Elnarə: “Zeynəb xanım dedi ki, sözü üzə deyənsən, özün də...” - Reportaj
Bizi izləyin

Tabloid.az

Elnarə: “Zeynəb xanım dedi ki, sözü üzə deyənsən, özün də...” - Reportaj

Elnarənin konsertindən reportaj

МобильныйBu axşam, qarlı-şaxtalı fevral günündə Heydər Əliyev Sarayının qarşısında yenə qələbəlik vardı. Böyük bir kütlə Sarayda muğam işığına toplaşmışdı. Hamını bura 1 səbəb gətirmişdi. Xanəndə Elnarə Abdullayeva həyatının və 25 illik xanəndəlik karyerasının hesabat konsertini keçirirdi. Bıçaq kimi kəsən şaxtanın təsiri ilə üşüyən ürəklər bir azdan onun səsinin hərarətində isinəcək. Axı, o ürəklər məhz bu səsin istisinə yığışıb...

Tabloid.az-ın əməkdaşı da müğənninin dəvəti ilə konserti gözləyənlər arasındadır.

Onu həyacanlandıran ilk təbrik

Hələliksə, konsertə 1 saat var. Konsertə hazırlıq prosesindən ilk fotolar sosial şəbəkədə paylaşılır. Elə həmin şəkillərdən ilk konsertin həyəcanı açıqca hiss olunur. Birdən bu həyəcanı artıran bir qonaq Sarayın qapısını döyür...

Azərbaycanın böyük sənətkarı Zeynəb Xanlarova konsertdə iştirak edə bilməyəcək. O, müğənniyə dəstəyini və sevgisini bildirmək üçün düz konsertin keçiriləcəyi məkana gəlib. Zeynəb Xanlarovanın gəlişi ifaçıya da, onun prodüseri Asif Kərimova da böyük ruh yüksəkliyi verib. Böyük sənətkarın Elnarə Abdullayevanı bəyənməsi, həm ifaçı olaraq, həm də insan kimi qiymətləndirməsi onu xoşbəxt edib. İllərdən bəri arzuladığı konsertini reallaşdırmağın sevincinin üstünə bir də Zeynəb Xanlarovanın verdiyi qiymətin xoşbəxtliyi əlavə olunarsa, görün, nə olar?

"Zeynəb xanım mənə dedi ki, ona oxşayıram. O, mənə "sən mənim davamçımsan. Özün də mənə oxşayırsan. Sözü üzə deyirsən", - deyən Elnarə Abdullayeva Zeynəb Xanlarovanın ona söylədiyi bu sözlərdən qürur hissi keçirdiyini bildirdi. Asif Kərimov isə "bundan sonra məni kim təbrik etsə, təəccüblənmərəm", dedi.

Daha sonra müğənni İlhamə Quliyevanın göndərdiyi çiçəkləri alan Elnarə Abdullayeva sənətkarın xəstələndiyini eşidib təəssüfləndi. Qalan hamı artıq salondakı yerini tutmuşdu. Hətta əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, millət vəkilləri, məmurlar...

Elnarə Abdullayevanın gözlədikləri də, Elnarəni gözləyənlər də gəlmişdi. Canəli Əkbərov, Mələkxanım Əyyubova, Vüqar Əhmədov, şeyx Əbdül... Elnarənin ailəsi və yaxınları, sənət dostları...

Elnarəni gözləyənlər isə lap çox idi. Konsertin biletləri tamamilə satıldığından bütün yerlər dolmuşdu. Bu günkü konsertdə də bu cür olacağı gözlənilir. Artıq məlum olduğu kimi, konsert əvvəlcə yalnız 1 gün, fevralın 20-də nəzərdə tutulurdu. Qısa müddət ərzində satılan biletlər konserti 2 gün keçirmək zərurətini ortaya qoydu. Odur ki, bu gün də Elnarə onu sevənlərlə növbəti dəfə canlı görüşəcək...

Elnarə Abdullayeva böyük səhnədə

Budur, xalq çalğı alətlərinin ifasında mahnı səslənir... yaşıl uzun geyimdə xanəndə səhnəyə daxil olur. İlk solo konsertinin ilk günündə səslənən ilk mahnı alqışlarla qarşılanır. Səhnə, əvvəlcədən elan olunduğu kimi, 2 hissəyə bölünüb. Bir tərəfdə xalq çalğı alətləri, digər tərəfdə klassik musiqi ifaçıları yerini alıb. hələlik, xalq çalğı alətləri öz çıxışına başlayıb. Digər hissə işıqlandırılmayıb. Yaşıl köynək geyinən ansambl müğənni ilə rəng uyumu yaradıb. İlk mahnıdan sonra müğənni sevənlərinə ilk təşəkürünü bildirir:

"Çox sağ olun ki, bu gününüzü bizə həsr etdiniz. Gələn ayaqlarınız var olsun. Allah cibinizə bərəkət versin. Xoş günlərə gələsiniz".

Xalq çalğı alətlərinin müşayiəti ilə davam edən müğənni "Qal sənə qurban" dedi.

Yorulanda deyin

Elnarə Abdullayeva sadəcə səsi və ifası ilə deyil, öz xasiyyəti ilə də tamaşaçı sevgisi qazanıb. Bu, müğənninin jestlərinə reaksiyalardan da aydın hiss olunur. Arada pərəstişkarlarına yorulub-yorulmadıqlarını soruşur, "yorulanda deyin", deməsi gülüşə səbəb olurdu. Hiss olunur ki, müğənni ağır iş həftəsinin yorğunluğunu təkcə səsi ilə deyil, sözü ilə də çıxarmağa çalışır. "Siz alqışlarınızla mənə sevdiyinizi hiss etdirirsiniz. Mən bilmirəm necə bildirim", - deməklə isə sevənlərinin ürəyini riqqətə gətirməyi bacardı.

Qədir Rüstəmovun repertuarından səsləndirdiyi "Sona bülbüllər" mahnısı ilə isə zalı tam ələ aldı.

Növbə təsnifindi. Elnarə korifey sənətkarlara, məşhur muğam ifaçılarına hörmətini bildirib Ağakərim Nafizə məhz onun repertuarı ilə davam edəcəyini bildirir: "Sizin təsniflərdən birini oxumaq istəyirəm. Bilmirəm, düz, ya əyri oxuyacam. Onsuz da gəlmisiniz, pis də olsa, onsuz da qulaq asacaqsınız".

Bu sözləri ilə zalda gülüşə səbəb olan müğənni təsnifin də öhdəsindən layiqincə gəldi. Beləliklə, muğam üçlüyünü qaboyların müşayiəti, onları da aşıqlarla duet əvəz etdi. Şirvan və Qərb aşıq məktəblərinin nümayəndələri ilə deyişən Elnarə meydanı kimsəyə buraxmadı.

Konsertinin burdan sonrasını klassik musiqi alətlərinin müşayyəti ilə davam etdi. Ancaq yavaş-yavaş yorulduğunu da etiraf edən müğənni "görürsünüz də, mənə nələr oxutdururlar" deyə gileylənməyi də unutmadı. Ağ köynəkli klassik musiqi ifaçıları ilə ağ libası ilə həmahənglik yaradan xanəndə Ramiz Mirişlinin bəstələri, Rübabə Murafovanın repertuarından "Heydərbabaya salam" mahnısı ilə davam etdi.

Səhnə birləşdi

Nəhayət, növbə son kompozisiyanındır. Bayaqdan bəri ikiyə bölünüb növbələşən xalq çalğı alətləri və klassik musiqi ifaçıları birləşdi. Birgə ifa olunan bu nömrə konsertin "son sözü" oldu. Son söz "aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ" oldu. Beləliklə, konsert başa çatdı.

Ancaq əsl "konsert" bu dəfə Heydər Əliyev adına sarayın qarderobunun qarşısında davam etdi. Belə ki, Elnarə Abdullayevanın konsertinə gəlib mədəni istirahət etmək istəyənlərin ruhuna köklənən sevgi və vətənpərvərlik notlarını qarderob xidməti tamamilə pozdu. Yüzlərlə insana yalnız bir nəfərin xidmət göstərməsi, istəklərə yetişmək üçün bir nəfərin ora-bura qaçması, konsertdən çıxıb paltarını götürməyə tələsənlərin bir-birini itələyərək qabağa düşmək istəməsi mədəni ortamı bir anda yox etdi. Hər kəs konsertdən, sevdiyi səsin təsirindən elə qarderobdaca çıxmalı oldu...

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm