Tufan öncəsi sakitlik: Kiyev əhalini böyük müharibəyə hazırlayır
Bizi izləyin

Dünya

Tufan öncəsi sakitlik: Kiyev əhalini böyük müharibəyə hazırlayır

Sentyabrın 5-də Ukrayna hakimiyyəti və separatçılar arasında atəşkəs barədə razılıq əldə olunsa da, sülh o qədər də yaxın görünmür.

Donetsk və Luqansk vilayətlərində vuruşan tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir. Ancaq əksər istiqamətlərdə sakitlik hökm sürür. Əsirlərin mübadiləsi başlayıb. Bununla belə, ekspertlərin əksəriyyəti hesab edirdilər ki, Ukrayna ordusu güclərini yenidən qruplaşdırdıqdan sonra yeni hücumlara başlayacaq. Hücumun məhz separatçılar tərəfindən başlanacağını da istisna etməyənlər az deyil.

“Donetsk Xalq Respublikası”nın hərbi qərargahından bildirilib ki, 7 sentyabr gecəsi Zuyevka qəsəbəsindəki blokpost, həmçinin Xanjonkova şəhəri minaatan və artilleriya sistemlərindən atəşə tutulub. Ölən və yaralanların olduğu bildirilir. Atəşkəs rejiminin pozulması faktı Donetsk aeroportu və Avdeyevka şəhəri ərazisində də qeydə alınıb.

Öz növbəsində Ukrayna tərəfi də Mariupola hücumlara görə separatçıları ittiham edir. Ukrayna mediasının məlumatına görə, 7 sentyabr gecəsi atəşkəsin pozulması nəticəsində Mariupolun 33 yaşlı sakini ölüb.

Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk “facebook” səhifəsində yazıb ki, Ukrayna ordusu atəşkəş rejiminə ciddi riayət edir. O, yalnız cavab atəşinin açıldığını qeyd edib. Hərbi ekspertin sözlərinə görə, Donetsk, Debaltsevo, Nekişina, Şirokina, Lebedinski yaşayış məntəqələri, həmçinin Donetsk aeroportu minaatanlardan atəşə tutulub. Ukrayna ordusunun Mariopuldakı mövqelərinin artilleriya və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulduğu, cavab atəşi ilə separatçıların bir tankının məhv edildiyi bildirilir.

Hazırda müxtəlif istiqamətlərdə Ukrayna qoşunlarının konsentrasiyasının aparıldığı deyilir. Daxili işlər naziri Arsen Avakov bildirib ki, Mariupol şəhərinə əlavə qoşunlar, o cümlədən Milli Qvardiyanın birinci operativ briqadası cəlb edilib. Rusiya mətbuatı belə hesab edir ki, Mariopul rayonu müdafiə meydanından tədricən hücum üçün müharibə meydanına çevrilir.

“Donetsk Xalq Respublikası”nın hərbi qərargahının məlumatına görə, Ukrayna ordusu güclərini Donetsk istiqamətində yenidən qruplaşdırır, hərbi texnikanı təmir edir və yeniliyi ilə əvəzləyirlər. Kəşfiyyat məlumatlarına görə, Debaltsevo rayonuna 32 tank, Artemovska isə 13 tank və 15 ədəd “Şilka” özüyeriyən zenit-raket sistemi gətirilib. Sözügedən ərazilərə həmçinin “Toçka-U” ballistik raketlərinin işəsalma qurğusu, altı ədəd “Qrad” və bir ədəd “Smerç” sistemi yerləşdirilib.

Qeyd edək ki, üçtərəfli əlaqə qrupunun Minskdə imzaladığı protokol müqavilə və yaxud konvensiya deyil, faktiki olaraq tərəflərin yaxşı niyyətini nümayiş etdirən sənəddir. Sənədi Ukrayna tərəfdən keçmiş prezidenti Leonid Kuçma imzalayıb. Onun isə heç bir dövlət səlahiyyəti yoxdur. On iki bəndlik protokolda konkret öhdəliklər qeyd olunmayıb. Bu baxımdan da Minsk protokolu heç də müharibənin başa çatdığını bildirmir.

Rusiya mətbuatı iddia edir ki, Ukrayna hakimiyyəti əhalini böyük müharibəyə hazırlaşmaqda davam edir. “Lvovda yuxarı yaşlı kişilər hərbi hazırlıq keçməyə məcbur edilir, Zaporojyedə səngərlər qazılır, Xarkovda əhali silahla davranış və partizan müharibəsinin aparılması qaydalarını öyrənir”, - Rusiyanın “Nezavisimaya gazeta” nəşri yazıb.

ATƏT, Kiyev və separatçı qurumlar arasında konsultasiyaların davam edib-etməyəcəyi də anlaşılmaz olaraq qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm