• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

“Bu səhvlərdən Dağlıq Qarabağda yeni partlayış üçün istifadə oluna bilər”

  • Dünya
  • 15 İyul 2014 12:13
  • 1 097 Baxış
“Bu səhvlərdən Dağlıq Qarabağda yeni partlayış üçün istifadə oluna bilər”

“Gürcüstan, həmçinin Ukrayna və Moldova üçün bu tarixi nailiyyətdir. Təəssüf ki, mənim ölkəm bu imkanı dəyərləndirmədi və gələcəyə yönəlik strateji investisiyaları qurban verdi”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri “Həmrəylik” Araşdırma Mərkəzinin direktoru, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan Batumidə keçirilən “Gürcüstanın Avropa yolu” beynəlxalq konfransında çıxışında deyib.

Ermənistanın 3 sentyabr 2013-cü il tarixində ən ağır dövrə daxil olduğunu deyən D.Şahnazaryan qeyd edib ki, bu Rusiyanın görünməmiş təzyiq və şantajı fonunda mümkün oldu. Ancaq o, eyni zamanda siyasi məsuliyyətin ilk növbədə Ermənistan hakimiyyətinin üzərinə düşdüyünü dilə gətirib. “Təəssürat yarana bilər ki, Ermənistan öz məhkumluğu ilə barışıb. Amma bu belə deyil”, - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri erməni xalqının mübarizə aparacağı barədə xəbərdarlıq edib.

Ermənistanın Avropa İttifaqı və NATO ilə əlaqələri dayandırmadığını deyən Şahnazaryan bunun Moskvanı əsəbiləşdirdiyini deyib: “Moskva bu əlaqələri tamamilə kəsmək üçün etdiyi cəhdləri gizlətmir. Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabrında Ermənistana səfərində Cənubi Qafqazdan çıxmağa hazırlaşmadığını, əksinə mövqelərini möhkəmləndirəcəyini bildirdi. Rusiyanın regionda möhkəmlənməsi və pozucu fəaliyyəti üçün kifayət qədər resursu var. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası son dövrlər gücləndirilib. Bu baza yalnız təhlükəsizliyin möhkəmləndirilməsinə imkan vermir, eyni zamanda, qeyri-stabillik üçün əhəmiyyətli alətdir”.

D.Şahnazaryanın sözlərinə görə, Moskva Dağlıq Qarabağda sülhməramlıları yerləşdirməklə Minsk Qrupunun funksiyalarını özünün inhisarçı vasitəşiliyi ilə əvəz etməyə çalışır: “Əsas hədəf isə özünün imperialist layihələrinə cəlb etmək üçün Azərbaycana təzyiq göstərməkdir. Bu cür siyasət nəticəsində artıq münaqişənin donu açılmağa başlayıb. Təmas xəttində demək olar ki, hər gün insan ölümü ilə nəticələnən qarşıdurmalar baş verir. Münaqişəni artıq dondurulmuş hesab etmək çətindir”.

D.Şahnazaryan qeyd edib ki, Krımın zəbt edilməsindən sonra ortaya çıxan Rusiyanın yeni xarici siyasəti fonunda hətta tərəflərdən birinin əhəmiyyətsiz səhvindən Dağlıq Qarabağda yeni partlayış üçün istifadə oluna bilər: “Bizim üzərimizə yeni bir müharibə qoyula bilər. Bu, bütün region üçün faciəli nəticələrə gətirib çıxaracaq. Bugünkü Rusiya gülünc neoimperialist ideyaları və sülhməramlıların Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi arzusu ilə regionda stabilliyi pozan əsas amil və əsas regional təhlükə olub”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR