44 yaşını qeyd edən Elşən Rüstəmov: “Yoldaşım sonradan bu şeylərə öyrəşdi” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

44 yaşını qeyd edən Elşən Rüstəmov: “Yoldaşım sonradan bu şeylərə öyrəşdi” – FOTOLAR

Bu gün Azərbaycanın əməkdar artisti, tanınmış aktyor və özünün dediyi kimi, həm Gənc Tamaşaçılar Teatrının, həm də Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmovun doğum günüdür. Qırx dörd yaşı tamam olan aktyor doğum günündə Publika.az-ın suallarını cavablandırıb.

- Elşən bəy, doğum gününüzdə ilk təbriki kimdən aldınız?

- Əvvəla, doğum günüm münasibətilə məni təbrik edən bütün dostlarıma, yaxınlarıma təşəkkür edirəm. Dünən gecə çəkilişdə idim. Çəkilişimiz gecə 12-dən sonraya qaldı. Birə beş dəqiqə işləmiş çəkiliş meydançasında uşaqlar təbrik etdilər. Ondan sonra da sosial şəbəkələrdə təbriklər gəldi.

- Özəl günlərdə özəl təbriklər yaradıcı insan üçün xüsusi əhəmiyyət kəsb edir. Belə bir təbrik oldumu?

- Hər kəs öz ürək sözlərini dedi. Mənim üçün “təbrik edirəm” sözü də böyük şeydir. Ona görə də kimisə kimdənsə fərqləndirmək istəmirəm.

- Mən özəl təbrik deyərkən xanımınızın təbrikini nəzərdə tuturdum.

- (gülür) Təbii ki, həyat yoldaşım da təbrik etdi, övladlarım da. Üç uşağım var, Allah bütün övladları qorusun. Səhər duran kimi məni təbrik etdilər.

- Övladlarınızın hədiyyəsi nə oldu?

- Hədiyyəni hələ də sürpriz saxlayırlar. Deyirlər ki, axşam verəcəyik.

- Təxmin edirsinizmi, həmin hədiyyə nə ola bilər?

- Adətən, onlar şəkillər çəkirlər və altında da ürək sözlərini yazırlar. Şəkilləri çox maraqlı olur.

- Övladlarınızın neçə yaşı var?

- Böyük qızım Nigar beşinci sinifdə, böyük oğlum Rüstəm ikinci sinifdə oxuyur. Kiçik oğlum Rəşid isə dörd yaşının içindədir.

- Ümumiyyətlə, doğum gününüzü təmtəraqlı qeyd edirsiniz?

- Yox, heç vaxt təmtəraqla aram olmayıb. Evdə yaxın çevrə ilə qeyd etmişik. Hətta bu gün də ad günü keçirmək istəmirəm. Çünki Akademik Milli Dram Teatrında tamaşam var.

- Deməli, doğum gününüzün bir hissəsini çəkiliş meydançasında, bir hissəsini isə səhnədə keçirəcəksiniz...

- Bəli, bəli, ancaq belə.

- Adətən, belə olur?

- Demək olar ki, həmişə belə olur.

- Ən çox yadınızda qalan doğum gününüz neçə yaşınızda olub?

- Tələbə vaxtı Moskvaya gedirdim. Ad günümü vaqonda yad insanlarla qeyd etdim. 1991-ci il idi. Üç nəfər kupe yoldaşlarım ruslar idi, söhbət əsnasında bildilər ki, ad günümdür. Elə onlara da bir bəhanə lazım idi.

- (zarafatyana) Kupe yoldaşlarınızın arasında xanım var idimi?

- Var idi, amma yaşlıydı.

- Qırx dörd yaşınız tamam olur. Şablon səslənsə də, soruşmaq istərdim ki, özünüzü neçə yaşda hiss edirsiniz?

- Necə doğulmuşamsa, ruhum elə də qalıb. İnsanın ruhu heç vaxt qocalmır. Amma hiss edirsən ki, bədən iyirmi il əvvəlki deyil (gülür).

- Yəni yaş öz sözünü deyir...

- Bəli. Amma düşüncələrim eynidir, sadəcə, arzular dəyişir.

- Bu an üçün ən böyük arzunuz nədir?

- Ailə qurandan sonra uşaqlar, onların gələcəyi barədə daha çox düşünürsən. Ən böyük arzum övladlarım üçün daha yaxşı, rahat həyat qurmaqdır.

- Səhv etmirəmsə, bir az gec ailə qurmusunuz.

- Bəli, bir az gec ailə qurdum. Həm də bizim gəncliyimiz 90-cı illərə, pis vaxtlara düşdü. Amma şükür ki, övladlarımız yaxşı dövrdə yaşayırlar. Hər bir valideynin arzusu odur ki, övladları sağlam, layiqli insan kimi böyüsün.

- Tamaşalarda şəxsən şahidi olmuşam ki, yetərincə xanım pərəstişkarlarınız var. Hətta deyərdim ki, pərəstişkarlarınızın 70-80 faizi xanımlardır. Bu münasibət xanımınızın sizi qısqanmasına səbəb olmur ki?

- Bu, sənətdən irəli gələn istəkdir. Əvvəlcə ona çətin ola bilərdi. Amma sonradan bu şeylərə öyrəşdi (gülür) .

- Bu gün xanım pərəstişkarlardan təbrik almısınız?

- Çox. Elə səhər açılandan zənglər gəlir. Situasiya yaxşıdır, gərginlik yoxdur.

- Doğum günü təbrikini bəhanə edib, sevgilərini etiraf edənlər olub?

- Yox, elə olmayıb.

- Yaradıcılıqda nə var, nə yox?

- Hazırda “Xəzər” televiziyasında yayımlanan “Bir ailəm var” serialında çəkilirəm. İkinci mövsümdür yayımlanır. Teatrda isə hazırda məşqlərim yoxdur.

- Hazırda Akademik Mili Dram Teatrındasınız, yoxsa Gənc Tamaşaçılar Teatrında?

- Əmək kitabçam Gənc Tamaşaçılar Teatrındadır, xidməti müqaviləm isə “Azdramada”.

- Faktiki haranın aktyorusunuz? Yəni sizi necə təqdim edək?

- İkisi ilə də təqdim edirlər və belə olanda xoşuma gəlir.

- Gələn il yubileyinizdir. Yəqin ki, gələn il doğum gününüzü daha geniş qeyd edəcəksiniz?

- Allah qoysa...

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm