• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İsveç Olimpiya Komitəsinin prezidenti İlk Avropa Oyunlarından danışdı

İsveç Olimpiya Komitəsinin prezidenti İlk Avropa Oyunlarından danışdı

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkənin Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberq ilə görüşüb.

Görüşdə iyunun 12-28-də Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Adış Məmmədov bu mötəbər tədbirin Azərbaycan üçün əhəmiyyətindən danışıb. O, birinci Avropa Oyunlarının Bakıda təşkilinin Avropa dövlətlərinin dostluq və qardaşlıq ideyalarına hörmətlə yanaşan Azərbaycan xalqına inamının və etimadının göstəricisi olduğu bildirib.

Avropa Oyunları kimi möhtəşəm tədbirin təşkil edilməsinin böyük şərəf olduğunu bildirən Stefan Lindeberq Azərbaycan xalqını bu münasibətlə təbrik edib.

İsveçin “Aftonbladet” qəzetində Azərbaycanda keçiriləcək Avropa Oyunlarına kölgə salmaq məqsədi güdən məqaləyə diqqəti cəlb edən Stefan Lindeberq bu qəzetin onun fikirlərini yanlış olaraq təqdim etməsindən təəssüf hissi keçirdiyini söyləyib. Jurnalist tərəfindən fikirlərinin təhrif olunduğunu bildirən İsveç Olimpiya Komitəsinin prezidenti əslində İsveçin səsvermə zamanı Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı deyil, qısa zaman kəsiyində belə bir oyunların təsis edilməsinə qarşı çıxdığını, lakin bunun “Aftonbladet” qəzeti tərəfindən İsveçin Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı çıxması kimi qələmə verildiyini qeyd edib.

İdman yarışlarının siyasətdən uzaq tədbirlər olduğunu, İsveç Olimpiya Komitəsinin dünyanın heç bir ölkəsinin daxili ictimai-siyasi proseslərinə qarışmağa haqqının olmadığını qeyd edən Lindeberq rəhbərlik etdiyi təşkilatın yalnız və yalnız idman məsələləri ilə məşğul olduğunu deyib və həmin məqalədəki fikirlərin ona aid olmaması və həqiqətə uyğun olmadığı ilə bağlı bəyanat da verdiyini qeyd edib.

Səfir Adış Məmmədov belə bir bəyanatla çıxış edib məsələyə aydınlıq gətirdiyi üçün Stefan Lindeberqə təşəkkürünü bildirib. İsveç mediasında belə fikirlərin səslənməsinin təəssüf hissi doğurduğunu bildirən səfir Avropanın ən qabaqcıl dövlətlərindən biri kimi İsveçdən Avropa Oyunlarına qarşı bu cür münasibətin göstərilməsinin gözlənilmədiyini, əksinə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarına bu cür dəstək və töhfəsini verən Azərbaycana münasibətdə xoş məramın və dəstəyin gözlənildiyini vurğulayıb. Lakin Avropada Azərbaycana qara yaxmaqla məşğul olan bəzi qrupların mövcud olduğunu təəssüflə bildirən A.Məmmədov Avropa ölkələrinin bəzi mətbuat orqanlarının belə qruplara xidmət etməsinin, sanki onların əlində vasitəyə çevrilməsinin qəbuledilməz olduğunu söyləyib. Adış Məmmədov Azərbaycanın gündən-günə inkişaf etdiyini, region siyasətində mühüm rol oynadığını, bütün bunlarla yanaşı, sülh və əmin-amanlıq ölkəsi olduğunu bildirib. O, birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın dünyaya dostluq və qardaşlıq mesajı vermək istədiyini qeyd edib.

İsveçin Olimpiya Komitəsinin prezidenti Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından danışaraq bu tədbirin səbirsizliklə gözlənildiyini qeyd edib.

Ölkəmiz haqqında xoş təəssüratlarını bölüşən Stefan Lindeberq Azərbaycana ötən il səfər etdiyini və bu səfər zamanı gözləmədiyi gözəlliklərlə qarşılaşdığını vurğulayıb.

Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edəcəyini söyləyən S.Lindeberq yarışlarda ölkəsini 16 idman növü üzrə 76 idmançının və 40-a yaxın məşqçı və digər heyətin təmsil edəcəyini, bu Oyunların İsveçdə birbaşa yayımlanması üçün isə yaxın günlərdə ölkənin idman yayım şirkəti olan VIASAT şirkəti ilə müqavilənin imzalanacağını bildirib. Sonra S.Lindeberq Azərbaycanda idman sahəsinə qoyulan sərmayələri, bir-birindən gözəl və beynəlxalq standartlara uyğun komplekslərin tikintisini nəzərə alaraq ölkəmizin Olimpiya Oyunlarına da ev sahibliyi etmək istəyinin olub-olmaması ilə maraqlanıb.

Məsələyə münasibətini bildirən səfir A.Məmmədov Azərbaycanın Olimpiya Oyunlarına da ev sahibliyi etmək niyyətində olduğunu, əslində isə ölkəmizin əsas məqsədinin dünyaya sülh, əmin-amanlıq və dostluq ölkəsi olduğunu göstərməkdən ibarət olduğunu diqqətə çatdırıb. A.Məmmədov bu gün Azərbaycanda təkcə idmanın deyil, mədəniyyətin bütün sahələrinin də inkişaf etdiyini, Azərbaycanın son 10 ildə dünyanın siyasi, iqtisadi və humanitar problemlərinin müzakirə olunduğu çoxsaylı beynəlxalq forumlara ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Sonda S.Lindeberq ölkəmizi belə qısa zamanda əldə etdiyi uğurlara görə təbrik edərək, Avropa Oyunlarından İsveçin qələbələrlə qayıdacağına ümidvar olduğunu bildirib.

Səfir A.Məmmədov İsveç komandasına Avropa Oyunlarında uğurlar arzulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR