Eşşəyin belində İrəvandan qaçdı, Türkiyədə kral oldu - FOTO
Bizi izləyin

Bilgi.az

Eşşəyin belində İrəvandan qaçdı, Türkiyədə kral oldu - FOTO

Eşşəyin belində İrəvandan qaçdı, Türkiyədə pendir kralı oldu

Publika.Az bu gündən yeni layihəyə start verir. Bu layihədə dünyanın fərqli ölkələrində kifayət qədər populyarlıq qazanmış, siyasət, mədəniyyət və iş həyatında ciddi postlar , mövqelər tutmuş , amma buna baxmayaraq tarixi vətənlərində tanınmayan azərilər haqda maraqlı bildiyimiz araşdırmalar təqdim etməyə çalışacağıq. İlk araşdırmamız Türkiyənin azəri əsilli pendir kralı Məcid Baxçıvan haqdadır.

İnsan səmimi olub öz həyatının kitabını yazanda bu hər kəsdə böyük maraq doğurur. Düz yeddi il əvvəl “Məcid Baxçıvan . Rəhva krallığından pendir krallığına qədər ” kitabını çapa verənədək Türkiyənin tanınmış iş adamlarından olan,” Baxçıvan qida”nın qurucusu Məcid Baxçıvan ağlına belə gətirməzdi ki, onun kitabı Türkiyədə hamının heyrət və marağına səbəb olacaq.

Amma bəzən ağla gəlməyənlər başa gəlir. Kitabın sürətlə yayılmasının və böyük oxucu kütləsi tərəfindən hədsiz sevgiylə qarşılanmasının yalnız bir sirri vardı. Müəllif oxucunun qarşısında riyakarlıq etməmişdi, kitabda yazılanlar səmimiydi.

Və bu səmimiyyət onun müstəsna özəl xasiyyətlərini üzə çıxarmışdı,oxucunun göz önündə bu dəfə kapital dünyasının əl çatmaz şəxsi deyil,sadə və tükənməz zəhmətlə zirvələr fəth etmiş bir şəxsiyyətin portreti canlanırdı.

Qədim kişilərdən olan müəllif kitabının imza günündə qeyd etmişdi ki, istərdim “Məcid Baxçıvan . Rəhva krallığından pendir krallığına qədər ” kitabı bizdən sonra gələn nəsillər üçün bir yol xəritəsi olsun,onlar həyat dolanbaclarında büdrəməsinlər.

Necə ki, Məcid bəy bunu bacardı...

Əslən azərbaycanlı ailənin övladı olan Məcid Baxçıvan 1931-ci ildə İrəvanda anadan olub. Ailə kommunist rejimindən yaxa qurtarmaq üçün İrana baş götürüb qaçır, iki il Urmiyada yaşadıqdan sonra Baxçıvanın ailəsi İran-Türkiyə sərhədini keçərək Türkiyənin Muş bölgəsində yerləşirlər.

Məcidin atası Rza bəy varlı bir insanıydı. Məcid bəy kitabında söz açır ki, o vaxt İrəvanda yaşayan müsəlman ailələrinə qarşı kommunistlər tərəfindən psixoloji təzyiqlər edilirdi. Ələlxüsus orta məktəblərdə oxuyan şagirdlərin beynini doldururdular ki, Lenin bir tanrıdır və sizlər ruzunuzu Allahdan deyil,Lenindən istəyin. O, Sizin istədiklərinizi verər. Mömin bir müsəlman olan Rza bəy kommunizm quruluşunda yaşamağa öyrəşə bilmir . Bütün var-dövlətini Sovet Ermənistanında buraxıb Türkiyəyə köç edib orada yaşamağı qərara alır.

O, sidq-ürəkdən inanırdı ki, əslində bütün gücü ilə çalışıb Allahdan istədiklərini ala biləcəyi bir ölkəyə köçür. Lakin İranda yaşadıqları iki ildə ailə tamamilə müflisləşir və sahib olduqları 4 ulaqla sərhədi keçən ailənin başına böyük müsibətlər gəlir.

İllər aclıq və səfalət içərisində keçir. Yerləşdikləri Muş bölgəsi... Ev yox, iş yox ...Kimsəni tanımırlar. Yalnız azadlıq vardı. Hətta soyuq qış günlərinin birində anası xəlvətcə üç qızıl dişini söküb ailə üçün iki həftəlik ərzaq və odun almışdı. Ərinə isə dişlərim tökülüb demişdi.

Atası yaşadıqları evin həyətində ibtidai üsullarla istixana qurub orada pomidor və badımcan yetişdirib satmağa başlayır. Rza bəy bu tərəvəz yetişdirmək üsulunu İrəvandan gətirmişdi. Qonşular istixanaya maraqla tamaşa edirdilər. Yoxsulluq və aclıq qorxusu ailəni dayanmadan işləməyə təşviq edirdi.

Məktəbə düzələn kiçik Məcid , ailənin dolanışığına kömək olmaq üçün dərsdən sonra küçələrdə isti süd satırdı.

Məcid Baxçıvan danışır ki, mən və mənim ailəmin o dövrlərdə keçirdiyi illəri fədakarlıqla dolu illər adlandırardım. Atam və anam ürəkli, iradəli və səbrli insanlar idilər. Onlar hədsiz dərəcədə inanırdılar və bizə də öyrədirdilər ki, bu qədər çalışmağı və bu qədər əziyyətləri Allah yerdə qoymayacaq...

Ağır zəhmətli işdən sonra isti ocaq başında istirahət etdiyi axşam saatlarında Rza bəy Aşıq Ələsgərdən şeirlər oxuyurdu...Vətən həsrəti başından çıxmırdı.

Allahdan dövlət istərəm,

İrəvanda bağım ola.

İçində mərmər hovuzu,

Ətrafı qonağım ola.

Saqi doldur ver içəlim,

Dostu düşməni seçəlim.

Qoca Tiflisdən keçəlim,

Kaqorda yaylağım ola.

İnadcıl Məcid küçədə süd sata-sata işlərini daha da böyüdür. Muşdan aldığı süd məhsullarını Diyarbəkirdə, Diyarbəkirdən aldıqlarını Bitlisdə satırdı. Amma bu üç bölgənin ortasında Rəhva (indi Aydınlar ilçəsi adlanır) deyilən bir qəsəbə vardı.

Qışı sərt keçən və qarlı havalarda aşırımları keçilməz olan bu bölgədə Baxçıvan pendir ticarəti qurmağa başlayır. Dəniz səviyyəsindən 1850 metr yüksəklikdə yerləşən bu qəsəbəyə getmək üçün hər il Nəmrud dağları ətəklərində 10-15 adam donvurmadan həlak olurdu. Çətin yolçuluqları əzmlə başa vurub Rəhvada ticarət qura bildiyi üçün ona “Rəhva kralı” adı vermişdilər.

Onun işgüzarlığı Şərqi və Cənubi Anadoluda əfsanəyə çevrilmişdi. Bu bölgənin kəndlərindən süd toplayaraq pendir ticarətinə başlamağa qərar verən Məcid Baxçıvan 50-ci illərin ortalarında Anadoluda süd və süd məhsullarının qiymətlərini yönəldə biləcək bir iqtisadi gücə çevrilməyə başlayır.

Amma indi 83 yaşının zirvəsindən keçdiyi həyat yoluna məmnunluqla boylanan Məcid Baxçıvan danışır ki, süd satmağa qərar verdiyi ilk zamanlarda qarşısına çıxan ən böyük əngəl süd satmağın İslam dininə görə qadağan edilməsi və ələlxüsus Muş camaatının süd ticarətinə birtəhər münasibət göstərməsi oldu.

Məcid Baxçıvan yeddi il əvvəl yazdığı kitabda o günləri belə qələmə alıb; “Muş və ətraf kəndlərdə süd satmağın günah olması baxımından yayğın bir inancın hökm sürdüyünü görürdüm. Anadolunun comərd və qənaətkar insanları südün Allah tərəfindən verilmiş bir nemət olması düşüncəsindəydilər. Onlar deyirdilər ki, südü satmağa və ya ondan nəsə hazırlamağa ehtiyac görmürük . Süd satmaq günahdır. ..”

Kəndlilər inək və qoyunlardan sağdıqları südlərini, qarşılıq gözləmədən bir-birlərinə pay verirdilər. Süddən kərə yağı və pendir hazırlamağa əmək sərf eləməyi isə ağıllarına belə gətirmək istəmirdilər.

Məcid Baxçıvan isə böyük həvəslə bölgədə pendir istehsalı qurmaq istəyirdi. Bunun üçün o, Muşda və ətraf kəndlərdə süd satmağın heç də haram olmaması mövzusunda geniş təbliğat işlərinə başlayır.

O, inadla kəndləri və təbii düşüncəli Anadolu insanını inandırmaq istəyirdi ki, İslam dinində süd satmağın haram olmasını bildirən heç bir fikir rast gəlinməyib. Baxçıvanın tezisləri bunlarıydı;

“Süd verən heyvanların bəslənməsi üçün əmək sərf edirsinizsə, onun südünün satılması nə üçün haram sayılmalıdır .”Baxçıvan sonda kəndlilərlə belə razılaşır ki,onlardan aldığı südü pendirə çevirib özlərinə qaytarsın...Beləcə, kaşar növü deyilən pendirin istehsalının əsası Türkiyədə ilk dəfə azərbaycanlı Məcid tərəfindən qoyulur.

O, ilk dəfə Şərqi və Cənubi Anadoluda dondurma istehsalına da başlayır. Istehsal durmadan genişlənir.

1990-cı ildə Lüləburqazda pendir fabriki açır. “Baxçıvan Qida Holdinqi” yaradır.

Baxçıvan deyir ki, əlimdəki kəsik izlərinə baxdıqca ağlıma donmaq təhlükəsini addatdığım günlər gəlir.”Ümid edirəm ki, yaşadıqlarımı kitabdan oxuyan gənclər səbrin, əzmin və çalışqanlığın insanın həyatda hansı zirvələrə gətirib çıxartdığını görə bilərlər. Qoy gənclər əzm və səbrlərini itirməsinlər.”

Baxçıvan gənclərə mesaj da ötürür ;“Çalışın ruhdan düşməyin. Tutduğunuzu qoparın.”

O, həyatda hər bir insana işıq tuta biləcək bir ömür yaşayıb. Məcid bəy bu qənaətdədir ki, əzm və çalışqanlıq sayəsində insan hər bir çətinliyi aradan qaldıra bilər.

Məcid Baxçıvan “Bahçıvan Qida holdinq”in İdarə Heyətinin sədri vəzifəsində qalsa da , şirkətin bütün işləri oğlu Ərdal Baxçıvanın çiyinlərindədir. Ərdal Baxçıvan eyni zamanda ,İstanbul Sənayeçilər Cəmiyyəti İdarə Heyətinin sədridir.

Bu gün Məcid kişinin pendirləri yalnız Türkiyədə deyil, Livanda, İraqda , Körfəz ölkələrində və Səudiyyə Ərəbistanında da satılır.

“Baxçıvan Qida” bu gün 86 çeşiddə pendir istehsal edir.

Məcid Baxçıvan danışır ki,mən hər zaman övladlarıma düşüncə sərbəstliyi vermişəm ki, həyatda büdrəməsinlər. Onlar istənilən məsələdə ağıllı mühakimələr yürüdür və mən də problemlər yarandığı zaman onlarla məsləhətləşirəm.

Məcid bəyin nəvəsi ,pendir krallığının vəliəhdi olan qız nəvəsi Əmrə Baxçıvan da deyir ki, biz “Baxçıvan Qida”nın strategiyası ilə bağlı istənilən qərarı qəbul edərkən sonda babamızla məsləhətləşirik.

İdman avtomobillərinin möhkəm həvəskarı olan Əmrə Baxçıvan “Ferrari” sürür və bir neçə il əvvəl Türkiyənin pleyboy kişiləri siyahısında ilk onluğa daxil edilmişdi. O bu siyahıya düşməsini sevinclə qarşılamamış və türk mediasına müsahibəsində əyləncələrdən uzaq olduğunu və həyatda ən vacib prinsipinin pendir istehsalı və onun satışı ilə məşğul olmaq olduğunu demişdi.

Məcid kişi indi də çalışmaqdan və ağ xalatını geyinib Lüləburqazda yerləşən pendir zavodunun içərisində dolaşmaqdan yorulmur. Məcid Baxçıvan deyir ki,damarlarımı kəssəniz süd axdığını görərsiniz.

Bingölün Solhan bölgəsində həyat yoldaşının adına məktəb inşa etdirən Məcid Baxçıvandan muşlu yerliləri bəzən pendir kralını öz doğma diyarına diqqətsizlik göstərməsindən gileylənirlər.

Elə bu sətirlərin müəllifi də muşluların giley-güzarına şərik çıxır . Axı,necə ola bilər ki, bu torpağın havasıyla suyuyla böyüyəsən və doğma bölgədə bir iş yeri açmayasan, bir məktəb tikdirməyəsən. Axı, Muş xalq mahnılarını da sən çox sevirsən;

Dəyirman boş dolanır ,

Suyu sərxoş dolanır.

Yarı gözəl olanın ,

Başı bir xoş dolanır.

Və sonuncu sual ; axı necə olub ki, Türkiyənin ən böyük pendir istehsalçısının azəri olmasından indiyəcən xəbərimiz olmayıb?

Teymur Mahmudov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm