NATO Rusiyaya verilməyən “Mistral”lara alıcı axtarır
Bizi izləyin

Dünya

NATO Rusiyaya verilməyən “Mistral”lara alıcı axtarır

NATO Rusiyanın sifarişi ilə inşa edilən “Mistral” hərbi gəmilərini almalıdır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri naziri Rey Mabus bildirib.

Amerikalı nazir Vaşinqtonda keçirilən aerokosmik və müdafiə sammiti zamanı ABŞ-ın Avropa partnyorlarını Rusiyaya Fransa hərbi gəmilərinin satılmaması üçün hər şeyi etməyə çağırdı.

“Biz bu gəmilərin Rusiyaya çatdırılmasına narazılığımızı bildirdik. Bütün mümkün vasitələrdən istifadə etmək lazımdır ki, bu gəmilər Rusiyanın əlinə düşməsin. Əks halda, Rusiya sahib olmadığı bir hərbi vasitəyə sahib olacaq”, - nazir vurğulayıb.

Xatırladaq ki, Fransa Rusiyaya ilk “Mistral” tipli döyüş gəmisini çatdırmaqdan imtina edib. Fransa prezidenti Fransua Olland Ukraynadakı hadisələrlə bağlı belə bir addım atdığını bildirib.

Fransa və Rusiya arasında iki “Mistral” tipli döyüş gəmisinin Rusiyaya satılması ilə bağlı müqavilə 2011-ci ildə imzalanıb. Müqavilənin dəyəri 1,2 milyard avrodur. Rusiya bu məbləğin təxminən 700 milyon avrosunu ödəyib. “Vladivostok” gəmisinin 2014-cü il, “Sevastopol” gəmisinin isə 2015-ci ildə Rusiya donanmasının silahlanmasına daxil edilməsi nəzərdə tutulurdu.

Ekspertlər qeyd etdilər ki, gəmilərin çatdırılması şərtlərinin yerinə yetirilməyəcəyi halda Fransanı 251 milyon avro cərimə gözləyə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm