Tarixin ən qanlı müharibələri - - FOTOLAR
Bizi izləyin

Dünya

Tarixin ən qanlı müharibələri - - FOTOLAR

Ən qanlı və dəhşətli 10 müharibənin xülasəsi

Dünyada sayı bilinməyən müharibələrdən bəziləri insanlıq tarixi üçün dəhşətlərlə xatırlanır. Çünki bu müharibələrin nəticələri milyonlarla insanın və dövlətlərin gələcəyini dəyişib, tarixə unudulmaz hadisələr olaraq yazılıb. Bu müharibələr zamanı həm də milyonlarla insan həlak olub.

Publika.az tarixdə baş verən ən qanlı və dəhşətli 10 müharibənin xülasəsini təqdim edir.

10 - İkinci Konqo vətəndaş müharibəsi (1998-2003-cü illərdə)

Demokratik Konqo Respublikasında 1998-ci ildə başlayan və bu günün özünə kimi də davam edən vətəndaş müharibəsi tarixə bəşər övladının ən böyük qırğınına gətirib çıxaran qarşıdurmalardan biri kimi düşüb. Dəhşətli faktlardan biri də ondan ibarətdir ki, müharibəyə ən çox cəlb edilənlər 10-11 yaşında uşaqlar idi. Onlar zabitlər tərəfindən ailələrindən məcburi şəkildə alınır və hərbi düşərgələrə aparılırdılar. Uşaqlardan ibarət olan yüzlərlə əsgər bir neçə gün içində hərbi əməliyyatlar zamanı həlak olurdu. Təcrübəsizlik, sağlamlıq vəziyyətlərinin yaxşı olmaması onların qısa zaman içində həlak olmasına səbəb olurdu. Bu müddət ərzində ölkədə bəşəriyyətə qarşı baş verən cinayətlərin sayı-hesabı olmayıb.

Vətəndaş müharibəsi dövründə ölkədə 6 milyondan çox insan həlak olub. Ölənlərin çox hissəsi günahsız insanlar idi.

9 - Rusiyada vətəndaş müharibəsi (1917 - 1922-ci illərdə)

Rusiyadakı vətəndaş müharibəsi 1917-1922-ci illərdə davam edib, oktyabr çevrilişi nəticəsində hakimiyyətə gəlmiş bolşeviklərlə, rus müxalif qrupları arasında baş vermiş vətəndaş müharibəsi olub.

Əsas döyüşlər Sovet Rusiyasına tabe olan Qızıl Ordu və Rusiya İmperiyasına tabe olan Ağ Qvardiya arasında gedib. Vətəndaş müharibəsində Sovet Rusiyasının qalib gəlməsi nəticəsində dünyada ilk sosialist hakimiyyəti yaradılıb. Müharibə nəticəsində 6 milyon insan həlak olub.

8 - Dunqa üsyanı (1862-1877-ci illərdə)

Dunqa üsyanı 19-cu əsrdə Çində meydana gələn dini və etnik xalq qiyamıdır. Qiyam nəticəsində 8 milyon insan həlak olub.

7 - An Luşan üsyanı (755-763-cü illərdə)

An Luşan üsyanı 16 dekabr 755-ci ildən 17 fevral 763-cü ilədək Çində baş vermiş qanlı üsyandır. Üsyan Tan sülaləsi dövründə başlayıb, Shi Chaonun intihar etməsi ilə bitib. Üsyan zamanı 13 milyon insan ölüb.

6 - Əmir Teymurun fəthləri (1369-1405-ci illərdə)

Teymurilər dövlətinin banisi, 1370-ci ildə Əmir titulu almış görkəmli sərkərdə Əmir Teymur 1369-1405-ci illərdə Mərkəzi, Qərbi və Şərqi Asiyanı, habelə Qafqazı, Rusiyanın indiki ərazisinin bəzi hissələrini və Volqaətrafı bölgələri fəth edən zaman apardığı döyüşlərdə 15 milyondan çox insanın həlak olduğu deyilir.

5 - Birinci Dünya Müharibəsi (1914-1918-ci illərdə)

I Dünya Müharibəsi bəşəriyyət tarixində İkinci Dünya Müharibəsinə qədərki ən böyük müharibədir. Bu adlandırma İkinci dünya müharibəsinin başlamasından sonra istifadə edilməyə başlanıb, ona qədər isə Qərbdə "Böyük müharibə" və ya "Dünya müharibəsi" adlandırılıb.

Bu müharibəyə iki alyansda birləşən dünyanın ən böyük güc mərkəzləri qoşulub. Müharibə zamanı 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edilib.

Birinci Dünya Müharibəsi nəticəsində 10 milyona yaxın əsgər ölüb.

4 - Taypin üsyanı (1850-1864-cü illərdə)

Taypin üsyanı 1850-1864-cü illərdə Çində baş verən kəndli müharibəsidir. Müharibə nəticəsində 20 milyon insanın həlak olduğu deyilir.

3 - Qinq imperatorluğunun Minq imperatorluğunu fəthi (1616-1662-ci illərdə)

Çində 1616-1662-ci illərdə Qinq imperatorluğunun Minq imperatorluğunu fəth etməsi zamanı davam edən müharibədə 25 milyon adamın həlak olduğu güman olunur.

2 – Monqolların Avrasiya istilaları (1206-1368-ci illərdə)

Böyük Monqol imperiyasının (1206-1368) qurucusu olmuş görkəmli Monqol hökmdarı və sərkərdəsi Çingiz Xan öz qoşunları ilə Avropa və Asiya yürüşlər edir. Bu yürüşlər monqol istilası ilə nəticələnir. Monqolların Avropa və Asiyaya hücumu nəticəsində 30 milyon nəfər insanın həlak olduğu deyilir.

1 - İkinci dünya müharibəsi (1939-1945-ci illərdə)

İkinci dünya müharibəsi XX əsrdə baş vermiş iki dünya müharibəsindən ikincisidir. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.

İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə edib.

2 sentyabr 1945-ci il tarixində başa çatan müharibə 60 milyona yaxın insanın ölümünə səbəb olub. Bunlardan 30 milyonu döyüş meydanlarında, əsirlikdə, düşərgələrdə həlak olub. Bundan başqa müharibə 25 milyondan çox dinc əhalinin həyatına son qoyub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm