Türkiyənin baş naziri postuna namizəd kimdir? - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyənin baş naziri postuna namizəd kimdir? - FOTOLAR

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İdarə Heyətinin mayın 19-da keçirilən toplantısından sonra Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım ölkənin baş naziri vəzifəsinə namizəd oldu.

Mayın 22-də AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Həmin tədbirdə B.Yıldırım partiya sədrliyinə və baş nazir kürsüsünə oturmağa hazırlaşır.

O, 1955-ci ildə Erzincan şəhərində dünyaya göz açıb. İstanbul Texniki Universitetinin Gəmi İnşası və Deniz Elmləri Fakültəsindən məzun olub, daha sonra həmin bölümün magistratura pilləsində təhsil alıb.

O, 1978-1993 illər arasında Türkiyə Gəmi Sənaye Ümumi Müdirliyi və Camialtı limanında mühəndis və idarəçi vəzifələrində işləyib.

O, 1990-1991-ci illərdə İsveçdə olan BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatına aid Dünya Dənizçilik Universitetində Dənizdə Can və Mal Təhlükəsizliyi sahəsində ixtisas təhsili alıb.

AKP-nin qurucularından biridir

Binəli Yıldırımın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə yaxınlığı isə Ərdoğanın 1994-1999-cu illərdə İstanbul Bələdiyyəsinin sədri olduğu zamanlardan başlayır.

Həmin dönəmdə İstanbul Dəniz Avtobusları Müəssisəsinin baş direktoru olan B.Yıldırım, ictimai nəqliyyatın dəniz vasitəsi ilə də həyata keçirilməsi üçün çalışıb. Bu sahədə bir sıra yeniliklərə imza atıb. B.Yıldırım 2001-ci ildə AKP-nin qurucuları sırasında yer alıb.

Partiya 2002-ci ildə hakimiyyətə gəlib. AKP hakimiyyəti illərində (2002-2003 və 2007-2011-ci illərdə) Türkiyənin nəqliyyat naziri B.Yıldırım olub.

“Pamukova faciəsi”ndən sonra istefası tələb edilib

B.Yıldırımın nazir olduğu vaxtlarda - 22 iyul 2004-cü ildə “Pamukova faciəsi” olaraq tanınan qatar qəzası yaşandı. Ankara-İstanbul arasında sürətləndirilmiş səfərini həyata keçirən və içərisində 291 nəfər sərnişinin olduğu qatar Sakarya şəhərinin Pamukova bölgəsində relsdən çıxaraq qəzaya uğradı. Həmin qəzada 41 sərnişin həyatını itirdi.

Qəzanın səbəbi kimi maşinistin sürət həddini aşdığı bildirildi. B.Yıldırım çağırışlara baxmayaraq, istefa vermədi.

Adı bir sıra qanunsuzluqlarda hallanıb

B.Yıldırım və onun bacanağı Cəmaləddin Haberdarın adı rüşvət məsələlərində hallanıb. İzmirin liman və gömrüklərdəki rüşvət iddialarını araşdıran Respublika prokuroru Ali Çalik aralarında B.Yıldırımın bacanağı Camaləddin Haberdar da olmaqla, bir neçə nəfəri dindirib.

CHP lideri Kamal Kılıçdaroğlu 2014-cü il fevralın 4-də B.Yıldırım haqda bəzi sənədləri açıqlayıb. O, iddia edib ki, ATV və “Sabah” qəzetinin satışı zamanı işadamlarından pul toplanılması üçün B.Yıldırım koordinator təyin edilib və 630 milyon dollar pul toplanılıb. B.Yıldırım və hökumət bütün bu iddiaları yalanlayıb.

Türkiyənin yeni baş naziri...

İstanbul, Erzincan və İzmirdən millət vəkili seçilən B.Yıldırım, 2014-cü ildə nazir vəzifəsindən istefa verərək, seçkilərdə yarışıb.

İzmir Bələdiyyə sədrliyinə namizəd olan B.Yıldırım, 2014-cü il 30 mart seçkilərində CHP-nin “alınmaz qala”sı sayılan bu şəhərdə AKP-nin səslərini 36 faizə yüksəldib, lakin seçkini qazana bilməyib.

2014-cü ilin iyun ayında baş nazir olan, iki ay sonra isə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın müşaviri olub.

AKP-nin 2015-ci il noyabr zəfərindən sonra baş nazir Əhməd Davudoğlu tərəfindən açıqlanan 64-cü hökumətdə nəqliyyat, dənizçilik və kommunikasiya naziri yenidən Binəli Yıldırım oldu.

B.Yıldırım Türkiyə tarixində ən uzun müddət nəqliyyat naziri olaraq vəzifədə qalan siyasətçidir.

Onun nazir olduğu müddətdə 17 min 500 km yol təmir olunub, aktiv hava limanlarının sayı 26-dan 55-ə yüksəlib.

B.Yıldırım nazir olduğu dövrdə dünyada cəmisi 5 faiz böyüyən hava sektorunun, Türkiyədə 15 faiz böyüdüyünü vurğulayıb.

Evli və 3 uşağ atası olan, ingiliscə və fransızca bilən B.Yıldırımın mayın 22-də AKP-nin növbədənkənar keçiriləcək qurultayında 65-ci hökuməti qurması və Türkiyə Respublikasının yeni baş nazir olması gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm