Kiyevdə daha bir aksiya – “Bakı 2015”-lə bağlı
Bizi izləyin

Bakı 2015

Kiyevdə daha bir aksiya – “Bakı 2015”-lə bağlı

Ukraynanın paytaxtı Kiyevdə Mərkəzi Olimpiya stadionunda dövlət rəsmilərinin iştirakı ilə Bakı 2015 I Avropa Oyunları ilə bağlı kütləvi tanıtım aksiyası keçirilib.

Publika.az xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, aksiyada Avropa Oyunlarına qatılacaq ukraynalı idmançılar və idman azarkeşləri ilə yanaşı, ölkənin idman və gənclər naziri İqor Jdanov, Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka, BUAK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, müxtəlif millətlərdən olan, o cümlədən azərbaycanlı gənc fəallar, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

BUAK və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) birgə təşkilatçılığı ilə keçirilən aksiyaya xeyli sayda yerli sakin də qatılıb. Olimpiya Komitəsinin prezidenti Sergey Bubka bildirib ki, Ukraynada Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı böyük maraq var və ölkəsinin 243 idmançıdan ibarət ən hazırlıqlı komandası bu oyunlarda iştirak edəcək:

“İlk Avropa oyunlarının Bakıda keçirilməsi tək idman hadisəsi deyil. Bu, həm də Azərbaycanın avroatlantik məkana inteqrasiya olunmasında üzərinə götürdüyü öhdəliklərin uğurla yerinə yetirilməsinin əyani təzahürüdür. Həqiqətən də qürurverici haldır ki, iyunun 12-də bütün dünya Avropaya Bakıdan açılan pəncərədən baxacaq”.

O, Bakıya gələcək idmançılara müraciət edərək onlarla fəxr etdiklərini, qarşıdakı beynəlxalq idman yarışında ən yaxşı nəticəni göstərmək üçün bütün səylərini əsirgəməyəcəklərinə inandığını deyib.

Ukraynanın Gənclər və idman naziri İqor Jdanov isə deyib ki, Bakıda keçiriləcək İlk Avropa Oyunları onlar üçün xüsusi əhəmiyyət kəsb edir və ukraynalı idmançılardan yüksək nəticə, Ukrayna bayrağının bu oyunlarda daha ucada dalğalandırılmasını gözləyirlər.

BUAK sədri Rövşən Tağıyev Azərbaycanda bütün sahələrlə yanaşı, idmanın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini deyib. I Avropa Oyunlarına hazırlıqla bağlı Azərbaycanda görülən işlər, inşa olunmuş müxtəlif növ idman kompleksləri haqqında məlumat verib. 1996-cı ildən etibarən ölkəmizin olimpiya oyunlarına qatıldığını bildirən R.Tağıyev ötən dövr ərzində Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib:

“İlk Avropa oyunları Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədə əldə etdiyi beynəlxalq imicin göstəricisidir”.

Diaspor rəhbəri bu möhtəşəm idman yarışında ukraynalı idmançılara uğurlar arzulayıb.

Sonda tədbirin qonaqları Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Olimpiya stadionunun qarşısında təşkil etdiyi Azərbaycan guşəsində xalqımızın qədim və zəngin mədəniyyəti ilə tanış olublar. İştirakçılara Azərbaycana dair informasiya bukletləri paylanılıb, Bakıya gələcək idmançılara ölkəmizlə bağlı məlumat verilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm