Aygün Natəvana uduzdu, Əsədovanın sponsor sevgilisi, xalq artistinin dərdi – HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Aygün Natəvana uduzdu, Əsədovanın sponsor sevgilisi, xalq artistinin dərdi – HƏFTƏBECƏR

Ötən həftə sizə söz vermişdim ki, yaxşı bir xəbərim olacaq. Əgər 14-cü “Həftəbecər”i axıra kimi oxusanız, biləcəksiniz. Başlayaq həftənin xəbərlərinə.

Müğənni Mətanət Əsədova...Yox, düz başlamadım. Sənətkar Mətanət Əsədova telekanalların birinə şəxsi həyatı barədə açıqlamalar verib. Telekanalın adını ona görə yazmıram ki, onlar əksər hallarda mətbuatın xəbərlərini istinadsız, dədələrinin malı kimi mənimsəyirlər. Deməli, sənətkar deyib ki, bədxərc kişiləri bəyənir. Ardınca əlavə edib ki, təklik çox pis şeydir, can yoldaşı istəyir.

Sitat:
“Dostum olsun, dərdimi, sevincimi bölüm. O insan çox təmizkar, səmimi, doğru danışan, bədxərc olmalıdır. Mən istədiyimi deməyim, özü baxışımdan başa düşsün. Həm sevgili, həm sponsor olsun. Onun qarşısına mənim kimi ideal qız çıxır, cibini açıb xərcləsin. Hər qadın diqqət, qayğı istəyir. Bir dəfə ailə qurdum, yarımadım, bu dəfə subaykən evli olacam. Həyatımda biri var, oturub söhbət etmişəm. İnsan qarşısındakından daxilən enerji almalıdır”.

Açıqlamada o qədər maraqlı məqam var ki, adam bilmir, hansından başlasın. Təmizkar, səmimi, doğru danışan, bədxərc… bu, ancaq robot ola bilər. Elə yaxşısı evliykən subay olmaqdır. Birdən ikinci dəfə də uğursuz alınar, gərək üçüncü dəfə oturub şərtlər fikirləşəsiniz. Məsələn, belə - lal olsun, qısqanmasın, heç bir qadağa qoymasın və sair...

Ötən həftənin ən yaddaqalan hadisələrindən biri “Günaydın” verilişi ilə bağlı oldu. Hər halda, inanmaq istəyirəm ki, bu, verilişin reytinqini artırmaq üçün qurulmuş ucuz şou deyildi. Aparıcı Vüsalə Kərimova əvvəlcə dedi ki, verilişdən ayrılıram, qərarım qətidir. Sonra əməkdar artist Mehriban Xanlarova onun yerinə gətirildi. Ardınca təzədən açıqlama verildi ki, Vüsalə Kərimova işinə qayıdıb. Şəxsən mənə hələ də məlum deyil ki, bu verilişin aparıcısı kimdir, Mehriban Xanlarova, yoxsa Vüsalə Kərimova?

Yeri gəlmişkən, yazının sonunda mən də iş yerimlə bağlı maraqlı açıqlama ilə çıxış edəcəyəm...

Aygün Kazımova ilə Brilliant Dadaşova buraları təzəcə abıra salmışdılar ki, indi də Amerikada keçiriləcək “Big Apple Music Awards 2015” mükafatlandırma mərasiminə dəvət olunublar. Bircə orada “konsert” verməkləri qalmışdı. Artıq hər iki xalq artistinin adı nominantlar sırasındadır. Bu arada qeyd etmək yerinə düşər ki, Brilliant Dadaşova ötən il həmin yarışmanın keçirildiyi ABŞ-ın Nyu-York ştatından da mükafatla dönmüşdü. Amma şübhəsiz ki, bu dəfə həmin mərasim Azərbaycan tamaşaçısı üçün daha maraqlıdır. Çünki eyni vaxtda iki məşhur sənətçimiz mükafatlandırma mərasiminə dəvət olunub...

Sənət adamları çox nadir hallarda təqdirəlayiq, nümunə göstəriləcək addımlar atırlar. Məsələn, müğənni Fədayə Laçın illər öncə onu atıb gedən atasını bağışlayıb. Hazırda serroz xəstəsi olan ata qızının himayəsindədir və artıq xəstəxanaya yerləşdirilib. Jurnalistlərdən biri Fədayə xanımdan soruşub ki, sizin atanız var ki? Çünki bir müddət öncə sənətçinin bacısı İlahə Fəda atası barədə danışmaq istəmədiyini əsəbi şəkildə bildirmişdi. Amma Fədayə Laçın belə düşünmür:

“Atam niyə yoxdur ki? Göydən düşmüşəm, yoxsa yerdən çıxmışam? Cavan, yaraşıqlı oğlan olub. Səhv edib, gedib xaricə, başqasıyla ailə qurub. Amma o, xaricdən gələndə həmişə bizi axtarıb. İlahə deyə bilər, amma mənim ürəyim yol verməz. İkinci ailəsindən bir qızı, bir oğlu var. O, həyat yoldaşından da ayrılıb. Qızı mənim kimi qeyrətlidir, atasının başının üstə durub, qulluq edir. Onun yanında olmayan etibarsız oğlundan isə danışmaq belə istəmirəm. Anam məni qınamır, hamı deyir, düz yoldasan. Ondan heç vaxt 38 il əvvəl bizi atıb getməsi ilə bağlı soruşmamışam. İndi mənim atama ürək-dirək verən vaxtımdır”.

Bu fikirlər doğma qardaşı, anası ağır şərtlər altında yataqxanada yaşayan, amma özünün, oğlunun sürdüyü maşınların ən ucuzu 50 min manat olan sənətçilər üçün örnəkdir. Yeri gəlmişkən, deyim ki, Fədayə Laçınla heç bir formada tanışlığım yoxdur...

Son zamanlar Elnarə Abdullayeva və Vüsalə Kərimova ilə qalmaqallarıyla yadda qalan Xatirə İslam isə deyib ki, harasa gedəndə həyat yoldaşı ilə bir-birlərindən icazə almırlar:

“Harasa gedəndə həyat yoldaşımdan icazə almıram. Fəxrəddin soruşanda deyirəm ki, bu gün toydayam. O da gecikəndə deyir, Xatirə, bu gün gec gələcəm. Bir-birimizdən icazə almasaq da, getdiyimiz yerlərdən xəbərimiz olur. Bir şeyi etiraf edim: üç gündür yoldaşımla küsülüyük, danışmırıq. Uşağı götürüb, ondan xəbərsiz getmişdik anamgilə. İki gündən sonra zəng etdim, amma gəlib bizi evə aparmadı ki, necə getmisən, elə də gəl. İndi xanımlar gəzmək, küçədə dolaşmaq istəyirlər. Evdar qadının evdə oturmasına normal baxıram. Otursun, uşağına baxsın, onun çöldə nə işi var? Mən müğənniyəm, sənət adamıyam, 15 ildir çöllərdəyəm, kişi kimi qadınam. Amma yenə də yoldaşımı hər şeydən xəbərdar edirəm”.

İndi məni başa salın görüm, icazə alırmı, almırmı? Mən heç nə anlaya bilmədim. Ümumiyyətlə, bunun tamaşaçıya nə dəxli var idi?..

Xalq artisti Məleykə Əsədova keçmişindən, çəkdiyi əziyyətlərdən danışıb. Aktrisa deyib ki, 16 yaşından, yəni atası dünyasını dəyişəndən ailənin bütün yükü onun çiynində olub:

“Atam dünyasını dəyişəndə 16 yaşım var idi. Özümdə güc topladım, gənc qız olsam da, ailənin bütün yükünü öz çiyinlərimə götürdüm. Universitet illərində hərə öz gəncliyini yaşayırdı, dərsdən çıxıb bulvara gəzməyə gedirdi. Mən isə dərsdən sonra rayona gedib toyda oxuyur, səhər tezdən, hava işıqlaşmamış şəhərə qayıdır və özümü dərsə çatdırırdım. Rayonda sabahadək qız toyları aparırdım. Heç kəs bilmədi ki, mən atasız, qardaşsızam. Lakin buna baxmayaraq, ən gözəl mənzildə kirayə qalır, ən gözəl libasları geyinirdim. Heç vaxt gəncliyimi yaşamadım: bulvara, kinoteatrlara getmədim”.

Təqdirəlayiq açıqlamadır. Çünki kimliyindən asılı olmayaraq, insan keçmişini danmasa, daha hörmətli olur...

Şou-biznes aləminin daha bir barışmaz cütlüyü - Natəvan Həbibi və Aygün Kazımova yenidən məhkəmədə üz-üzə gəliblər. Bakı Apellyasiya Məhkəməsi, Nəsimi Rayon Məhkəməsinin Natəvan Həbibinin xeyrinə çıxardığı qətnaməni qüvvədə saxlayıb, xalq artistinin iddiası qəbul edilməyib. Qeyd edim ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsində göstərilirdi ki, Aygün Kazımova Natəvan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməlidir...

Məcburən bu həftə də “Pişik” Güneldən yazmalı olacağam. Çünki ibrətamiz, nəsihətamiz, öyüd xarakterli fikirlər səsləndirib, cavanlara məsləhətlər verib. Günel deyib ki, ey cavanlar, sizə canım qurban, qoymayın siz bu muğamatımız xar olsun. Yox, bunu, deyəsən, Seyid Əzim Şirvani deyib. Günel isə deyib ki, ey cavanlar, müğənni xanımlarla evlənməkdən çəkinməyin. Qadının açıq-saçıq geyinməyi onun pis yolun yolçusu olmağına dəlalət eləmir. O qədər abırlı geyinənlər var ki, min hoqqadan çıxırlar:

“Əksər kişilərimiz var ki, müğənni ilə ailə qurmaqdan çəkinirlər. Çünki özlərini zəif görürlər. Özünə güvənən bəy müğənni ilə də, model ilə də ailə qurar”.

Hörmətli oxucular, sənətçinin bu məsləhətlərini, nəsihətlərini gündə üç dəfə, yeməkdən sonra mütləq oxuyun. Bir də heç kim əziyyət çəkib, sizə belə söhbətləri xırdalamayacaq...

Rəqqasə-müğənni Sevda Sanaliyevanın 31 yaşı tamam olur. Sənətçinin doğum günü hamiləliyinin son həftələrinə təsadüf edir. Bütün xalqımızın gözü aydın olsun.
Sanaliyeva həyat yoldaşının ona verdiyi hədiyyə barədə də danışıb: “Həyat yoldaşım mənə oğlumu hədiyyə etdi”...

Xalq artisti İlhamə Quliyeva Antalyadan yenicə qayıdıb. Sənətkar 2014-cü ilin yorğunluğunu Türkiyədə çıxarıb. İndi isə çox böyük layihə ilə məşğuldur:

“Böyük bir istirahət mərkəzi tikdirirəm. Orada mənim ofisim, səsyazma studiyam, restoranım olacaq. Ancaq mənə xidmət edəcək. Bu il xarici səfərlərim gözlənilir. Martın 28-də Heydər Əliyev Sarayında solo konsertim baş tutacaq. Böyük bir musiqiçi heyəti yığmışam. Türkiyədən işçilər dəvət etmişəm, maraqlı səhnə dekorasiyası düzəldəcəklər. Möhtəşəm bir konsert hazırlayıram”...

Xalq artisti Fatma Mahmudova – bir neçə tamaşasına, oynadığı seriallara baxdığım aktrisa. Haqqında olan bilgim bundan o yana deyil. Bir də bilirdim ki, istedadlı aktyor Tofiq Qarayevlə həyat yoldaşı olublar. Amma rəhmətlik Tofiq müəllimin içki düşkünü olmasına görə ayrılıblar. Efirdə deyib ki, həyat yoldaşının itkisi ona ağır zərbə olub. Təbii ki, ömrünün yarıdan çoxunu bir yerdə keçirdiyin insanı - həyat yoldaşını itirmək çox ağırdır. Əgər keçirmisənsə…

Amma mənim eşitdiyimə görə, Tofiq Qarayev ömrünün son illərini ağır şərtlər altında yaşayırdı və keçmiş həyat yoldaşıyla əlaqələri, demək olar ki, yox idi. Bəs bu itki Fatma xanıma hansı səbəbdən belə pis təsir edib? Bəlkə, zamanında etmədiklərinə görə?..

Şou-biznes elə bir aləmdir ki, burada artıq heç nə ilə adamı təəccübləndirmək olmaz. Dünənki düşmənlər bu gün müttəfiq olurlar, bu gün can bir qəlbdə dost olanlar sabah bir-biri haqqında inanılmaz ittihamlar irəli sürə bilərlər. Hətta 12 ildən sonra əri ilə barışan sənətçimiz də var imiş. Sevda Kazımova 2002-ci ildə ayrıldığı əriylə münasibətlərini yenidən birləşdirib. Bu münasibətlə də əri ona avtomobil bağışlayıb. Amma təkcə maşın yox, əvvəlcə evdən başlayıb. Sağ əli Mətanət Əsədovanın başına. Həm ər, həm sevgili, həm sponsor buna deyirlər...

Sonda sizə Azərbaycanın tanınmış müğənnilərinin toy qiymətlərini təqdim etmək istəyirəm. Atvxeber.az saytının sifarişçilərin dediklərinə əsasən yaydığı siyahıya baxanda az qalır adamın başı hərlənə. Amma ondan əvvəl deyim ki, bu, mənim Publika.az-da sonuncu yazımdır. Gələn həftə isə açıqlama verəcəm ki, rəhbərliklə danışdıq və mən yenidən işimə qayıtdım. “Günaydın”dan nəyimiz əskikdir ki?..

Bütun toy

Faiq Ağayev - 15 000
Abbas Bağırov - 14 000
Brilliant Dadaşova - 12 000
Ramal İsrafilov - 12 000
Nadir Qafarzadə - 10 000
Elton - 9 000
Xumar Qədimova – 9 000
Günay İbrahimli - 8 000
Ağadadaş Ağayev - 8 000
Xatirə İslam – 8 000
Samir Piriyev - 8 000
Vasif Məhərrəmli - 8 000
Rəqsanə – 7 000
Xəyyam Nisanov – 7 000
Könül Kərimova – 7 000
Zamiq – 7 000
Mətanət İsgəndərli – 7 000
Könül Xasıyeva - 7 000
Nüşabə Ələsgərli – 7 000
Eyyub Yaqubov - 7000
Mətanət Əsədova - 7 000
Elçin Cəfərov - 7000
Ayaz Qasımov – 6 000
Manaf Ağayev – 6 000
Əflatun Qubadov – 5 000
İzzət Bağırov – 5 000
Nazim Faytonçu - 4 500
Bahar Lətifqızı - 4 500
Elvin Abdullayev - 4 000
Emil Bədəlov - 4 000
“Şeron” qrupu (Ülvi) – 4 000
Nazənin - 4 000
"Qala" qrupu - 4 000
Əlikram Bayramov – 4 000
Zaur Əmiraslanov - 3 500
Rüfət Axundov - 3 500
Elariz – 3 500
Mənsurə Musayeva – 3 500
Səməd Səmədov - 3 500
Cavanşir Məmmədov - 3 500
Baloğlan Əşrəfov – 3 000

Yarım saat

Аygün Kazımova - 6 000
Röya - 6 000
Brilliant Dadaşova - 5 000
Faiq Ağayev - 4 000
Ramal - 4000
İradə İbrahimova - 4 000
Nadir Qafarzadə - 3 000
Namiq Qaraçuxurlu - 3 000
Elçin Cəfərov - 3 000
Üzeyir Mehdizadə - 3 000
Günay İbrahimli - 2 500
Manana - 2 500
Könül Kərimova - 2 500
Xumar Qədimova - 2 500
Хatirə - 2 500
Natəvan Həbibi - 2 500
Мənsum İbrahimov - 2 500
Zamiq - 2 500
Eyyub Yaqubov - 2 000
İlqar Muradov - 2 000
Könül Xasıyeva - 2 000
İzzət Bağırov - 1 500
Elariz - 1 500
Mələkxanım Əyyubova - 1 500
Aşıq Telli - 1 500
Aşıg Samirə - 1 500
Aygün Bəylər - 1 500
Aşıq Əli - 1 500
Rəşad Dağlı - 500
Elşən Xəzər - 500
Pərviz Bülbülə - 500
Orxan Lökbatanlı - 500
Vüqar Biləcərili - 500

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm