Dünya
İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan etdi - (YENİLƏNDİ)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə
bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə
qəbul edilib.
Publika.az xəbər verir ki, bəyannamədə Şərqi Qüds
Fələstinin paytaxtı elan edilib. Təşkilat dünya ölkələrini işğal
altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa
çağırıb.
Qeyd olunur ki, ABŞ qeyri-qanunu qərarından imtina etməsə, baş verənlərə görə məsuliyyət bu ölkənin üzərinə düşəcək.
Sənədə görə, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.
***
ABŞ ilə daim işbirliyi içində olduğunu deyən Mahmud Abbas ABŞ-ın son qərarı ilə bütün xəttləri keçdiyini deyib:
“Onlarla rəsmi olaraq bir razılaşma əldə etdik. Bu razılaşmaya əsasən, bir sıra beynəlxalq təşkilatların üzvü olmadıq. Digər tərəfdən, Qüdsün İsrailin paytaxtı kimi tanınmaması və Vaşinqtondakı ofisimizin bağlanmamasını istədik. ABŞ bu razılaşmanı pozdu, biz də bütün sözlərimizdən geri çəkiləcəyik”.
İƏT-ə üzv ölkələrin ABŞ-la münasibətlərini yenidən müəyyənləşdirməli olduğunu deyən Fələstin lideri dünya dövlətlərini İsrail dövlətini tanımaq barədə qərarlarını ləğv etməyə də çağırıb.
Mahmud Abbas iki dövlətli həll variantına tərəfdar olduqlarını dilə gətirib. Dünyada Fələstini tanıyan dövlətlərin sayının İsraili tanıyan dövlətlərin sayından çox olduğunu vurğulayan Fələstin başçısı bildirib ki, ABŞ veto qoysa da, BMT-yə üzv olmaq üçün ardıcıl fəaliyyətini davam etdirəcəklər.
***
Fələstin lideri çıxışında Böyük Britaniyanın özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdiyini bildirib. Onun sözlərinə görə, Britaniya bunu edəndə ən böyük tərəfdaşı ABŞ idi.
“Tramp Qüdsü hədiyyə olaraq İsrailə verir. Sanki, dünyada qərar verən yeganə şəxsdir. Amma ABŞ-ın yanında olanlar belə bu dəfə Trampın qərarını dəstəkləmədi. Dünyanın dörd bir tərəfində olan ölkələr, həmçinin daim ABŞ-ın yanında olan Kanada, İngiltərə və Avstraliya kimi ölkələr Trampa dəstək vermədilər. Birləşmiş Ştatlar bütün insanlığın vicdanına zərər verəcək bir qərar qəbul etdi. İşğal altında olan Fələstin dövlətinin tanınması üçün çalışmalıyıq”, - Mahmud Abbas bildirib.
Fələstin lideri Qüdsün əvvəllər və indi olduğu kimi, gələcəkdə də Fələstinin paytaxtı olacağını söyləyib: “Qüds Fələstinin əbədi paytaxtı, müsəlman və xristianların şəhəri olaraq qalacaq. Qüds Fələstin tacının ən qiymətli daşıdır. Qüds olmadan sülh və barışıqdan danışmaq mümkün deyil. BMT-nin qərarına əsasən, Qüdsdə hər hansı ölkənin səfirliyinin yerləşdirilməsi qeyri-qanunidir. Birtərəfli qərarı ilə ABŞ etibarsız vəziyyətə düşdü. ABŞ beləliklə, vasitəçi missiyasını itirib. Bundan sonra da ABŞ bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək”.
Mahmud Abbas ABŞ-ın bu qərarının yeni toqquşmalara yol açacağını vurğulayıb.
Türkiyə prezidentinin Şərqi Qudsü Fələstinin işğal altındakı paytaxtı kimi tanıması barədə çağırışı zirvə toplantısının yekun bəyannaməsində yer alacaq.
***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zirvə toplantısının açılışında çıxş edib. Türkiyə lideri ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaqla beynəlxalq qanunları pozduğunu bildirib.
“Onsuz da işğal altında olan bu şəhər haqqında belə bir qərarın heç bir qanuni hökmü yoxdur. ABŞ-ın veto səlahiyyətinə sahib olduğu BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi qətnaməyə görə, heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. ABŞ-ın bu qeyri-qanuni qərarını yalnız Qüdsü işğal altında saxlayan İsrail dəstəklədi. Bu qeyri-qanuni qərarı qəbul etməyən bütün ölkələrə təşəkkür edirik”, - Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, bu qərar, ilk növbədə, sülh istəyən fələstinlilərin cəzalandırılması deməkdir.
Ərdoğan böyük ekranda göstərilən xəritə üzərindən Fələstində 1947-ci ildən bu yana baş verən prosesləri izah edib. O, ötən illər ərzində Fələstinin kiçildiyini, İsrailin isə böyüdüyün deyib.
Ərdoğan Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb.
“İslam ölkələri paytaxtı Qüds olan, müstəqil Fələstin dövləti tələbindən əsla vaz keçməyəcək”, - o vurğulayıb.
Türkiyə lideri Qüdsü İsrailin paytaxtı kimi tanıyan ABŞ prezidenti Donald Trampı da tənqid edib:
“Mən qərar verdim deməklə, bu dünyada heç bir şey olmur. Dünya yalnız sizdən ibarət deyil, BMT-nin 196 üzvü var. Mən 196 ölkənin bu qərara qarşı olacağına inanıram”.
Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda vəziyyəti daha da gərginləşdirməkdə ittiham edib:
“Siz ABŞ olarak güclü bir ölkə ola bilərsiniz. Silahlarınız, nüvə başlıqlarınız da ola bilər. Amma bütün bunlar sizin güclü olduğunuzu göstərə bilməz. Haqlı olsanız, güclüsünüz. Sülhü istəyənlərin deyil, sülhü imkansız hala gətirənlərin yanında duran ABŞ, bütün fanatiklərin çörəyinə yağ sürtür. Bunu Suriyada da gördük. Sadəcə, Suriyanın şimalına dörd min TIR-dan çox silah-sursat göndərilib. Bu silahlar niyə və kimə göndərildi? Orada olan terror təşkilatlarına göndərildi”.
***
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı öz işinə başlayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, toplantıda 16-sı dövlət başçısı olmaqla 48 ölkədən nümayəndə heyəti təmsil olunur.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edir.
Ömər
-
Hadisə01:41
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - Yaralılar var / FOTO
-
Sosial00:45
Vəzifəli şəxs işdən çıxarıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Subayları romantik görüş gözləyir
-
Magazin100:00
Qalmaqallı görüntülərindən DANIŞDI: "Yanımdakı bəy ərəb deyil..." - VİDEO
-
Dünya26 Noyabr 23:36
Əsgərlərin "daha yaxşı görünməsi" üçün 1 milyard avro xərclənəcək
-
Sağlamlıq26 Noyabr 22:12
Görün qəhvə insan bağırsaqlarına hansı təsirləri göstərir
-
Sosial26 Noyabr 21:48
70 kq qızılla tutulan Qəhrəman Məmmədovun FOTOSU
-
Avropa26 Noyabr 21:36
Şaxta baba ona dil çıxaran 4 yaşlı uşağa ZƏRBƏ ENDİRDİ