məsələn, müğənnilər çimərlik geyimində fotosessiyalar etdirirlər. Sizin üçün necə, belə bir şey mümkündür?
- Mən heç vaxt çimərlik geyimi geyinməmişəm. İspaniyada da bikini geyinmirdim. Müsabiqələrdə olub. İspaniyada belə bir müsabiqədə iştirak etmişəm. Azərbaycanda isə elə geyimdə heç vaxt fotosessiya etdirmərəm.
- Səbəb?
- Çünki burada belə bir şey olmaz. Mentalitet başqadır, geridəqalmışdırlar, elə şeyləri başa düşmürlər. Modelsənsə, hər bir paltarı geyinməlisən.
- Əgər çox qapalı ölkədə yaşasaydınız, onda ümumiyyətlə, model olmazdınız ki…
- O barədə nəsə deyə bilmərəm. Elə modellər var ki, bədənini nümayiş etdirmək istəyirlər. Ona görə də bəzi paltarlar geyinirlər. Mənim məqsədim isə paltarı reklam etməkdir, özümü yox. Ona ehtiyac görmürəm.
- Yəni, modelin bədənini nümayiş etdirməsi doğru deyil.
- Əlbəttə, doğru deyil.
- Bəs niyə bədənlərini nümayiş etdirirlər?
- Onu mən deyə bilmərəm. Ona görə deyirəm ki, modelliyə düzgün yanaşmaq lazımdır.
- İndiyədək yüzlərlə sənət adamıyla söhbətlərim olub. Hamısı da bu tərzdə danışırlar. Qapalıyam, beləyəm, eləyəm… Amma müsahibədən sonra xəbər tutursan ki, “sevgilim yoxdur” deyən adam artıq altıncı sevgilisiylə bir yerdədir. Sizcə, bu, qeyri-səmimilikdir, yoxsa şəxsi həyatın gizlədilməsi?
- Mənimçün karyeram hər zaman önəmli olub. Hələlik, sevgi barədə düşünmürəm.
- İndiyə qədər də düşünməmisiniz?
- Heç kim deyə bilməz ki, mən Ləmanla sevgiliyəm, yaxud sevgili olmuşam.
- Azərbaycandan, yoxsa İspaniyadan?
- İspaniyada sevgilim olub. Amma biz ayrılmışıq. Bizi yollar və zaman ayırıb.
- Bir münasibəti məsafə və zaman ayıra bilirsə, deməli, o, sevgi deyilmiş.
- O həm də uşaqlıq sevgisi idi.
- Neçə yaşınız var idi?
- 16 yaşım var idi, oğlan ispan idi. Biz eyni müsabiqədə iştirak edirdik.
- Ümumiyyətlə, başqa millətlə ailə qurmağa necə baxırsınız?
- Əgər xarakterlər uyğun gəlirsə, pis baxmıram. Son zamanlar çoxlu evlilik təklifləri alıram, evimizə elçi gəlirlər. Amma ailəmə də deyirəm ki, mənimçün birincisi karyeramdır. Həm də gərək sevim ki, ailə qurum.
- Modellərin əksəriyyəti siqaret çəkirlər…
- Mən çəkmirəm, çəkənlərə də pis baxmıram.
- Bəs içki?
- İçmirəm.
- İdmanla məşğulsunuz?
- Bəli.
- Mütəmadi, yoxsa ara-sıra?
- Hərdən vaxt tapanda məşğul oluram. Güzgüdə baxıram, kökəlmişəmsə, idman edirəm.
- Hazırkı çəkinizi bilirsiniz?
- Axırıncı dəfə 56 kilo idi.
- Dediniz ki, elçi gəlirlər. Elçi gələnlər sənət adamlarıdır, ya biznes?
- Qohum da olub, qonşu da, kənar adam da. Hazır olmadığıma görə “yox” demişəm.
- Sizcə, evlilikdə yaş nə dərəcədə önəmlidir? Məsələn, 40 yaşlı insanla ailə qurardınız?
- (gülür) Yox, qırx yaşında olmaz. Maksimum 35 ola bilər. Mənə kiminsə pulu maraqlı deyil. Əgər ürəyim sevirsə və mən o insanla ailə qurmağa hazıramsa, ailə quraram.
- Kasıb biri olsa necə?
- Niyə də yox?
- Bu dedikləriniz oxucuya xoş gəlmək üçündür, yoxsa doğrudan da, belə düşünürsünüz?
- Mən neçə ildir düzgün yaşayıram və fikirlərimdə də çox səmimiyəm.
- Sənət aləmindəkilərin hamısı eyni çıxışı əzbərləyib danışırlar sanki. Ona görə özümə də maraqlıdır… Müğənni kimi özünüzün müəyyən publikanız var. Onlara vədiniz nədir?
- İnşallah, yaxşı yeniliklərim olacaq. Məni sevənlər sağ olsunlar, bəyənib məclislərinə çağırırlar.
- Deməli, toya gedirsiniz…
- Bəli.
- Neçəyə?
- Toylara yarım saatlıq gedirəm. 300 də ola bilər, 500 də. Diskoteka da oxuyuram, öz mahnılarımızı da.
İntiqam VALEHOĞLU
-
MDB11:14
İt də getdi, ip də getdi: Ukrayna ərazisinin üçdə birini itirəcək - NATO-ya buraxılmayacaq
-
Rəsmi xronika10:24
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
-
Dünya09:26
Orbanın Putinə zənginin sirri açıldı: Qərb Moskva ilə...
-
Nəqliyyat08:34
Bakıda səhər tıxacı
-
Hadisə07:55
Şirvan suvarma kanalı yarıldı: su kənd ərazisinə axır
-
MDB04:28
Ukrayna TƏHLÜKƏDƏ: Rusiya bu raketlə vuracaq
-
Magazin203:19
Məşhur aktyor vəfat etdi
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı