Referendumdan əvvəlki və sonrakı Krım
Bizi izləyin

Dünya

Referendumdan əvvəlki və sonrakı Krım

Referendumdan əvvəlki və sonrakı Krım

Hazırda dünyanı düşündürən əsas suallar bunlardır: Ümumilikdə, 36 faiz Krım tatarı və ukraynalının olduğu Krımda vətəndaş qarşıdurması baş verə bilərmi? Rusiya Şərqi Ukraynadakı rusiyameylli şəhərlərə də qoşun göndərə bilərmi?

Publika.Az – ın verdiyi xəbərə görə, Krımda olan CNN Türk-ün əməkdaşı Murad Can Bilgincan “Referendum əvvəli və sonrası Krım” yazısında bu suallara cavab axtarmağa çalışıb.

“Keçən həftə Krımın paytaxtı Simferopolda idim… Gözlənilənlərin əksinə, hava limanından problem olmadan çıxmışdıq. Rusiya hərbçiləri Simferopol hava limanından çəkildiyi bir həftə idi. Küçələrdə hər kəs Beynəlxalq Qadınlar Gününü qeyd edirdi. Nahar etmək üçün dayandığımız restoranda qadınlarla bağlı çəkiliş aparılırdı. Görəsən, Krımdakı vəziyyəti çoxmu şişirtmişdik?”, - Bilgincan yazır.

O, Rusiya tərəfdarlarının əksəriyyətinin Baş Nazirliyin binası qarşısındakı Lenin Meydanında toplandığını bildirir:“Coşğulu mahnılar söyləyirdilər, səma zaman-zaman Rusiya bayrağının rənglərinə bürünürdü. Çəkilişlərimizi tamamladıqdan sonra meydandan uzaqlaşarkən birdən yaşlı bir adam operator olan böyük qardaşım Hilmi Yaşanın qarşısını kəsdi. Rus dilində qışqıra-qışqıra bir şeylər söylədi. Sonra yumruğunu göyə qaldırdı. O, qardaşımı oradan uzaqlaşdırmaq istədiyimi görəndən sonra mənim qarşımı kəsdi və yumruğunu yenə havaya qaldırdı. Bizi narahat əsas məsələ yumruğunun sifətimizə enmə ehtimalından daha çox, yumruğun enməsindən sonra başımıza gələ biləcəklər idi. Meydanda təxribat üçün fürsət gözləyən çoxlu insan var idi. Lakin şansımız gətirdi”.

Bilgincan yazır ki, Rusiya tərəfdarları ilə yanaşı Ukrayna tərəfdarlarının da nümayişləri keçirilirdi. Bu nümayişlərin əsasən Nazim Hikmət və Şevçenko parklarında keçirildiyini yazan "CNN Türk" əməkdaşı onların sayının Lenin Meydanında toplaşanlardan təxminən 10 dəfə az olduğunu qeyd edib.

Və Krım tatarları…

Jurnalistin bir sonrakı dayanacağı Krım Tatar Məclisi olub. “Burada Ukrayna Ali Radasının deputatı və Krım tatarlarının əfsanəvi lideri Mustafa Cəmilov ilə görüşdüm. Çox narahat idi. Rusiya tərəfdarları və tatarlar Maydan hadisələrində yalnız bir dəfə qarşı-qarşıya gəlmişdilər. İki rus həyatını itirmişdi. Silahlı ruslar tərəfindən Krım parlamentinin ələ keçirilməsindən sonra Mustafa Cəmilov tatarlara sakit olmağı və küçələrə çıxmamağı tövsiyə etmişdi. Krım tatarları bu günə qədər onun sözünu dinlədi, amma o, məmləkətinin əldən getdiyini düşünən gənc tatarları evlərində saxlamağın çətin olduğunu etiraf edir”, - Bilgincan bildirir.

Jurnalist M.Cəmilovun onunla görüşdən sonra dərhal Simferopol yaxınlığındakı Perevalne hərbi bazasına getdiyini bildirib:“Hərbi baza ruslar tərəfindən mühasirəyə alınmışdı. Cəmilov millət vəkili adı ilə bazaya daxil olaraq Ukrayna əsgərlərinin ehtiyacları ilə maraqlanmaq istəyirdi. Biz də bazaya getdik. Amma içəri buraxılmadıq. Bazanın ətrafında 10-a qədər Rusiya hərbçisi keşik çəkirdi”.

Referendumda gözlənilən oldu

Ötən bazar günü Krımda referendum keçirildi. Əhali Krımın Rusiyanın bir parçası olub-olmayacağına səs verdi.“Orada söhbət etdiyim hər kəs referendumdan Rusiya birləşmək qərarının çıxacağına əmin idi. Haqlı da çıxdılar. Krım Seçki Komissiyasına görə, seçicilərin 83 faizi referendumda iştirak etmiş və səs verənlərin 96,8 faizi Rusiyaya birləşməyə tərəfdar çıxmışdı. Amma ağıllarda sual işarələri qalıb: 36 faizi tatar və ukraynalılardan ibarət olan Krımda vətəndaş müharibəsi baş verərmi: Rusiya Şərqi Ukraynadakı Rusiya tərəfdarı başqa şəhərlərə də hərbçilər göndərəcəkmi? Tatarlar və ukraynalılar referendumu boykot etdi, lakin Simferopol küçələrində hərəkətlilik hələ başlamayıb. İnsanlar narahatlıq içində baş verənləri izləyirlər. İkinci suala gəlincə… Krım baş nazirinin köməkçisi Rustam Temirgaliyev Şərqi Ukrayna əhalisinin 75 faizinin Rusiyaya birləşmək istədiyini bildirir. Şərqi Ukraynadakı şəhərlərdən olan Donetskdə prokurorluq binasına Rusiya bayrağı qaldırılıb. Əsas diqqət çəkən hadisə isə 80 hərbçinin Ukraynanın Krım sərhədindəki bir təbii qaz stansiyasını ələ keçirməsi idi. Bütün bu hadisəlrədən sonra Ukrayna hökuməti səfərbərlik elan etdi. Gerçək budur ki, Avropa İttifaqı və ABŞ-ın hərbi dəstəyi olmadan Ukrayna Rusiya ordusu ilə bacara bilməz, lakin paytaxt Kiyevə hakim olan milliyyətçilər Ukraynanın ikiyə bölünməsini həzm edə bilməzsə, Qara dəniz sularına qan qarışa bilər”, - Bilgincan sonda qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm