Amansız terror Azərbaycan sərhədlərində: İŞİD-in yolunda əngəl qalmadı
Bizi izləyin

Dünya

Amansız terror Azərbaycan sərhədlərində: İŞİD-in yolunda əngəl qalmadı

Xəbər verildiyi kimi, avqustun 11-də Rusiya təhlükəsizlik gücləri Dağıstan Muxtar Respublikasında İŞİD terror təşkilatına biət edən “Qafqaz Əmirliyi” (“İmarat Qafqaz”) təşkilatına qarşı xüsusi əməliyyat həyata keçirib. Əməliyyatın gedişatında “Qafqaz Əmirliyi” (“İmarat Qafqaz”) təşkilatının lideri, Abu Usman Gimrinski kimi tanınan Maqomed Süleymanov, “Dağıstan əmiri” Kamil Saidov və Dağıstan dağ təşkilatının lideri Abdullah Abdullayev də öldürülüb.

Publika.az xəbər verir ki, “Gazeta.ru” Maqomed Suleymanovun ölümünün onun başçılıq etdiyi “Qafqaz Əmirliyi”nin fəaliyyətinə necə təsir edəcəyi barədə yazı dərc edib.

Qeyd edək ki, “Qafqaz Əmirliyi”nin lideri Doku Umarovun 2015-ci ilin aprelində öldürülməsindən sonra onun yerini Maqomed Süleymanov tutmuşdu. “Qafqaz Əmirliyi”nin əsası 2007-ci ildə Doku Umarov tərəfindən qoyulub. Təşkilat bir sıra terror aktlarının törədilməsində, o cümlədən 2010-cu ildə “Domodedovo” beynəlxalq aeroportundakı partlayışa görə ittiham olunur.

Ekspertlər hesab edirlər ki, Süleymanovun ölümü “Qafqaz Əmirliyi”nin sonunu gətirə bilər. Onlar təşkilatın yeni liderinin tapılacağına inanmırlar. Amma bununla belə ehtiyat edirlər ki, Süleymanovun ölümündən “İslam dövləti” (İŞİD) istifadə edə bilər.

“Şimali Qafqaz döyüşçüləri arasında artıq Suleymanov və ya Kebekov kimi nüfuzu olan insanlar qalmayıb”, - “Kavkazskiy uzel” nəşrinin baş redaktoru Qriqori Şvedov deyib.

Qafqazın Problemləri Mərkəzinin böyük elmi işçisi Əhməd Yarlıkapov hesab edir ki, təşkilatın növbəti lideri daha güclü vuruşan şəxs olacaq. Onun sözlərinə görə, təşkilata hazırkı mərhələdə dini mövzularda daha çox düşünən lider deyil, məhz daha güclü vuruşan lider lazımdır.

Bildirilir ki, “Qafqaz Əmirliyi”nin zəifləməsi artıq onun banisi olan Doku Umarovun ölümündən sonra özünü göstərirdi. Son iki liderin seçilməsi olduqca çətin bir proses olmuşdu. Təşkilatda ən nüfuzlu liderlərdən ibarət məsləhətçi orqan – Şura olmadığı üçün “seçkilər”in nəticələri bütün döyüşçülər tərəfindən tanınmamışdı. “İndi yeni liderin namizədliyini müəyyən etmək daha mürəkkəb olacaq. Hətta anlaşılmazdır ki, bu seçkiləri kim təşkil edəcək. Ona görə də liderin yoxluğu ehtimal ki, uzun müddət özünü göstərəcək”, - Yarlıkapov qeyd edib.

Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun Etnopolitik Tədqiqatlar Mərkəzi və Qafqazın Problemləri Mərkəzinin böyük elmi işçisi hesab edir ki, Suleymanovun qətli və “Qafqaz Əmirliyi”nin zəifləməsi müsbət hadisə olsa da, əsas problem İŞİD-in regionda güclənmə ehtimalının yüksəlməsidir.

Yarlıkapovun sözlərinə görə, “Qafqaz Əmirliyi” “Əl-Qaidə” ilə əlaqə saxlayırdı və bu terror təşkilatı tərəfindən maliyyələşdirilirdi. O, “Qafqaz Əmirliyi”nin hazırda “Əl-Qaidə”nin ciddi rəqibi olan İŞİD-in ciddi təzyiqin altında olduğunu söyləyib: “Ötən ilin sonunda “Qafqaz Əmirliyi”nin kəskin zəifləməsini onunla bağlayırdılar ki, təşkilata “Əl-Qaidə”nin son tranşları çatmayıb. Son məlumatlara görə, onlardan biri - 5 milyon dollar ünvanına çatmayıb”.

Hesab edilir ki, liderlərin kifayət qədər sərt olmaması döyüşçülərin bir çoxunun “Qafqaz Əmirliyi”ndən narazılığının səbəblərindən biri oldu. Ötən ilin sonundan təşkilatın səhra komandirləri kütləvi şəkildə İŞİD-ə sədaqət andı içməyə başladılar. 26 iyun 2015-ci ildə internetdə çıxan videoçarxda bildirilir ki, Şimali Qafqaz döyüşçüləri tam heyətdə İŞİD və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. Lakin ekspertlər bu cür xəbərlərə şübhə ilə baxırlar və deyirlər ki, bir çox hallarda belə bəyanatlar virtual xarakter daşıyır.

Ekspertlər həmçinin qeyd edirlər ki, İŞİD-ə sədaqət andı ilə bağlı dərc olunan video çarxın yayılmasının əsas hədəfi əslində insanlarda qorxu yaratmaqdır. Belə ki, ekspertlərin fikrincə, Doku Umarovu əvəz edən Əliasxab Kebekovun elan etdiyi taktika İŞİD-in taktikasından əhəmiyyətli dərəcədə fərqlənir. Əliaşxab Kebekov dinc əhaliyə qarşı terror aktlarının həyata keçirilməsi və kamikadze qadınlardan silahlı əməliyyatlarda istifadə olunmasına qarşı çıxırdı. Əhməd Yarlıkapovun sözlərinə görə, əgər “Qafqaz Əmirliyi”nin döyüşçüləri dövlət qulluqçuları və təhlükəsizlik orqanlarının əməkdaşlarına qarşı terrorla ixtisaslaşmışdısa, İŞİD-də bu, ümumi və çox amansız terrordur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm