Ukraynanı “Şokolad kralı” idarə edəcək - Foto
Bizi izləyin

Dünya

Ukraynanı “Şokolad kralı” idarə edəcək - Foto

Ukraynanı “Şokolad kralı” idarə edəcək

Krımın Rusiyanın əlinə keçməsinin şokunu yaşayan Ukrayna prezident seçkisinə hazırlaşır. Artıq bir neçə şəxsin prezidentliyə namizədliyi də qeydə alınıb. UDAR (“Zərbə”) Partiyasının rəhbəri, Maydan hadisələrinin liderlərindən olan Vitali Kliçkonun da prezidentliyə namizəd olacağı gözlənilsə də, bu baş verməyib.

“Şokolad kralı” səhnəyə çıxır

V.Kliçko qələbə şansının az olduğunu əsas gətirərək məşhur "Roshen" qənnadı və "Boqdan" avtomobil korporasiyalarının sahibi, “Şokolad kralı” adlandırılan 48 yaşlı Pyotr Poroşenkonun lehinə prezident postu uğrunda yarışdan geri çəkilib.

Kliçko və Poroşenko arasında martın 29-da ölkə prezidenti və Kiyev meri seçkilərində qələbə qazanmaq üçün səylərini birləşdirmək barədə Bəyannamə imzalanıb. Bəyannamədə deyilir: “Biz ambisiyalarımızdan əl çəkir və müxalifətdən prezident vəzifəsinə Pyotr Poroşenkonun və Kiyev meri vəzifəsinə Vitali Kliçkonun vahid namizəd olduqlarını bəyan edirik”.

ABŞ-ın “Nyu York Tayms” qəzeti də yazır ki, Ukraynanın növbəti prezidenti ölkənin indiki “Şokolad kralı” ola bilər.

Pyotr Alekseyeviç Poroşenko “Forbs” jurnalının (2013, fevral) rəyinə görə, Ukrayna varlıları arasında 5-ci yer tutur. Onun varidatının isə 1,8 milyard dollar olduğu bildirilir. O, Ukrayna xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidentidir. P.Poroşenko 1998-2005-ci və 2006-2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Milli Bankı Şurasının rəhbəri (2007-2012-ci illər), Ukraynanın xarici işlər naziri (2009-2010-cu illər), Ukraynanın iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il) olub.

O, Avropaya inteqrasiyaya tərəfdardır və V.Kliçkonun öz tərəfdarlarını Poroşenkoya səs verməyə çağırandan sonra onun seçkidə qələbə qazanmaq şansı da xeyli artıb. “New York Times” yazır ki, Rusiya hücuma keçməsəydi, Poroşenko yəqin ki, elə şokoladçı kimi qalacaqdı. “Səhhətə ziyanlı olduğunu əsas gətirən Rusiya "Roshen" şokoladlarının idxalını qadağan etdi. Bu da Poroşenkoya milyonlarla ziyan vurdu və o, çox qəzəbli reaksiya verdi”, - ABŞ qəzeti qeyd edir.

Rəy sorğuları da “Poroşenko” deyir

Ukraynada 10 il əvvəlki “Narıncı inqilab”ın simvolu olan keçmiş baş nazir Yulia Timoşenko iki il yarım həbsdə qaldıqdan sonra prezident kreslosuna oturmaq üçün siyasətə qayıdıb. Ancaq siyasi mütəxəssislər və rəy sorğuları Timoşenkonun çox da şanslı olmadığını deyir. Rəy sorğularına görə, “Şokolad kralı” öndədir. Hazırkı nəticələrə görə, xalqın 25 faizi Poroşenkonu dəstəkləyir. Boks üzrə keçmiş dünya çempionu V.Kliçkonun namizədlikdən çəkilməsi də Poroşenkonun prezident seçilmə ehtimalını artırıb. Rəy sorğuları xalqın 9 faizinin Kliçkonu dəstəklədiyini göstərir. Y.Timoşenko isə 8 faizlik bir dəstəyə sahibdir.

Həm Qərb, həm də Moskva tərəfdarı hökumətlərdə iqtisadiyyat naziri də olmaqla bir çox vəzifədə çalışan P.Poroşenko təcrübəli bir siyasətçidir. Siyasi müşahidəçilər siyasi təcrübəsi və iş dünyasındakı dərin əlaqələri olan Poroşenkonun Rusiya və Qərb tərəfdarları arasında bölünən ölkədə körpü rolunu oynaya biləcəyini ifadə edir.

Eyibsiz Poroşenko

Bir limanı və bir özəl televiziya kanalı olduğu deyilən “Şokolad kralı” təmiz bir işadamı olaraq tanınır. “Çesno” adlı qeyri-hökumət təşkilatının rəhbəri Svetlana Salişçuk indiyə qədər onun sui-istifadəyə yol veməsi barədə heç bir məlumata rast gəlmədiyini ifadə edir. O, Poroşenkonun siyasətçi olaraq da şəffaf olduğunu bildirir.

1990-cı illərin sonundan siyasi karyerində tez-tez partiya dəyişdirsə də, bu Poroşenkonun məşhurluğuna mənfi təsir göstərməyib. Milyarder işadamı ilk olaraq keçmiş dövlət başçısı Leonik Kuçmanın yanında yer almışdı. Daha sonra Viktor Yanukoviç ilə Regionlar Partiyasının bünövrəsini qoyub. Ölkədə “Narıncı inqilabı” dəstəkləyən yeganə oliqarx oldu və bu onu xarici işlər naziri postuna apardı. V.Yanukoviçin prezident olmasından qısa müddət sonra iqtisadiyyat naziri olan Poroşenko Maydan hadisələrində müxalifət cəbhəsində yer aldı.

Siyasi ekspert Kiril Savin bütün bu kəndirbazlıqların həyatda qalma strategiyası olduğunu ifadə edir:“Böyük bir iş adamının müxalifətin yanında olmaması lazımdır. Çünki, işləri bundan mənfi təsir görə bilər. Poroşenkonun siyasi seçiminin gələcəkdə də dəyişəcəyi ehtimalını istisna etmirəm”.

“Şokolad kralı” ifrat sağçı ifadələrdən də uzaq dayanır. Hesab olunur ki, Poroşenko sağ millətçi bir xətt yürütməkdənsə, ölkəni irəli aparmağın yollarını axtaracaq. Rəy sorğuları Y.Timoşenkodan fərqli olaraq Poroşenkonun ölkənin şərqində də məşhur olduğunu göstərir. Ukraynanın şərqindəki seçicilər ona “içimizdən çıxaraq uğurlar qazanan biri” gözü ilə baxır.

Rusiya prezidenti Vladimir Putin haqqında ölüm təhdidlərinin yer aldığı bir səs qeydinin yayılmasından sonra Y.Timoşenkonun səslərində azalma müşahidə edilir. Buna baxmayaraq, əsas mübarizənin Poroşenko ilə Timoşenko arasında gedəcəyi gözlənilir.

Amma iddialara görə, Qərb məhz Poroşenkonun namizədliyi üzərində dayanıb. V.Kliçkonun namizədlikdən asanlıqla geri çəkilməsi də bununla əlaqələndirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm