Nida.az
“Rasputin sifətli bespredel”in təhlükəli Qarabağ missiyası - TƏHLİL
Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə köçən
qalmaqallı milyarder German Sterliqov Rusiyaya dönməkdən imtina
edib. “Kommersant FM”-ə müsahibəsində özü bu barədə deyir:
“Ermənistanda hava limanından uçmağa hazırlaşarkən mənə dedilər ki,
İnterpol səni Moskvada qarşılayacaq. Ora getmə”.
Beləliklə, ermənilərin məsləhətini dinləyən Sterliqov son anda
Moskvaya uçmaqdan imtina edir. Çünki Azərbaycanın Ermənistan
tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiyi üçün
rəsmi Bakı onu İnterpola axtarışa verib və qanuni dövlətin
sərhədlərinə çıxdığı zaman “Rasputin sifətli
bespredel” (Rusiya qəzetlərindən biri onu məhz belə
adlandırmışdı - red) həbs olunacaq. Barmaqlığa düşməmək və ömrü
boyu “bespredel” həyatı yaşamaq üçün German işğal olunmuş
Azərbaycan torpaqlarında Ermənistanın yaratdığı və beynəlxalq
hüquqda tanınmayan qondarma “DQR” kimi ikinci bir məkan tapacaqmı?
Xeyr. Güman ki, özünün də cavabı bu olardı.
Qaçış: Hər şey “Adəmdən Putinə
qədər” adlı tarixi kitabla başladı. Sterliqovun dediyinə
görə, bu kitabın nəşrindən sonra Kremldəki dostları ilə
münasibətləri pozulur və təhdidlərlə üzləşir. O, yalan-gerçək
Moskvada Putin administrasiya tərəfindən təqib olunduğunu da
bildirir. Daha sonra Germanın millətçi BORN qruplaşmasının
törətdiyi cinayətlərdə əlinin olduğuna dair informasiyalar ortaya
çıxır. Özü bunu inkar etsə də, məlumatlara görə, qruplaşmanın həbs
olunan üzvü Nikita Tixonov onları Sterliqovun maliyyələşdirdiyini
deyib. Məhz buna görə də milyarder Moskva ətrafındakı qəsəbəsini
başlı-başına buraxaraq, qaçmaq üçün şələ-şüləsini toplayır və
ailəsi ilə birgə Qarabağa doğru yol alır. Özünün dediyinə görə,
əvvəlcə separatçıların əlində olan Donetsk, yaxud Luqanska getmək
istəyib. Sonda isə fikrini dəyişərək Azərbaycanın işğal olunmuş
ərazilərində məskunlaşmaq qərarını verib. Və bütün bunları Kremlin
sahibinin qəzəbinə tuş gəlməmək üçün edib. Daha sonra o, iyulun
16-da Moskvaya qayıdıb, hər şeyi aydınlaşdırmaq qərarına gəlir və
bunun üçün birtərəfli bilet də alır. Ailəsini də ermənilərə etibar
edir. Amma son anda biletini cırıb tullayır.
“Mən Qarabağda qalmaqda davam edəcəm, bura xoşuma gəlir.
Əlbəttə, Rusiya vətənim olaraq qalacaq”, - deyə o,
müsahibəsində deyir.
Sterliqov Qarabağı seçdi. Ermənilər üçün bu, əla xəbərdir. Onun
İrəvanda Moskvaya gedərsə, həbs olunacağı haqda xəbərdar edilməsi
də qalması üçün hesablanmış addım idi və hər şeyin arxasında gizli
bir missiya dayanır. Amma bu missiya qondarma “DQR”-in ağıldankəm
“rəhbərliyinin” düşünüb-daşındığı məsələyə də bənzəmir. Ortada
Rusiyanın qurduğu, İrəvanın tətbiq etdiyi bir ssenaridən söhbət
gedir. Təbii ki, burada paradoks sual ortaya çıxa bilər: “Kreml
təqib etdiyi adama nə üçün hansısa missiyanı tapşırsın?”
Məntiqli iraddır. Lakin açıq qalan bir məsələ diqqəti fərqli
istiqamətə yönəldir.
Xüsusi məqam: Sterliqov deyir ki, Kreml onu təqib
edir və buna görə qaçmağa məcbur olub. Əgər onun dediklərinə
inansaq, ortaya sual çıxır: bəs, nə üçün Qarabağ? Axı ən bəsit
düşünənlər də “düşməndən” qaçmaq üçün ondan ən uzaq və əlinin
çatmadığı yeri seçər. Misal üçün, Sterliqov Rusiyadan həqiqətən də
qaçmaq istəsəydi, Moskvanın əlinin çatmadığı Avropa ölkələrinə,
yaxud ən azından Ukraynaya gedərdi. Litvinenko təcrübəsi də bunu
deyir. Amma o, Ermənistanın nəzarətində olan Qarabağa gəlir. Hansı
ki, bura Moskvanın əlinin içidir və Kreml rəhbərliyi istədiyi şəxsi
buradan anında “götürə” bilər.
Yaxud daha bir şübhəli məqam: Sterliqov Qarabağ
gəlməmişdən öncə onun adı “BORN işi”ndə hallanırdı. Amma o, ailəsi
ilə birlikdə heç bir problem olmadan sərhədi keçə və işğal olunmuş
ərazilərə gələ bildi. Daha sonra onun haqqında cinayət işinin
açılması məsələsi gündəmə gəldi. Lakin milyarder yenə də Rusiyaya
dönməkdən imtina etdi. Halbuki Rusiya istədiyi halda sözündən heç
vaxt çıxmayan Ermənistan hökumətindən Sterliqovu həbs edərək təhvil
verməsini tələb edə bilər. Buna Moskvanın siyasi gücü və qanuni
haqqı da var. İndiyə qədərsə Moskvadan belə bir tələb gəlməyib və
milyarder Qarabağda əlini-qolunu sallayaraq yaşayır. Hətta qondarma
“DQR”-in iqtisadiyyatına “töhfə” də verir.
Və bütün ssenaridə əsas məqam məhz bu “töhfələrdə” cəmləşib.
Ehtimal etmək olar ki, Sterliqov Qarabağa məhz Rusiyanın missiyası
ilə göndərilib.
Bir müddət öncə Belarus prezidenti Lukaşenko həmkarı Vladimir
Putindən rusiyalı milyarderlərin onun ölkəsinə gəlməsini və
iqtisadiyyata yatırım etməsini xahiş etmişdi. German Sterliqov
Belarus torpaqlarına getmək üçün ən şanslı namizəd idi. Amma
qalmaqallı milyarder Minski yox, Qarabağı seçdi. Hesab etmək olar
ki, Kreml həbs olunmaq təhlükəsi olan milyarderin qarşısına ya
“dəmir barmaqlıqlar, ya da Qarabağa sürgün”
şərtini qoyur. O da “çürüməkdənsə” əldən-ayaqdan uzaq olan bu
torpaqlara köçmək qərarına gəlir. Bu, bolşeviklərin qolçomaqları
Sibirə sürgün etməsinə bənzəyir. Amma müasir Rusiya Sterliqovu
təkcə “dərsini alsın” deyə sürgün etməyib. Onun qarşısına missiya
qoyulub: Separatçı rejimi dirçəltmək. Bu işdə
enerji, yaxud uzaq tayqa meşələrində təbii sərvətlər çıxaran
investorlar yox, məhz təsərrüfat üzrə ixtisaslaşmış şəxs lazım idi.
Çünki Qarabağın iqlim şəraiti bu ərazilərdə təsərrüfatın inkişafına
əla imkanlar yaradır.
Bu gün qondarma “DQR”-in vəziyyəti əvvəlki dövrlərlə müqayisədə
daha da acınacaqlıdır.
a) İqtisadi uçrumun kandarında olan İrəvan rejimi bura
maliyyə ayıra bilmir.
b) Serj Sarkisyanla münasibətləri pis olan erməni diasporu
maliyyəni, demək olar ki, kəsib, yaxud ayrılan pullar “tula
payından” başqa bir şey deyil.
c) Rusiya iqtisadiyyatının zəifləməsi və rublun dəyərdən
düşməsi bu ölkədən Ermənistana, eləcə də Dağlıq Qarabağda
məskunlaşdırılmış ermənilərə köçürmələri minumuna
endirib.
Belə bir vəziyyətdə Dağlıq Qarabağdakı ermənilər sosial partlayış
həddinə çatıb. Misal üçün, bu ilin 22 mart tarixində könüllü olaraq
Azərbaycan tərəfinə keçən erməni əsgər Andranik Araratoviç deyir:
“Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq
istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki
intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı,
yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə,
zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni
cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura
keçmək istəyən çoxlu sayda insan var”.
Bu fakt Dağlıq Qarabağdakı ermənilərin acından ölməkdənsə, inkişaf
edən Azərbaycanın idarəçiliyində yaşamaq istəyini sübut edir.
Beləliklə, rəsmi Bakının ərazi bütövlüyümüzün bərpası istiqamətində
apardığı siyasətin konkret nəticələrə vardığını demək mümkündür. Bu
isə Ermənistana, dolayısı ilə regiondakı təsir imkanlarını qorumaq
üçün münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlı olan
Rusiyaya sərf etmir. Mütləq hansısa önləyici addımlar atılmalıdır,
əks təqdirdə, Qarabağ erməniləri üsyana qalxacaq və Azərbaycanın
tərkibində yaşamaq tələbini irəli sürəcək. Azərbaycan da bir güllə
atmadan işğal olunmuş əraziləri geri qaytaracaq. Mövcud həqiqəti
hər iki paytaxtda anlayırlar. Lakin Moskvadan asılı olan İrəvan
Qarabağa heç bir yardım edə bilmədiyi kimi, Rusiyanın da belə
imkanları yoxdur. Birincisi, Moskva rəsmi olaraq bura heç bir
kapital yatıra bilməz. İkincisi, öz iqtisadiyyatı çətin durumda
olan və Qərblə açıq qarşıdurma yaşayan Rusiya Qarabağ üçün bir rubl
belə xərcləmək istəmir.
Belə bir məqamda “Qarabağın xilası” üçün German
Sterliqov dövriyyəyə girir. Onsuz da Kremllə münasibətləri pis olan
milyarderin qarşısına günahını yumaq üçün şərt qoyulur və “Moskva
rəhbərliyindən qaçan milyarder” ssenarisi yazılır. Çünki Sterliqov
heç bir “problem” olmadan Qarabağa gəlsəydi, bu açıq şübhələrə yol
açar və Bakının Moskvanı ittiham etməsinə şərait yaradardı.
Kremldən qaçan milyarderin işğal olunmuş torpaqlara “qaçışı” üçünsə
heç kim Moskvanı birbaşa sorğu-suala tuta bilməz. Sorğu-sual olsa
belə, rusların cavabı bu olacaq: “Tutsaq, sizdən öncə
özümüz cəzalandıracağıq”.
Sterliqovun iyulun 13-də Şuşada keçirdiyi mətbuat konfransında
açıqladığı fikirlər də bu kontekstdə diqqət çəkir.
“Qarabağda qızıl və gümüş dram dövriyyəyə buraxmaq və
ekoloji offşor yaratmaq lazımdır” deyən milyarder
separatçı rejimə iqtisadi çıxış yolunu göstərir və davam edir:
“Bu layihəni həyata keçirmək üçün burada üç amil var.
Birincisi, qızıldır. İkincisi, tanınmamış respublikadır. Buna görə
də ABŞ Federal Ehtiyatlar Sisteminin və beynəlxalq bankirlərin hər
hansı qaydalarına tabe deyil. Üçüncüsü, erməni diasporu qızıl və
gümüş dramdan daxili hesablaşmalar üçün istifadə edə bilər”.
O, Qarabağdan Rusiyaya ərzaq mallarının göndərilməsini də təklif
edir: “Rusiya-Qarabağ ticarət evi yaratmaq və yalnız ekoloji təmiz
məhsullar göndərmək lazımdır”.
Göründüyü kimi, qalmaqallı milyarder öz “iqtisadi paketini”
açıqlayır. “Kommersant FM”-ə müsahibəsində isə ilk yatırımlarından
da söz açır: “Mənim Qarabağda artıq dəyirmanım var. Mən
indi təsərrüfatla məşğulam. Arvadım moda evi açdı və onun tikdiyi
paltarlara tələbat var. Biz Şuşanın yüksək dağlarında avqustun
29-da Qarabağın yüksək dəbini nümayiş etdirəcəyik. Həmin gün eyni
zamanda Qarabağ atlarının yarışını təşkil edəcəyik”.
Artıq missiyasının icrasına başlayan Sterliqov separatçı rejimin
lobbiçiliyini də aparır. Onun “mən burada maşınımın
qapılarını açıq saxlayıb rahat gəzə bilirəm. Açarları götürmək heç
ağlıma da gəlmir, burada ümumiyyətlə oğurluq yoxdur. Ümumiyyətlə,
dünyada belə yer yoxdur” deməsi də təəccüblü deyil.
Ermənistandakı vəziyyətlə assosiasiya olunan separatçı rejimin ağır
durumu ilə çarpaz toqquşan bu fikirlər nə qədər absurd olsa da,
milyarderin məqsədi bölgəyə yeni investisiyaların cəlb edilməsinə
hesablanıb. Yəni o, bununla sətiraltı olaraq bir növ digər
investorları Qarabağa yatırım etməyə çağırır.
“Çirkli əllərlə təmiz işlər görülmür. Siyasətdə əllərdən
çox şey asılıdır”. Bu siyasi aksioma hazırkı ssenaridə
əsas tezisdir. Rusiya “Qarabağın xilası” üçün çirkli əllərə sahib
olan Sterliqovdan yaxşısını tapa bilməzdi.
Bu arada erməni KİV-nin milyarder haqda yazdıqları bütün ssenarinin
nəyə hesablandığını bir daha ortaya çıxarır: “Qaqik
Sarukyan (qondarma “DQR”-in “prezidenti” - red) Sterliqovun
xilaskarı oldu. German da Qarabağın xilaskarı ola
bilər”.
Asif Nərimanlı
-
Kriminal19:06
Yevlaxda ər arvadını qətlə yetirdi, özü isə...
-
Rəsmi xronika18:36
İlham Əliyev və Rəisi açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Region17:50
Rəisinin helikopteri nəyə görə qəza etdi? - Detallar
-
Magazin117:41
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb: Bir ildir ki...
-
Nəqliyyat17:00
Yanğına görə bağlanan yol açıldı - FOTO/YENİLƏNDİ
-
İdman16:35
“Real”ın gələcək ulduzunun “sevgi müqaviləsi” - Görün hansı bəndlər varmış
-
Nida Xəbər 16:05
Polis erməni deputatları sərhədimizə buraxmadı
-
Magazin115:55
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: gördüm ki, maşında... - VİDEO