Övladlarını məcburən manyaka, qatilə, başkəsənə etibar edən VALİDEYNLƏR
Bizi izləyin

Müfəttiş

Övladlarını məcburən manyaka, qatilə, başkəsənə etibar edən VALİDEYNLƏR

Yazdıqlarımız danışılanların heç bir faizi belə deyil.

Keçmiş laborant: Direktor müəllimləri şantaj edib, pul tələb edir. Bunları bildiyimə görə məni işdən qovub.

Direktor: O laborant seks videolarına görə qovulub. Həm də ştat artıq dolub.

Keçmiş laborant: Ştat yoxdursa, nə üçün digər laborant deyil, məni çıxarır? Üstəlik, mən yox, onun özü maraqlıdır seks videolarına baxmağa...

Beləcə, bu həftənin, bəlkə də, ayın ən qalmaqallı hadisəsi yaşandı. Yazdıqlarımız danışılanların heç bir faizi belə deyil. Heç hamısını yazmağa ehtiyac da görmədik. Onsuz da son günlər onlar haqqında bol-bol oxudunuz. Bəs sonra?

Sonrasını icazə verin Publika.az-ın “Müfəttiş”i araşdırsın.

Şəmkir rayon Aşağı Seyfəli kəndində yaşanan bu hadisəni rayon təhsil şöbəsi də araşdırır. Hələ araşdırmalar davam edir. Nəticənin nə olmasından asılı olmayaraq, deyişmələrin uzun müddət unudulmayacağı gerçəklikdir. Biz unutsaq da, bu məktəbdə təhsil alan şagirdlər hər dəfə sinfə daxil olanda, məktəbin qarşısından keçəndə, lap elə məktəbdə hələ sayı dəqiq bəlli olmayan o kompüterlərə baxanda bu söhbətləri xatırlamayacaqmı?

Xatırladıqca, təhsil aldığı sinfə, məktəbə qarşı ürəyində hansı hisslər keçəcək, sizcə?

Lap tutaq ki, faktlar təsdiqini tapmadı, direktor Akif Namazov işini davam etdirdi. Bütün bu söhbətlərdən sonra o şagirdlərin üzünə necə baxacaq?

Lap tutaq ki, işindən azad edildi, kənd camaatının içinə necə çıxacaq?

Bundan sonra, kənd camaatı ürək açıqlığı ilə bu müəllimlərə uşaq etibar edəcəkmi? Yoxsa onsuz da davamiyyətin 50 faizdən az olduğu məktəbə gedənlərin sayı bir az da azalacaq? Yox, bəlkə onlardan da pul istəniləck: dərsə gəlməmək, imtahandan keçmək üçün... Necə ki, diaqnostik qiymətləndirmə imtahanı üçün pul tələb edilirdi...

Bu suallar yəqin sizi də narahat edir. Etməyə bilməz. Çünki hadisə hər hansı idarədə yaşanmayıb ki, insanlar bir qarın çörəklərindən vaz keçib işdən çıxsınlar. Söhbət uşaqlarımız, gələcəyimizin elm, təhsil alması üçün göndərdiyimiz məktəbdən gedir. Bir daha deyirəm, bu məsələdə kimin haqlı olması, kiminsə seks videosuna baxıb-baxmaması əsas deyil, əsas olan yayılan bu xəbərlər və tərəflərin qarşılıqlı ittihamlarıdır. Hər halda, yayılan söhbətlərə də, qalmaqallara da səbəbkar məktəbin öz işçiləridir.

Amma bunun ilk və son olmadığı da gerçəklikdir. Ötən il paytaxtın 230 saylı məktəbinin direktoru Elşən Qafarova qarşı erməni əsilli direktor müavinin zorlama iddiası xatirimizdədir. Sizi bilmirəm “Müəfəttiş” unutmayıb.

Yaşanan bu hadisələr əslində müəllimlərin, lap elə məktəbə rəhbərlik edən şəxslərin düşüncələrini, mövqelərini ortaya qoyur. Qarşısındakı ittiham edərək vəziyyətdən çıxmağa çalışan müəllimlər sabah şagirdlərə nə öyrədə, hansı həyat dərsi verə bilər?

Bu hallar yaşanırkən, Təhsil Nazirliyi məktəb müəllimləri direktorların seçməsi ilə bağlı açıqlamalar verir. Düzdür, bu gələcəyə yönümlü qərardır. Lakin bir laborantla bacarmayan, mətbuata danışacağı sözü seçə bilməyən kəslərə seçmək şansı verilə bilərmi?

Bəs məktəb direktoru necə olmalı?

Məktəb direktoru – bir çox ixtisası özündə birləşdirən bu vəzifə sahibi müəllim, metodist, təsərrüfatçı, tədris prosesi təşkilatçısı, yaşlı və uşaq kollektivləri tərbiyəçisi kimi xüsusiyyətlərə malik olmalıdır. O, elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnməlidir. Ən azından elmi ədəbiyyatlarda belə yazılır. Təhsil Nazirliyinin direktorları işə qəbul üçün keçirdiyi müsabiqələrdə əsas tələbləri isə bu şəxslərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində bacarıqlarıdır.

Bu vaxta qədər icra hakimiyyətləri, təhsil şöbələrində tanışlıq hesabına bu vəzifəni tutanlar, bundan sonra imtahan verməli olacaq. Bundan sonra olacaqların nəyi dəyişəcəyini demək hələ tezdir. Bu vaxta qədər vəzifəni icra edənlərin qüsurları isə göz önündədir. Ekspertlər hesab edir ki, əsas səbəb necə təyin edilməsindən asılı olmayaraq onların nəzarətsiz qalmasıdır.

Özlərini kolxoz sədri sanırlar

Bu xəbərlərə münasibət bildirən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, son üç ildə ölkə gündəmini təhsil problemləri daha çox zəbt edir. Ekspert təəssüflə qeyd edir ki, məktəblərin uğurlarından danışmaqdansa, kiminsə vasitəsilə ora rəhbər təyin edilən, saxta diplomla tədris prosesini korlayan şəxslərin “fəaliyyəti” göz önündədir: “Düzdür, hazırkı nazirin vaxtında təhsildə bir sıra islahatlar keçirilib. Direktorların imtahanla qəbulu buna ən bariz nümunələrdəndir. Lakin direktor müəllim münaqişələri, müəllim və direktor tərəfindən zorlama xəbərlərini də eşidirik. Bu münasibət və xəbərlər sonda direktor-müəllim-şagird münasibətlərini pozur. Bu gün respublikada 4500-dən çox məktəb var, bu məktəblərdə 150 min müəllim çalışır, şagirdlərin sayı 1 milyon 500 min nəfərdir. Hər 10 şagirdə bir müəllim düşür. Amma əsas sual necə müəllimin düşməsidir. Test imtahanı ilə işə qəbula qədər rüşvət və tapşırıqla qəbul halları daha çox idi. 2014-cü ildə orta məktəblərdə 2500 müəllimin saxta diplomla çalışdığını təhsil naziri də etiraf etmişdi. Bu gün məktəblərin imicinə mənfi təsir göstərən müəllimlər məhz həmin kadrlardır”.

Ekspert hesab edir ki, nə qədər rayon təhsil şöbələri, hüquq mühafizə orqanları, icra hakimiyyətlərinin məktəblər və onların rəhbərlərinin fəaliyyətinə birbaşa təsir edəcək və direktorlar onları razı salmağa çalışacaqsa, təhsil problemləri həllini tapmayacaq: “Neqativ halın harada baş verməsindən asılı olmayaraq süuraltı təsir göstərir. Bir məktəbdə direktorun nalayiq hərəkəti 10 illərlə insanların süurunda qalır, özündən sonrakı nəsillərə də ötürülür. Ona görə də regionlardakı məktəblərə nəzarət gücləndirilməlidir. Müşahidələrimiz göstərir ki, son üç il ərzində Təhsil Nazirliyinin Bakıdan gedən nümayəndələri bölgələrdəki məktəblərin heç 30 faizini yoxlamayıb. Lakin direktor, müəllim onun fəaliyyətini mütəmadi, qəfildən yoxlayan birinin olduğunu bilsə, işinə daha diqqətlə yanaşar. Bu gün isə direktorlar özlərini hakimi mütləq, hətta kolxoz sədri sanır, heç kimdən qorxmur. Təhsil Nazirliyindən qısa zamanda bu hallara müdaxilə etməyi gözləyirəm”.

Qərb modeli təklif edilir

Sosioloq Rəfael Həsənovun sözlərinə görə, bu məsələnin kökündə idarəçilik problemləri durur: “Qərb təhsil modelində direktor sadəcə menecer rolunda çıxış edir. Məktəbdə işlər valideyn, müəllimlərin fəallığı ilə həyata keçirilir. Bizim məktəb direktorlarının adının belə qalmaqallarda səsləndirilməsində onları bu vəzifəyə necə seçilməsi, onlara nəzarət edilməsi məsələsi vacib rol oynayır”.

Sosioloqun sözlərinə görə, istənilən məktəbin rəhbərliyi ilk növbədə valideynlər, daha sonra kollektivi və Təhsil Nazirliyi qarşısında məsuliyyətini hiss etməlidir: “Direktorlar üzərində nəzarət sistemi qurulmalıdır ki, onlar özlərini mütləq ixtiyar hesab etməsin. Nəzarət sistemi düzgün qurulmadığından belə qalmaqallar yaşanır. Nəticədə bu məktəbdə normal ab-havanı pozur, qeyri-sağlam mühit formalaşmasına təsir edir. İşini sevən insan heç zaman belə gərgin vəziyyət yaratmaz. Kadr seçilərkən onun idarəçi, lider, pedaqoji təcrübəsi, səriştəsi əsas götürülməlidir. Gələcəkdə direktorlar üzərində Təhsil Nazirliyi ilə yanaşı ictimai nəzarət də qurulmlıdır. Bununla da direktor məsuliyyətini hiss edə bilər”.

Məktəbə inam azalır

Psixoloq Elnur Rüstəmovun bu məsələnin məktəbə, direktora inam hissinə təsir edəcəyini düşünür: “Bu hadisədə fərdlərin mübahisəsi yox, müəllim peşəsini daşıyan tərəflərin heç bir etik çərçivəyə sığmayan mübahisəsi əsas məsələdir. Belə məsələlərə maksimum diqqətli yanaşmaq lazımdır. Çünki bu faktlar həm məktəb, həm də müəllim nüfuzuna zərbə vurur. Əvvəl belə halların xarici ölkələrdə yaşandığını eşidirdik. Lakin artıq bu hadisələr bizim üçün də tədricən adiləşdirilir. Bu cür hadisələrdə kimin haqlı və ya haqsız olması sonrakı məsələdir, bəzən isə nəticə insanları maraqlandırmır. Oxucu bu hadisəni və qarşılıqlı ittihamları oxuyur. Bununla da məktəblə bağlı fikir formalaşır. Hətta müəllim və direktorun günahsız olması təsdiqlənsə belə, onların təkrar həmin məktəbdə işləməsinə münasibət fərqli olacaq. Mətbuatda yayılan bu xəbərləri yeniyetmə və uşaqların oxuduğunu unutmamalıyıq”.

Və sonda bir daha girişə qayıdıram. Şəmkirdəki hadisə ilə bağlı aşağı Seyfəli kəndinin bələdiyyə sədri Qalib Əhmədovla söhbətimizdə o hadisənin kökünün məktəbdəki qruplaşmalardan qaynaqlandığını demişdi. Məktəbdə kimin rəhbər olmasından asılı olmayaraq illərdir qalmaqalın əksilmədiyini də xatırlatmışdı. Görəsən, problem akiflərdədir, yoxsa onları təyin edənlərdə… Hər halda problemin kimdə olmasından asılı olmayaraq danılmaz bir fakt var: Azərbaycanda müqəddəs bildiyimiz o müəllim adı artıq dəfn edilmək üzrədir. Yox, bəlkə də artıq dəfn edilib. Çünki müəllim dedikdə biz artıq ilk olaraq zorlamanı, seksi, şantajı, rüşvəti və daha sadalamadığımız onlarla nalayiq hərəkətləri yada salırıq...

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm