Avropada “rebalkanizasiya” prosesi başlayır – Britaniyaya ağır zərbə
Bizi izləyin

Dünya

Avropada “rebalkanizasiya” prosesi başlayır – Britaniyaya ağır zərbə

Xəbər verildiyi kimi, sentyabrın 18-də Şotlandiyanın müstəqilliyi üzrə referendum keçiriləcək.

Referendumda sual isə belə olacaq ki, şotlandlar Birləşmiş Krallıqdan çıxıb, müstəqil olmaq istəyirlərmi? Referendum Londonla razılaşdırılıb, birtərəfli qaydada aparılmır və heç bir güc tətbiqinin nəticəsi əldə olunmayıb. Referendumda "bəli" səsinin üstük təşkil edəcəyi halda iki hökumət müstəqilliyin detallarına dair danışıqlara başlayacaq. Görüşlərdə xüsusilə müdafiə, pul vahidi və enerji qaynaqlarının əsas müzakirə mövzularını meydana gətirəcəyi təxmin edilir.

Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumdan 6 həftə əvvəl televiziya debatı keçirilib. Debatda Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri Aleks Salmond ilə ittifaq tərəfdarlarının lideri Alister Darlinq üz-üzə gəlib.

Televiziya debatında Salmond deyib ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq. Salmond müstəqillikdən sonra Şotlandiyanın canını nüvə silahlarından qurtaracağına söz verib. "Bu axşam mənim tək bir sözüm var: Şotlandiyada yaşayan və çalışan insanlardan başqa heç kəs bu ölkəni yaxşı idarə edə bilməz. Sentyabrın 18-də bizim əlimizə belə bir imkan düşəcək. Bu fürsətdən ikiəlli yapışmaq lazımdır", - o, deyib.

Müstəqilliyə qarşı çıxan "YOX" kampaniyası leyborist, mühafizəkar və liberal demokratları "Better Together" ("Birlikdə daha yaxşıdır") koalisiyası altında birləşdirib. Sentyabrın 18-də Şotlandiyanın 4 milyon seçicisi Birləşmiş Krallıqdan ayrılmaq üçün səs verəcək. Son sorğulara görə, "YOX" kampaniyası azacıq öndə gəlir, lakin iştirakçıların 15-20%-i hələ tam qərarını verməyib. Belə ki, mövqeyini bildirən seçicilərin 53 faizi Böyük Britaniyanın tərkibində qalmasının, 47 faizi isə müstəqilliyinin tərəfdarıdır.

İyunun 26-da Şotlandiyanın baş naziri Aleks Salmond BBC-yə müsahibə verib. "Şotlandiya müstəqil olsa, biz daha yaxşı müqavilələr bağlaya bilərik. Qordon Braun hakimiyyətdə olanda Şotlandiya üçün bunların heç birini etməmişdi. Fermerlərimiz parlamentin ümumi kənd təsərrüfatı siyasəti (CAP) fondları haqqında qərarına görə, 1 milyard avro ziyana düşüblər", - o deyib.

Salmondun milliyyətçi hökuməti Aİ-yə qoşulmağa can atır. Bildirirlər ki, Şotlandiya 2016-cı ildə müstəqil olduqdan sonra 18 ay ərzində ölkənin Aİ-yə üzvlüyü şərtləri yenidən yazılmalı və razılaşdırılmalıdır. Şotlandiya hökuməti Birləşmiş Krallıqla müqayisədə daha çox Aİ güzəştləri əldə edəcəyinə ümid edir. Həmçinin avro və "Şengen müqaviləsi" üstünlüklərindən yararlanmağa çalışır.

Xatırladaq ki, Milli Partiyanın lideri A.Salmondun hələ ötən il müstəqillik referendumu ilə əlaqədar planı açıqlayıb və bu London ciddi şəkildə narahat olmasına gətirib çıxarıb.

Təxminən 700 səhifəlik sənəddə Şotlandiyanın dövlət başçısı olaraq Böyük Britaniya kraliçası II Yelizavetanı tanımaqda davam ediləcəyi, bununla yanaşı müstəqil ordunun qurulacağı ifadə edilir. Müstəqil Şotlandiya Şimal dənizindəki neft gəlirlərindən 90 faiz pay istəyir və Birləşmiş Krallığın nüvə raketlərinə artıq ev sahibliyi etməyəcəyini bəyan edir. Plana görə Şotlandiya funt-sterlinqdən istifadə etməkdə davam edəcək və BBC-ni buraxaraq öz dövlət televiziyasını quracaq.

Ötən müddət ərzində müstəqillik tərəfdarlarının sayının artması isə A.Salmondu sevindirə bilər. Belə ki, bu ilin əvvəllərində keçirilən sorğu müstəqillik tərəfdarlarının yalnız 38 faiz olduğunu üzə çıxarmışdı. Hazırda isə bu göstərici 47 faizdir buna qarşı çıxır. A.Salmond ölkənin təbii qaynaqları sayəsində vətəndaşların gözəl bir gələcəyə sahib olacağı vədi ilə müstəqilliyə dəstək istəyir. London hökuməti də referendumdan “xeyr” səsinin daha çox çıxması üçün çalışır. Referendumdan “bəli” səslərinin çox olacağı halda Şotlandiya 24 Mart 2016-cı ildə müstəqilliyini elan edəcək.

İngiltərə və Şotlandiya 1707-ci ildə “İttifaq müqaviləsi” imzalayaraq, “Birləşmiş Krallıq” adıyla bir bayraq altında birləşib. İngiltərə və Şotlandiyanın ayrılmasının Britaniya iqtisadiyyatına ciddi təsirinin olacağı gözlənilir. Gündə 2,2 milyon ton barel neft çıxaran Britaniya, bu göstəriciyə görə Avropada ikinci yerdə qərarlaşıb. Ancaq Şotlandiya müstəqil olarsa, neft və təbii qaz ehtiyatlarını 90 faizi şotlandların əlində qalacaq, çünki təbii ehtitatlar Şotlandiya ərazisindədir.

Lord Corc Robertson ABŞ-ın “The Washington Post” qəzetində dərc etdirdiyi yazıda Şotlandiyanın müstəqillik istəyi ilə bağlı narahatlığını bildirib. C.Robertson 1999-2003-cü illərdə NATO baş katibi, 1997-1999-cu illərdə Böyük Britaniyanın müdafiə naziri və 1992-1997-ci illərdə isə Şotlandiyanın Leyborist Partiyasının sədri postlarını tutub.

“Əgər Şotlandiyanın separatist hökuməti referendumda öz hədəfinə catacaqsa, Şotlandiya, İngiltərə, Uels və Şimali İrlandiyan 300 illik ittifaqı bölünəcək”, - o, bildirib. Lord Böyük Britaniya ittifaqını kifayət qədər melodramatik, amma bununla belə bəşəriyyətin tarixində ən müvəffəqiyyətli siyasi, sosial və iqtisadi ittifaqlardan biri adlandırır:

“Birləşdirilmiş Krallığın tərkib hissələri bir-biri ilə sıx bağlıdır. Əgər şotland xalqı bölünmənin xeyrinə səs verərlərsə, bu ciddi beynəlxalq nəticələrə gətirib çıxaracaq. Birləşdirilmiş Krallığın qalan hissəsi əvvəlki kimi dünya səhnəsində aparıcı oyunçulardan biri olacaq, amma müəyyən zaman içərisində dünyada mövqeyi zəifləyəcək. Çünki Şotlandiyanın ayrılması ilə ərazisinin üçdə birini, 5 milyon əhali və nüfuzunun əhəmiyyətli hissəsini itirəcək. Qərbin əsas ittifaqlarından biri dağılarsa, dünya güc balansına əhəmiyyətli zərbə vurulacaq. Diplomatik və hərbi münasibətdə Birləşdirilmiş Krallıq daha yüksək çəki kateqoriyasında çıxış edirdi. Şotlandiyanın ayrılması bu baxımdan da Birləşmiş Krallığın dünyadakı roluna təsir edəcək. Bu həm də onunla bağlıdır ki, Britaniyanın nüvə bazası Şotlandiyada yerləşdirilib və Şotlandiya müstəqil olacağı halda Birləşmiş Krallığın nüvə raketlərinə artıq ev sahibliyi etməyəcəyini bəyan edir”.

C.Robertson Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasının ölkə hüdudlarından kənarda zəncirvari prosesinin başlanğını qoyacağını bildirir. Onun fikrincə, bütün Avropadakı separatizm hərəkatlarının liderləri Şotlandiyadakı müzakirələrin gedişini diqqətlə müşahidə edirlər:

“İspaniyada milyonlarla kataloniyalı gənc müstəqilliyinin tanınması tələbi ilə küçələrə çıxır. Belçikadakı hazırkı birlik bir tükdən asılıdır. Əgər Şotlandiya Avropa İttifaqı və NATO-ya buraxılarsa, digərləri də onu izləmək istəyəcəklər. İndi Avropada "rebalkanizasiya”nın nəticələrini düşünmək lazımdır”.

“Şotlandiyada bildirirlər ki, Birləşdirilmiş Krallıqdan ayrılmaqla daha zəngin, daha sabit, daha nüfuzlu və daha ədalətli olacaqlar. Əslində səhvdir. Əslində nə olacaq? Bunu heç kəs bilmir. Həmyerlilərimin belə bir addım atacağına şübhə edirəm”, - C.Robertson sonda bildirib.

Qeyd edək ki, Şotlandiyada fəaliyyət göstərən bir sıra banklar referendumdan “bəli” nəticəsinin çıxmasında ciddi şəkildə narahatlıq keçirirlər. Məlumata görə, Şotlansiyanın müstəqil olacaqğı halda, bankların bir hissəsi buranı tərk edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm