Ərinin dəlixanaya saldığı azərbaycanlı məşhur – ŞOK GİZLİNLƏR
Bizi izləyin

Tabloid.az

Ərinin dəlixanaya saldığı azərbaycanlı məşhur – ŞOK GİZLİNLƏR

“Adım Çarlistondur, özüm Çarlistonam…” Məşhur “Hicran” tamaşasının ekstravaqant Çarlistonu – Ofeliya Aslanı təsadüfi xatırlamadıq. Bu gün sevilən aktrisanın ad günüdür.

Ofeliya xanım sənətə təsadüfi gələnlərdən də deyildi. Aktyor sənətinin incəliklərini oxuduğu ali təhsil ocağından deyil, atası - görkəmli aktyor Rza Əfqanlıdan öyrənib əxz eləmişdi. O, eyni zamanda, tanınmış aktyor Siyavuş Aslanın ömür-gün yoldaşı idi.

Publika.az ad günündə aktrisanın keçdiyi ömür və yaradıcılıq yoluna sənət dostu, uzun illər birgə çalışdığı həmkarı Novruz Qartalla birgə nəzər salacaq. Aktyor Ofeliya Aslanı həm bir aktrisa, həm də bir dost, insan kimi xarakterizə edib:

“Toyunda geyinməyə kostyumu olmadı”

- Ofeliya mənim həm iş yoldaşım, həm də ən yaxın dostum idi. Teatrda, bəlkə də, yeganə aktrisa idi ki, heç vaxt onun kiminsə barəsində dedi-qodu etdiyini, qeybətləşdiyini görməzdik. Aktrisalar arasında hər zaman qalmaqallar, dedi-qodular olur axı. O vaxtlar truppa müdiri idim və kimin hansı xasiyyətdə olduğunu gözəl bilirdim. Ofeliya sakit, başıaşağı, öz işi ilə məşğul olan aktrisa idi. Dəfələrlə Ofeliya xanımla rayonlarda qastrol səfərlərdə olmuşduq. Rayon camaatı onu o qədər sevirdi ki, qaldığımız mehmanxananın qabağında növbə çəkirdilər. O deyirdi, Ofeliya Aslanı evimə mən qonaq aparacağam, bu deyirdi, mən qonaqlıq verəcəm. Özünü sevdirən qadın idi. Mən onunla ən gözəl tamaşalarda tərəf müqabili olmuşam. “Hicran” tamaşasında o, Çarlistonu oynayırdı, mən də Balaəmini. Məni də elə o tamaşadan sonra “Balaşka” deyə çağırırdı.

Bir dəfə metroda işə gəlirdim, sən demə, Ofeliya xanım da vaqonun o biri başında oturubmuş. Amma mən onu görməmişdim. Bir də gördüm, ətrafımdakı adamlar pıçhapıç edirlər ki, bəs aktyorların tamaşada mehriban olmalarına baxmayın, həyatda bir-birləri ilə küsülüdürlər. Elə başımı qaldıranda Ofeliya Aslanı gördüm. Görüşdük, hal-əhval tutduq. Ətrafdakı insanlar məəttəl qaldılar. Onlar elə bilirmiş, küsülüyük. Sənət adamları arasında küsülülük tez-tez olurdu axı. Amma Ofeliya Aslan küsü saxlamağı xoşlamazdı. Onun paxıllığını çəkən aktrisalar da az deyildi. Hətta bunu üzə vuranlar da olurdu. Ofeliya xanım qətiyyən belə şeylərə əhəmiyyət verməzdi. Bəlkə də, ürəyində buna görə fikir edirdi, amma bunu qarşı tərəfə sezdirməzdi...

Ofeliya xanım Siyavuş Aslandan ayrılsa da, ömrünün sonuna qədər bir damın altında yaşayıblar. Siyavuş onu dəli kimi sevib, amma Allah mərdimazara lənət eləsin, sonradan araları dəydi. Ofeliya xanım Rza Əfqanlı kimi tanınmış bir sənətkarın qızı idi. Siyavuş onunla evlənəndə çox kasıb olub. Hətta toyunda geyinməyə kostyumu olmayıb. Şəmsi Bədəlbəyli teatra gələrək, aktyorların istifadə etdiyi səhnə kostyumlarından birini onun üçün aparıb. Siyavuş həmin geyimdə bəy çıxıb...

Onlar hər zaman istəkli olublar. Siyavuşun bir səhvi Ofeliyanı ömrü boyu ondan incik salıb. O, yeni evləndiyi zamanlarda teatrın bir aktrisasına - Lütfiyyə xanıma vurulmuşdu. Ofeliya da bunu bilirdi, amma həmin aktrisanın üzünə vurmurdu.

“Ailəsi Təranə Vəlizadəyə görə yox, aktrisaya görə dağılmışdı”

Sonralar danışırdılar ki, guya Siyavuş müğənni Təranə Vəlizadəyə vurulub, onu hətta evinə də gətirib. Yalan söhbət idi, Siyavuşun münasibətdə olduğu bir qadın olub, o da aktrisa Lütfiyyə xanım idi. Bu münasibət də uzunmüddətli olmayıb. Onun ailəsi Təranə Vəlizadəyə görə yox, bir aktrisaya görə dağılmışdı.

Ofeliya xanım çox qısqanc idi, amma bunu büruzə vermirdi. Ər-arvad küsülü vaxtlarında səhnəyə çıxıb, bir-birləri ilə elə danışırdılar ki, bunların həyatda danışmadıqlarını ağlına da gətirməzdin. “Hicran” tamaşasında oynayanda da Siyavuşla Ofeliya küsülü idilər.

Amma Ofeliya xanım heç vaxt ərini bağışlamadı. Əslində, o, xəyanətə layiq qadın deyildi. Buna baxmayaraq, Siyavuş müəllim arvadını sevirdi. Ofeliya ondan ayrılsa da, həmişə Siyavuşun yeməyini bişirib, paltarlarını yuyub-ütüləyib. Yadımdadır ki, Ofeliya xanım rəhmətə gedəndə Siyavuş gözünün yaşını sel kimi axıdırdı...

Xasiyyətcə məzəli, yumorlu bir xanım olsa da, Ofeliya xanımın həyatı çox ağrılı keçib. Hətta həyatının bir acı mərhələsi də olub – onu dəlixanaya salıblar. Bu işin arxasında kimin dayandığını bilmirəm, amma özü deyirdi ki, bunu Siyavuş edib. Əslində, onun heç bir psixi problemləri yox idi. Bunu dəqiq bilirdim. Ofeliya xanım həssas bir qadın idi və həmişə deyirdi ki, ona vergi veriblər. Falçı deyildi, əli ilə insanları müalicə edirdi. Hətta özlərini müalicə etmək üçün onu rayonlara çağırtdıranlar da vardı.

“Ölənə qədər bunu ondan gizlətdilər”

Ofeliya xanım rejissorların çox qiymətləndirdiyi aktrisalardan idi, ona istədikləri rolu verirdilər. Rol sarıdan korluq çəkmirdi. Amma özü kaprizli idi, bəzən həmin rollardan imtina edirdi. Bir müddət keçəndən sonra isə peşman olurdu. Özü də çox məsuliyyətli aktrisa idi. Ümumi məşqlərdən əlavə, bir rolun üzərində özü təklikdə də çox məşq edirdi. Hətta tərəf müqabilini çağırtdırıb onunla birgə çalışırdı. Rəhmətə getməzdən qabaq mənə gileyləndi ki, filan-filan rolları niyə mənə vermirlər, oynamaq istəyirəm. Mən də ona qayıtdım ki, ay Ofeliya xanım, vaxtında verdilər, özün götürmədin, indi də gecdir...

Ölümdən qorxmurdu. Amma heç ölmək istəmirdi. Bir yeri ağrıyan kimi təlaş keçirirdi. Əslində, xərçəng xəstəliyinə tutulmuşdu, amma həkimlər bunu ondan gizlədirdilər. Ölənə qədər də bilmədi. Elə mənə deyirdi ki, ay yeznə, müalicə olunsam da, sağalmıram ki, sağalmıram.

Gəlini ona yaxşı baxırdı. Özü də axı səmimi, mehriban qadın idi. Hələ bir dəfə də olsun, gəlinindən gileyləndiyini eşitmədim. Əslində, Ofeliya xanım giley eləməyi xoşlamırdı. İllər boyu küsülü olsalar da, bir dəfə də olsun, ərinin namını vermədi. Hamı bilirdi ki, bir evin içində ayrı yaşasalar da, bir-birlərini çox istəyirlər. Bu da bir taledir, Allah heç kimə qismət eləməsin...

Evləri teatra yaxın idi, rəhmətə getməzdən bir-iki gün qabaq onu eyvanda gördüm. Çağırdı ki, yeznə, necəsən? Mənə çox vaxt “yeznə” deyə müraciət edirdi. Sən demə, son görüşümüz imiş...

Rəhmətlik yaxşı qadın idi. Danışıram, gözüm dolur. Ofeliya xanımla rayonlarda, qastrollarda keçirdiymiz günləri xatırlayıram. Gözəl günlər vardı, heyf o günlərdən. Sıralarımız seyrəlir, baxıram teatrın “mənəm-mənəm” deyən o müqtədir aktyorlarından, aktrisalarından heç biri qalmayıb. Hamısı köçünü çəkib gedib. Sağ olun ki, o sənətkarları yad edirsiniz.

“Beşmanatlıq gəlin”in Gülnazı, “Bankir adaxlı”nın Səmayəsi...

Gəlin Ofeliya Aslanın ömür bioqrafiyasına nəzər salaq. Bilənlər bilir, bilməyənlər də bilsin ki, Ofeliya Aslan 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa kimi çalışıb. Uzun müddət fasilədən sonra 1997-ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib. İlk rolu “Durna” komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa get-gedə püxtələşərək, “Beşmanatlıq gəlin”də Gülnaz, “Arşın mal alan”da Telli, “Hicran”da Çarliston, “Axırı yaxşı olar”da Dilbər, “Bankir adaxlı”da Səmayə və s. rolları bacarıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R.Hacıyevin “Mama, ya jenyus” əsərində Bibixanım rolunu oynayıb.

Aktrisa 2010-cu il mayın 18-də Bakıda vəfat edib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm