Bizim tərcümə
“Qızım dedi ki, ata o şalvarı “gey“lər geyinir“ - BİZİM TƏRCÜMƏ
Fatih Altaylı 1963-cü ildə Vanda doğulub. Jurnalist, tv aparıcısı və köşə yazarıdır. "Habertürk" media nəhənginin müdiridir. Fatih Altaylı Qalatasaray Liseyinin məzunudur, jurnalistikaya "Cümhuruyet" qəzetində idman müxbirliyi edərək başlayıb. 1993-cü ildə xüsusi bir radio olan "Best FM"i qurub. 1995-ci ildə "Show TV"-də işləməyə başlayıb və "Show Radio"da 1 il qədər işləyib. Eyni ildə "Show TV"nin ana xəbər bülletenində aparıcılıq edib. Müəllifi və aparıcısı olduğu "Təkə Tək" proqramının yayımına başlayıb.
1996-cı ildə "Doğan Nəşr Qrupu"nda çalışıb. Daha sonra "Hürriyet" qəzetində yazarlıq etməklə bərabər, "Radio D"nin ümumi koordinatorluğunu üzərinə götürüb. 2002-ci ilin yazında "Kanal D"də Xəbərlərin Ümumi Yayım Rejissorluğuna təyin edilib. Eyni zamanda "Sabah"da ümumi yayım redaktoru olub. 2009-cu ildə yeni qurulan "Habertürk" qəzetinə Ümumi Yayım Redaktoru olaraq təyin edilib. Hələ də bu qəzetdəki vəzifəsini yerinə yetirir. "TİKAD"ın və Avropa Jurnalistlər Cəmiyyətinin ortaq şəkildə verdiyi "Təhsilə Qatqı Qürur Mükafatı"nın sahibidir. Evlidir, bir qızı var.
Bunlar onun haqqında hamının bildikləridir. Bəs Fatih Altaylının bilinməyən tərəfləri hansılardır, özəl həyatında nələr baş verir? Onun Ayşe Armanla bir müsahibəsini tərcümə edərək sizə təqdim edirik.
-Fatih Altaylı olmaq necə bir hissdir?
-Məncə pis deyil. Bir az risklidir.
-Ən bərbad tərəfi nədir?
-Başının davamlı bəlada olması, ağlından keçənin ağzından və ya əlindən çıxması. Özümü hələ də məktəbyaşlı bir dəliqanlı zənn etməyim ən bərbad xasiyyətimdir.
-Bəs ən yaxşı tərəfləri?
-Bax, bu sualı mən də özümdən tez-tez soruşuram. Mən olmağın yaxşı tərəfləri nədir? Özümdə tapdığım yaxşı cəhətlər çox axmaq şeylərdir. Dönərli buterbrod yemək çox xoşam gəlir, bu xasiyyyətimi sevirəm. Evdə dostlarıma süfrə açmağı da sevirəm və bundan zövq alıram. Həyat yoldaşımı əsəbləşdirməkdən isə xüsusi zövq alıram.
-Elə bu qədər?
-Vallah, yeməyi çox sevirəm. Söhbəti çox sevirəm. Qəribə adətlərim də var.
-Məsələn?
-Avtomobillərlə məşğul olmaq, şəkil yığmaq, qadın modasıyla maraqlanmaq, Hande ile (həyat yoldaşının adı Handedir) alış-verişə çıxmaq. Və təbii ki, qızımla vaxt keçirmək ən yaxşı məşğuliyyətlərimdir. Ən böyük zövqüm də odur.
-Sən jurnalistikada məktəbsən? Özünü elə görürsən?
-Off, həm də nə məktəb! Cümhuriyət tarixinin gəlmiş-keçmiş ən böyük jurnalistiyəm. Türk mediasına Tanrının hədiyyəsiyəm. Ayşəəə, məni lağa qoyma! Nə məktəbi? İşimizi edirik biz. Sən nə qədər məktəbsənsə, mən o qədər məktəbəm. Fərqliyik. Dəyişik tərzimiz var. Buna görə də aradan sıyrılırıq. Danışılırıq. Bizim kimi olmaq istəyənlər çıxır, təqlidlərimiz meydana gəlir amma özümü məktəb olaraq görmürəm. Məktəbi məktəb mənasında soruşursansa, bax ona xeyr demərəm. Yanımda çalışan, "Təkə Tək"də vəzifə yerinə yetirən bir çox gənc indi uğurlu jurnalistlər olub.
-Öz jurnalistika anlayışını necə izah edirsən?
-Təyin edə bilmirəm. Sadəcə bilmirəm. Fərqində deyiləm. Necə bir insanamsa, elə bir jurnalistəm.
-"Şəxsiyyətindəki hansı xüsusiyyətlərlə bu günə gəldin?" deyə soruşum o zaman...
-Manyaklıq. Yox, tam söz bu deyil. Daha uyğun söz "şüursuzluq" ola bilər. Ağılıma gələni, içimdən keçəni edirəm.
-Yaxşı, bu şüursuzluğa baxmayaraq, səndən dəstəyini əskik etməyən üç adam kimdir?
-Çətin sualdı. Fərqli yerlərdə fərqli dəstəklərim var. Hər sahədə Hande dadıma yetir. Dəstək deməyim, amma başıma nə gəlirsə gəlsin, mənimlə olduğunu bilərəm. Yıxılsam da, qalxsam da mənimlədir. Heç şübhəsiz ki, bir də anam. Anamla çox az görüşürük, amma həmişə yanımdadır, bilirəm. Peşə olaraq çalışdığım qəzetlərin müdirləri dəstəklərini heç vaxt əskik etmədilər. Amma Turgay Ciner qədər məni dəstəkləyən, mənə inanan olmadı. O, iş dünyasında, mən də öz peşəmdə bənzər xüsusiyyətlər daşıdığımız üçün belədir yəqin ki.
-Kimisə satarsan? Bu sualın cavabına kimsə "bəli" deməz, amma "yox" da ağ yalandı. Bu peşədə istəmədən satdığın, ya da yarı yolda buraxdığın kimsə oldu?
-Bax, Aişe, günah kilsədə rahiblərə söylənilir, rahibəyə deyil. Üstəlik, sən rahibə də sayılmırsan. Buna görə sənə dostcasına etiraf edim. Oldu təbii, olmazmı? İdarəçi oldunmu, adam satmamağın mümkün deyil. Bunu bildiyim üçün "Sabah"a keçərkən "qətiyyən idarəçilik istəmirəm" dedim. Buna baxmayaraq, bir müddət sonra bu yayım redaktorluğunu başıma bəla elədilər. Təbii ki, kimisə satdım. İstəmədən yarı yolda buraxdım. Bəzən də fərqində olmadan. Nümunə istəyirsən? Bekir Coşkun məsələn. Heç istəmədim. Çox məşğul oldum. Amma satdım. Bu qədərini söyləyə bilərəm. Mənim mövqeyimdə olanlara nisbətən daha az etmişəm bu işi. Heç etməməyi seçərdim.
-Səni nə dəli edə bilər?
-Hər an, hər şey dəli edə bilər. Daha doğrusu mənim dəliliyimin üstündə incə bir örtük var. Hər an hər şey o örtüyü qaldıra bilər.
-Handeyi başqa bir qadın üçün tərk edərsən?
-Ay daaaa! Suala bax! Mənə göstərdiyin suallar arasında bu yox idi. Hazırlaşmadığım mövzudan sual verirsən. Bu "Adam satdınmı" sualından daha təhlükəlidir. Yaxşı, sənin xətrin üçün cavab verim. Məncə, mümkün deyil. Bu səbəblə mümkün deyil ki, Hande dünyanın ən şahanə qadınıdır. Gözəllik, zəka, zarafat qabiliyyəti, məntiq, sağlam fikir, insanlıq, özünü bilmək, azadlıq, bağlılıq. Bunların hamısını yığdığın zaman ortaya çıxan hesaba çata biləcək başqa qadın olduğunu zənn etmirəm. Hər birində ayrı-ayrı Handedən daha yüksək ballar ala bilən olacağını güman etmək olar, amma cəmdə Handeyi kimsə keçə bilməz. Buna görə də onu kimə görəsə tərk etmərəm. Üstəlik, Handeyi tərk etməklə nəticələnə biləcək hər hansı hərəkət də etmərəm.
-Onun səni tərk etməsindən qorxarsan, yoxsa işdən çıxarılmaqdan?
-Həyatdakı ən böyük qorxum Handenin məni tərk etməsidir. Hande istəsin hər şeydən imtina edərəm. Hande istəsin mən hər kəsi işdən qovaram.
-Sənin işdən qovulmağın mümkündür?
-Niyə mümkün olmasın? Hər jurnalistin hər an işdən qovulmağı mümkündür.
-"Habertürk" bu peşədəki ən böyük müvəffəqiyyətindir?
-Aişə, səni öpə bilərəm? İlk dəfədir ki, jurnalist olan biri "Habertürk"ün bir müvəffəqiyyət olduğunu açıqca, ictimai yerdə söylədi. "Habertürk"ü öz müvəffəqiyyətim olaraq görmürəm. Ortaq uğurdur. Mən daha çox yazılarımla əldə etdiyim uğurlara görə xoşbəxt oluram. Bir sui-istifadənin öhdəsindən gəlincə, bir həyatı müsbət istiqamətdə dəyişincə daha xoşbəxt oluram. Onu müvəffəqiyyət olaraq görürəm. "Habertürk" nəticədə bir qəzetdir. Aya insan göndərmədik ki, "aman, nə böyük müvəffəqiyyət əldə etdik!" deyə qürurlanaq. Yaxşı bir qəzet nəşr etdik sadəcə.
-Bəzilərinin "bacara bilməz" dediyi çox şeyi bacardın. Nə qədər çətin oldu? Necə bir əvəz ödədin?
-Çox çətin olmadı. Bir əvəz də ödəmədim çox şükür. Bax məsələn, "Sabah"ın işini üzərimə götürəndə daha çətin günlər keçirirdim. Daha çox əvəz ödədim. Oradakı müvəffəqiyyətim məncə, daha əhəmiyyətlidir. Tarixi boyunca "Hürriyet"i keçə bilməmiş "Sabah" qəzeti, mənim rəhbərliyimdə fəaliyyətdə və tirajda "Hürriyet"i keçdi. O daha çətin idi.
-Peşədə hansı dövrdəsən? Yetkinlik dövründə?
-Yetkinluq dövrünə gəldiyimi hiss etsəm bu sənətdən uzaqlaşma zamanım gəldi deməkdir. Mən həmişə dəcəl uşaq dövründəyəm.
-Yorulmadın? Bezmədin? Gələcəyə aid planların nədir? Həmişə yazı-pozu ilə əlaqədar plan qurursan?
-Məni bir az tanıyanlar bilir dünyanın ən çətin adamı olduğumu. Dərhal bezirəm. Amma bilirəm ki, başqa bir şey etsəm, daha çox və daha tez bezəcəm. Ona görə bu iş yaxşıdır. Daha az darıxdırıcıdır. Gələcək üçün planlar qurmağı sevmirəm. Çünki biz plan quranda çoooxxx yuxarıdan baxan birinin təbəssümünü görürəm. Planımdan biri budur: Bir neçə il içində Turgay bəy mənə "Bəsdi Fatih. Artıq qəzeti başqası idarə edəcək" deyəcək. Mən də yalnız yazı yazacaq və gəzəcəyəm. Şimali Egeydə bir yerə köçəcəm. Bir də böyük yelkənli gəmi alacam. İkincisi budur: Murad Bardakçı ilə birlikdə bir restoran açacağam. Birlikdə yemək bişirəcəyik. Üçüncüsü budur: Parisə köçəcəm. Oradan yazacam yazılarımı. Yenə sayımmı? Plan çoxdur, amma onları kim reallaşdıracaq?
-Handenin sənə "bir az yavaş danış, anlamıram" dediyi vaxtlar olur? Həmişə sürətli danışırsan?
-Bunu mənə söyləməyən tək adam Handedir hər halda. Atam anlamazdı mənim danışığımı. Anam tərcümə edirdi ona mənim sözlərimi. O da anladığı qədəri ilə. Onsuz da buna görə hamı səhv başa düşür məni. Həmişə sürətli danışıram. Buna görə burnum zibildən çıxmadı. Beyinlə ağız arasında süzgəc olmadığı zaman belə olur.
-Ən çox kimi itirdiyində kədərləndin?
-Atamı. Sıranın yavaş-yavaş özünə gəldiyini anlayırsan.
-Yaşadığın itkilər sənə nəyi öyrətdi?
-Həyatın çox qısa, ölümün çox uzun olduğunu. Düşünsənə, 70, 80, 90 il yaşayırsan. Sonra milyardlarla il ölü qalırsan. Həyat dediyin hekayədir. Çox da ciddiyə almamaq lazımdır. Əslində çox əhəmiyyətsizsən və çox kiçiksən.
-Hande niyə çox önəmlidir?
-Hande olduğu üçün.
-Peşə böyüklərin kimdir, kimlərdən nələr öyrəndin?
-Hər kəsdən bir şey öyrəndim. Kimsədən bir şey öyrənmədim. Amma yenə də Hıncal Uluç və Ərtoğrul Özkökü ayrı tuturam.
- Qızından nə öyrəndin?
- 50 yaşında bir adam yaşıl şalvar geyinməz.
-Anlamadım?
-Özümə yaşıl bir şalvar almışdım. Şalvarı geydim evdən çıxacaqdım, qızım gördü. "Ata o nədir?" dedi. "Şalvar" dedim. "Həm yaşıl, həm də dar. O şalvarları "gey"lər geyir!" dedi. Gül kimi şalvar getdi.
-Öz haqqında kimsənin bilmədiyi bir şey söylə.
-Gündə bir neçə dəfə gözlərim dolur. Ağlamsınıram. Bəzən də özümü saxlaya bilməyib ağlayıram. Birinin dərdini dinləyəndə, bir də türk bayrağı görəndə ağlayıram.
-Sevişməyə vaxtın varmı?
-Sevmək bir ömür sürər, sevişmək bir dəqiqə. İnsan sevdiyi hər şeyə ayıracaq zamanı tapar. Onsuz da o qədər də çox işləmirəm.
-Handenin ən çox hansı xüsusiyyəti ilə qürur duyursan?
-Hande olmasıyla. Ona evlənmə təklif etdiyim zaman, işim-gücüm yox idi. Məni mən olduğum üçün sevdi. Fatih Altaylı olduğum üçün deyil. Həmişə belə qaldı. Hətta Fatih Altaylı olmadan çox xoşbəxt olmadı, belə deyə bilərəm.
-Əlindən peşəni alsaq, geriyə nə qalar?
-Mən qalaram. Başqa bir şey edərəm. O qədər şanslı bir adamam ki, nəzər dəyməsin, yenə yaxşı bir şeylər edərəm deyə ümid edirəm. Belə bir tərəfim var, həmişə optimistəm. Heç bir şeyi dərd etmirəm. Təyyarə qəzaya uğrasa, içindən sağ çıxacağıma inanaram həmişə.
-Motosikletdən qorxursan deyəsən...
-Bəli, bəli. Yaman qorxuram. Yıxıldınsa üzərindən, demək öldün.
-Saç əkdirməyi düşünürsən?
-Düşünürəm, amma ar gəlir.
-Yazılarını nə qədər müddətdə yazırsan?
-Yarım saata
-Həyatda ən çox nədən qorxarsan?
-Kəpənəkdən və çəyirtkədən.
Lalə
Publika.Az
-
Ekologiya07:17
Bu gün yağış yağacaq
-
Magazin106:46
Vüsaləyə 1000 manatlıq hədiyyə göndərdilər - VİDEO
-
Sosial04:44
Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
-
Sosial04:14
Göyçayda asfaltın ortasında alov əmələ gəldi - VİDEO
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO