Mircəfər Bağırov gecə yarısı Ucara kimin yanına getmişdi? - ŞOK GİZLİNLƏR - - -FOTO/VİDEO
Bizi izləyin

Haralısan

Mircəfər Bağırov gecə yarısı Ucara kimin yanına getmişdi? - ŞOK GİZLİNLƏR - - -FOTO/VİDEO

Yolumuz Ucaradır. Ucar nə qədim tarixi abidələri, nə axarlı-baxarlı təbiəti, dağı-qayası, xalısı-xalçası, bulağı-şəlaləsi ilə tanınmayıb.

Yolumuz Ucaradır. Ucar nə qədim tarixi abidələri, nə axarlı-baxarlı təbiəti, dağı-qayası, xalısı-xalçası, bulağı-şəlaləsi ilə tanınmayıb. Şirvanın ən cavan bölgəsi sayılan Ucar sovetlər dönəmində “ağ qızılı” ilə məşhur olub. Pambıq yığımı üzrə rayonlar arasında həmişə estafeti əlində saxlayan Ucar bu gün zəhmətkeş insanları ilə tanınır. O insanlar ki, Ucarın adını ucaltmaqda davam edirlər.

Beləliklə, “Haralısan” layihəsi çərçivəsində bu dəfə Ucardan bəhs edəcəyik.

Gəlin ilk olaraq Ucarın məşhurlarını yad edək.

Həbibi, XV əsr Azərbaycan şairi.

Məlikballı Qurban, aşıq.

Beydulla Musayev, tərcüməçi, Azərbaycan Yazıçılar birliyinin üzvü.

Hüseyn Haqverdiyev, Əməkdar rəssam, fotoqraf və heykəltəraş.

Kərimova Aşafatma Hidayət qızı, Sosialist Əməyi Qəhrəmanı.

Kərim Pənah oğlu Məmmədov, fizika-riyaziyyat elmləri doktoru.

Ruslan Allahverdiyev, “20 Yanvar” şəhidi. Ölümündən sonra “20 Yanvar şəhidi” fəxri adına layiq görülüb.

Bəs ucarlı məşhurlar öz bölgələrini necə tərif edəcəklər? Əvvəlcə aşıq Əhliman aldı sözü görək nə dedi?

“Anam dedi ki, o qızı sənə alacam”

Aşıq Əhliman:

- Şirvanda bir gənc şəhərim var. O da mənim Ucarımdır. Ucarın Bərgüşad kəndində doğulmuşam. Bərgüşad mənim duzum-çörəyimdir. İndi Ucardan soruşursan, bütün uşaqlığım, gəncliyim kino lenti kimi gəlib keçir gözlərimin qarşısından. Vaxtımın çoxunu at belində keçirərdim. Orta məktəbdə oxuduğum vaxtlarda məni tez-tez tədbirlərə aparıb oxudardılar. Onda da tədbirlərin hamısı Leninə, kommunizmə həsr olunurdu. Məktəbli idim, Salyan rayonunda ümumrespublika aşıqlar festivalı keçirilirdi, mən də iştirak etdim. Axırda məni qalib seçdilər. Həmin gün bu şad xəbəri radioda elan edəndə Ucarda ilk eşidən müəllimim Sirac olub. Bunu mənə sonralar onun həyat yoldaşı Umuxanım müəllimə danışdı. Deyir Sirac müəllim o qədər duyğulanıb ki, xəbəri eşidəndə sevincindən ağlayıb. Heyf ki, müəllimlərimin hamısı dünyasını dəyişib, sağ qalan Arif müəllimdir ki, hər dəfə rayona gedəndə mütləq ona baş çəkirəm.

Ucar camaatı zəhmətkeş, qonaqcanlı olur. Adamın üzünə baxanda bilirsən ki, ucarlıdır.

Ucarda mənə qız seçib, evləndiriblər. İlk məhəbbətim olmayıb. Bir gün anam mənə dedi ki, o qızı sənə alacam, dedim ki, al deyirsən alım də. Qız bizim uzaq qohumumuz idi. Anam seçimində yanılmamışdı, bu günə qədər o qadınla xoşbəxt yaşamışıq, gəlinlərim, nəvələrim var.

“Dalaşanda daşları bir-birimizin başına vurardıq”

Məhərrəm Zülfüqarlı, tarixçi alim:

- Mənim Ucarla bağlı tədqiqat işim də var. Çoxları hesab edir ki, Ucar Şirvanın ucqar rayonu olduğu üçün Ucar adlanır. Əslində belə deyil. Araşdırdım, gördüm ki, Ucarın Cənubi Azərbaycanla bağlılığı var. Cənubi Azərbaycanda hətta Ucar adlı çay da var. İnsanlarına gəlincə, hələ sovetin vaxtında Ucar camaatı işgüzarlığı ilə fərqlənib. Ucardan Bakı-Tiflis qatarı keçirdi, bu da insanların biznes marağını formalaşdırıb. Ucar camaatı sovetlər dönəmindən indiyə qədər Rusiyada bizneslə məşğul olub. İndi də bu fəaliyyətlərini davam etdirirlər.

Ucar camaatında ləqəb qoymaq adəti də var. Hələ uşaq idim, kənddə eyni adda bir kişi vardısa, hərəsini bir ləqəblə çağırırdılar. Yox, indi mən o ləqəbləri deyə bilmərəm, eşidib-bilib, məndən inciyərlər. Ucarla bağlı o qədər xatirələrim var ki, hansını danışım, bilmirəm. 17 yaşıma qədər orada yaşamışam. Yadımdadır ki, orta məktəb illərində futbol komandamız bütün Şirvanda məşhur idi. Dalaşqan uşaq olmuşuq, bəlkə elə bunun nəticəsidir ki, ucarlılar indi Rusiyada baş çıxara bilirlər. Yadımdadır, o vaxt asfalt yox idi, küçələrə çınqıl döşəyirdilər. Dalaşanda bu daşları bir-birimizin başına vurardıq. Qız üstə döyüb-döyülmələr də olurdu. İlk sevgi, ilk görüşdən soruşma, sarı simə toxunmasaq, yaxşıdır.

Gədəbəy kartofuyla, Ucar da “ağ qızıl”ıyla…

Vüsal Murtuzəliyev, aktyor:

- Ucar anamın vətənidir. Uşaq vaxtı yay tətillərimi Ucarda, nənəmgildə keçirmişəm. Nənəm, xalam, dayımgil Ucarda yaşayır, tez-tez onlara qonaq gedirdim. Onu bilirəm ki, o bölgə qədər isti yer görməmişəm. Yayda o qədər isti olurdu ki, sərinlənmək üçün meşə də tapa bilmirdim. Ümumiyyətlə, bütün Aran bölgələri kimi Ucarda da yay çox isti keçir. Sabirabad qarpızıyla, Lənkəran çayıyla, Gədəbəy kartofuyla məşhur olub, Ucar da sovet dönəmində “ağ qızıl”ıyla məşhur idi. Bizdə sosialist əməyi qəhrəmanları da olub.

Uşaq vaxtı Ucarda yediyim döşəmə plovunun dadı hələ də damağımdadır. Ümumiyyətlə, Aran bölgəsində döşəmə plovu xüsusi dadla bişirirlər.

“Qatarların səsindən müəyyən edirdim ki…”

Mübariz Əsgərov, tanınmış jurnalist:

- Uşaqlığım Ucarda keçib, 2 saylı Ucar rayon orta məktəbini bitirmişəm. Evimiz dəmir yol stansiyasının yaxınlığında yerləşir. Hər gecə qatarların səsi ilə yatıb, qatarların səsiylə də oyanırdım. Hətta qatarların səsindən müəyyən edirdim ki, hansı yük, hansı sərnişin qatarıdır. Yük qatarının səsi kobud, kişi addımını xatırladırdı, sərnişin qatarı isə zərif qadın addımlarının səsini çıxarırdı. O vaxt Vaqif Səmədoğlunun sözlərinə Emin Sabitoğlunun bəstələdiyi məşhur bir mahnı var, onu dinləyib, xəyallar qururdum:

Çıxırlar dünyaya qatarlar,

Qatarlar min yerə çatarlar.

Hələ ki, dünyada qatar var,

Gələrəm, vaqonlar ötəndə

Bəlkə, bəlkə, bəlkə də…

Düşünürdüm ki, nə vaxtsa mən də bu qatarlara minib, arzularımın arxasınca harasa gedəcəyəm. Moskvada təhsil aldığım illərdə də Ucara məhz qatarla qayıtmağa xoşlayırdım.

Ucarla bağlı o qədər xatirələrim var ki… Hələ ali məktəbə qəbul olunmamışdım, orta məktəbdə oxuduğum vaxtlarda Ucarda çıxan “Yeni söz” qəzetinə hekayələrim, şeirlərim çıxırdı. Orta məktəbi qurtaranda qəzetin redaktoru məni işə dəvət elədi. Boş gözətçi ştatına işə düzəldim. Amma durmadan məqalələrim çıxırdı. Bir gün rayon ziyalılarını mərkəzi kitabxanaya toplayıb, dəyirmi masa təşkil etdim. Bu yazını oxuyan raykom katibi Kərimov qəzetin redaktorunu yanına çağırıb, soruşub ki, bu yazının müəllifi kimdir? O da duruxa-duruxa deyib ki, gözətçi. O da cavab verib ki, əgər gözətçi belə yazılar yazırsa, demək ki, gələcəyi işıqlıdır. Mən də çalışdım ki, sonralar yazdıqlarımla işıq yandıra bilim.

Onu da deyim ki, dünyanın hansı kurort ölkəsində oluramsa, olum, Ucarı heç birinə dəyişmərəm. Baxmayaraq ki, havası isti, torpağı duzludur. Amma mənim üçün Ucar dünyanın ən gözəl məkanıdır. Ucar camaatı da səmimi, zəhmətkeş və duzlu-məzəli olurlar. Hətta onların ayağını tapdalasan belə səni yumorla, zarafatla yola verəcəklər. Mən Ucara gedəndə gecələr küçərlərdə təkbaşına dolaşmağı çox sevirəm. Uşaqlığımı xatırlayıram.

“İrana qaçaraq ölümdən yaxa qurtarmışdı”

Jurnalist Anar Tağıyev:

- Həyatımın ən gözəl illəri Ucarda keçib. İlk öncə onu qeyd edim ki, 80 min nəfərdən çox əhalisi olan rayon respublikamızın mərkəzi hissəsində yerləşir. Ucar ərazicə kiçik olsa da, bir sıra maraqlı xüsusiyyətləri ilə seçilir. Rayonun mərkəzi hissələrindən birində “Qaraçılar” məhəlləsi adlı böyük küçə var. Əvvəllər bu ərazidə bazar, alış-veriş mərkəzi də fəaliyyət göstərib. Üz-üzə tikilmiş, kiçik həyətyanı evlərdən ibarət olan 300-350 metrlik küçənin “Qaraçılar məhəlləsi” adlandırılması bir vaxtlar burada xeyli sayda qaraçı ailəsinin məskunlaşması ilə bağlıdır.

Qaraçı ailələri - qadınlar, qızlar və uşaqlar səhərdən günortaya qədər həmin bazarda gəzişir, sakinlərdən pul istəyirdilər. Onlardan bəziləri dilənmək üçün Bakıya, bir qismi isə Gəncəyə, məşhur İmamzadə məscidinə gedir, pul yığır, axşamlar geri qayıdırdı.

Qaraçılar sonradan respublikamızın ayrı-ayrı şəhər və rayonlarına, o cümlədən Yevlaxa, Ağdaşa, Gəncəyə, Bakıya, habelə digər yerlərə köçüblər. Onların çox az qismi burada qalmağa üstünlük verib. Hətta qaraçılardan yerli sakinlərə qaynayıb-qarışan, onlarla evlənən, ailə quranlar da olub. Başqa sözlə desəm, hazırda həmin küçədə yaşayan sakinlərin hamısı heç də qaraçı deyil. Amma onların arasında bir vaxtlar qaraçılarla yaxın olmuş şəxslər, habelə köçərilərin qohumları da var. Küçə yenə “Qaraçılar məhəlləsi” adlanır.

Ucarda ötən əsrin 60-cı illərində tikilmiş fin evləri məhəlləsi də maraqlı xüsusiyyəti ilə seçilir. Sakinlər bu ərazini “Finski” adlandırırlar. Bu məhəllənin salınması rayonun mərkəzini sel suları basmasından sonra başlayıb. 1963-cü ildə rayon ərazisini sel basdı. Xeyli ev su altında qaldı, bəziləri dağılıb sıradan çıxdı. Nəticədə, sakinlər evsiz-eşiksiz qaldı. Sonradan Rusiya və Finlandiyadan dəmiryol vasitəsilə, qatarlarla Ucara xeyli sayda taxta-şalban gətirilib. Həmin taxtaları dəmiryol vağzalından bura daşıyaraq, kiçik evlər tikdilər.

Bəziləri iki, bəziləri isə üç otaqdan ibarət olan kiçik fin evlərinin hətta mətbəxi, ayaqyolusu da taxtadan hazırlandı. Qərara aldılar ki, evləri elə fin layihəsi üzrə tiksinlər. İç-içə, darısqal, kiçik pəncərəli otaqlar qışda isti, yayda isə sərin və rütubətli olması ilə seçilir.

Ötən əsrin 30-cu illərdə rayonun Alpout kəndində sovet hakimiyyətinə, bolşeviklərin zorakı yollarla həyata keçirdikləri kollektivləşmə prosesinə qarşı silahlı mübarizə aparmış rayon sakini Qaçaq Mirələmin bolşevik rejiminə qarşı mübarizəsi bu günə kimi ətraflı araşdırılmayıb. Babam

Əli Tağıyev danışırdı ki, Qaçaq Mirələmi həbs etmək Ucarın o zamankı hüquq mühafizə orqanlarına nəsib olmayıb. Bakıdan Gəncəyə gedən Azərbaycan SSRİ-nin o zamankı rəhbəri Mircəfər Bağırov yolüstü Ucara gələrək sakinlərlə görüşərək qaçaqçılığa, silahlı mübarizəyə son qoyacağı təqdirdə Mirələmin hökumət tərəfindən bağışlanacağını bildirmişdi. Lakin qaçaq vədlərə inanmayaraq, mübarizəni davam etdirmişdi. Bir dəfə həbs olunmaq təhlükəsi ilə üzləşmiş Mirələm sonralar İrana qaçaraq ölümdən yaxa qurtarmışdı.

Ucarlıların tez-tez yaradıcılığına xitab etdiyi, Göyçay, Ağdaş, Kürdəmir və Hacıqabul rayonlarındakı toy məclislərində tamadaların şeirlərindən tez-tez sitat gətirdiyi şair Əli Səfəroğlunu da yada salmalıyam.

Bəndə atan daşa dözməyə nə var?!

Başına Allahın daşı düşməsin.

Misralarının müəllifinin yaradıcılığı kifayət qədər işıqlandırılmayıb.

Sonda onu da qeyd edim ki, hazırda Azərbaycanın tanınmış jurnalistləri arasında xeyli sayda ucarlı var. Anar Nəcəfli, Rafiq Həşimov və digərləri buna misal ola bilər.

… Ucarda olmamışam, amma eşitdiklərimdən bilirəm ki, doğulduğum İmişli kimi Ucarda da yayda istidən “qora bişir”. Amma təbiətin istiliyi insanların xasiyyətinə təsirsiz ötüşməyib. Ucar camaatı istiqanlılığı ilə seçilir. Adətən isti rayonların insanlarını zəhmətkeş, torpağa, əkinə-biçinə bağlı görmüşəm. Ucar camaatı da əməksevərliyi ilə ad çıxarıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm