• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Türkiyənin cənubunda bir dövlət, beş bayraq

  • Dünya
  • 15 Sentyabr 2014 12:38
  • 2 089 Baxış
Türkiyənin cənubunda bir dövlət, beş bayraq

Suriyadakı vətəndaş qırğını və İŞİD-in İraqda sürətlə irəliləməsi nəticəsində Türkiyənin cənub sərhəd məntəqələrində fərqli bayraqlar dalğalanır.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, Suriyada 2011-ci ildən indiyədək davam edən vətəndaş qırğını və İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının sürətlə irəliləməsindən sonra Türkiyənin cənub sərhəd məntəqələrində fərqli bayraqlar dalğalanır. Bunlar Suriya Ərəb Respublikası, İslami Cəbhə, Azad Suriya Ordusu, İŞİD, İraq Kürd Reginal Rəhbərliyi və PYD-PKK-ya aid torpaqlardır.

Suriya ilə İsgəndərundan Cizrəyə qədər uzanan 911 kilometrlik Türkiyə sərhədində üç ildən çoxdur davam edən müharibə nəticəsində minlərlə şəxsin ölüb, 3 milyon insan qaçqın düşüb. Türkiyənin Hatay, Qaziantep, Kilis, Şanlıurfa və Mardin şəhərlərinin ümumilikdə Suriya ilə 13 sərhəd məntəqəsi cürbəcür silahlı şəxslərin nəzarətindədir. Hətta bəzi sərhəd məntəqələri bir neçə dəfə fərqli terror təşkilatlarının əlinə düşüb.

İndi Suriya ilə Türkiyə arasındakı 13 sərhəd məntəqəsindən ikisi Suriya dövlətinin, ikisi İslami Cəbhənin, biri Azad Suriya Ordusunun, üçü İraq Şam İslam Dövlətinin (İŞİD) və beşi də PKK-nın Suriya qolu olan Demokratik Birlik Partiyasnın (PYD) nəzarətindədir.

Sərhəd keçid məntəqələrindən Türkiyə vətəndaşları keçə bilmir. Amma humanitar yardım göndərə bilir. Cilvəgözü və Öncüpınar sərhəd məntəqələri isə nəzarətli ticarətə açıqdır.

Türkiyə ilə Suriya arasındakı sərhəd məntəqələri:

  1. Yayladağı-Kəsəb: Dörd ay əvvəl İslami Cəbhənin nəzarətinə keçib. Amma bir aydan sonra intensiv toqquşmalar nəticəsində Əsəd qüvvələri ərazini təkrar nəzarətinə keçirə bilib.
  1. Qarbəyaz-Azmarin: Uzun illərdir bağlı olan bu məntəqə yalnız bayramlarda açılırdı. Vətəndaş qırğınına görə artıq bunu da etmirlər. Məntəqə Azad Suriya Ordusunun nəzarətindədir.
  1. Cilvəgözü-Bab Əl Hava: 2011-ci ilin sonlarında Azad Suriya Ordusunun nəzarətinə keçib. 2013-cü ilin dekabrında İslami Cəbhə qəfil basqınla məntəqəni Azad Suriya Ordusundan alıb.
  1. İslahiyə-Meydani Əkbəz: Ümumilikdə Meydani Əkbəz bölgəsi tamamilə PYD-nin nəzarətindədir.
  1. Öncüpınar-Əs Səlamə: Əssəlamə sərhəd məntəqəsi 2012-ci ilin iyulunda Azad Suriya Ordusunun nəzarətinə keçib. Ondan sonra İslami Cəbhə sərhəd keçid məntəqəsini Azad Suriya Ordusundan alıb. Sərhəd keçid məntəqəsində Azad Suriya Ordusuna aid bəzi yaraqlılar var. Amma nəzarət İslami Cəbhədədir.
  1. Çobanbəy-Əl Rai: Bu bölgə yanvar ayında İŞİD-in nəzarətinə keçib.
  1. Qarqamış-Carablus: 2011-ci ilin iyulunda Azad Suriya Ordusu məntəqəni rejim qüvvələrindən alıb. Bu il yanvarın əvvəllərində isə bölgə İŞİD-in əlinə keçib. Bir neçə gün sonra Azad Suriya Ordusu nəzarəti yenidən təmin edib. Amma yanvarın 17-də İŞİD nəzarəti yenidən ələ keçirib.
  1. Mürşidpınar-Ayn Əl Ərəb: Ayn Əl Ərəb (Kobani) sərhəd məntəqəsi müharibə başlayandan indiyədək PYD-nin nəzarətindədir. Həftədə iki dəfə Mürşidpınardan humanitar yardımın və suriyalıların keçməsinə icazə verilir.
  1. Akçaqala-Təlabyad: 2012-ci ilin sentyabrında üç gün davam edən toqquşmalardan sonra məntəqə Əsəd qüvvələrindən Azad Suriya Ordusunun əlinə keşib. Sərhəd məntəqəsinin nəzarəti keçən ilin dekabrından başlayan və bu ilin ilk günlərində sona çatan toqquşmalardan sonra İŞİD-in nəzarətinə keçib.
  1. Ceylanpınar-Rəsulayn: 2012-ci il noyabrın 8-də baş verən və üç gün davam edən şiddətli toqquşmalardan sonra nəzarət Əsəd qüvvələrindən Azad Suriya Ordusuna keçib. PYD 2013-cü ilin yanvarındakı toqquşmalardan sonra sərhəd məntəqəsinə nəzarəti ələ keçirib.
  1. Şənyurd-Dərbeysə: PYD tərəfindən Rojavanın ərazisi elan edilən Cizrə ətrafındadır. Dərbeysə sərhəd məntəqəsində iki aydır ki, PYD-nin bayrağı dalğalanır.
  1. Girməli-Qamışlı: Suriya ordusunun nəzarətindədir və orada Suriya bayrağı dalğalanır. Sərhəd keçid məntəqəsinə giriş-çıxışlar bağlıdır. Yalnız xüsusi icazə ilə humanitar yardımın keçirilməsinə icazə verilir.
  1. Cizrə-Andivar: İllərdir ki, istifadə olunmur. Burada yalnız bir körpü var və Türkiyə əsgərləri məntəqədə təhlükəsizliyi təmin edir. Qarşısında kürd bölgəsi olan Rojava tamamilə PYD-nin nəzarətindədir.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR