Türkiyə İŞİD-lə mübarizəyə qoşula bilər
Bizi izləyin

Dünya

Türkiyə İŞİD-lə mübarizəyə qoşula bilər

Prezident Ərdoğan Türkiyənin İŞİD-lə mübarizəyə qoşulması ilə bağlı ABŞ-dan gələn təkliflərə cavab verib.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) ümumi toplantısına qatılmaq üçün Nyu-Yorkdadır. Ərdoğana Nyu-Yorkda Türkiyənin xarici siyasəti barəsində bir çox suallar verilib. Bunlardan biri də İŞİD-in (İraq Şam İslam Dövləti) əsir götürdüyü 49 Türkiyə vətəndaşı azad ediləndən sonra rəsmi Ankaranın bu terror təşkilatına qarşı ABŞ-ın liderliyi ilə yaradılan koalisiyaya necə töhfə verəcəyi ilə bağlı olub.

Türkiyə vətəndaşlarının İŞİD-in əsiri olduğu zaman Türkiyənin sadəcə humanitar yardım edə biləcəyi barədə açıqlamalarını xatırladan Ərdoğan yeni durumla əlaqədar belə deyib:

“49 əsiri xilas edəndən sonra oturub müzakirə edəcəyimiz bir çox məsələ ola bilər. Görüşlər davam edir, işlər davam edir. Terrora qarşı əsla tərəddüdümüz yoxdur. Çünki biz terrora qarşı ciddi mübarizə aparan bir ölkəyik. Bu mübarizəni 40 min vətəndaşımızı itirərək davam etdiririk. Heç bir terror təşkilatına loyal yanaşmağımız mümkün deyil...

Türkiyəni terrorla çiyin-çiyinə göstərmək istəyənlər var. Xüsusən də, ABŞ-dakı bəzi yayım orqanları Türkiyəni hədəfə alıb. Məhz İŞİD məsələsində bəzi media orqanları tərəfindən son dərəcə haqsız xəbərlərə obyekt oluruq. Hər hansı bir terror təşkilatına dəstək verməyimiz qətiyyən mümkün deyil. O qədər vicdansız, o qədər qaynağı olmayam iftiralar atırlar ki... İŞİD-lə neft ticarəti etdiyimizi deyirlər. Tamamilə yalandır, şərdir”.

Xarici media orqanlarının prezident Rəcəb Tayyib Ərdoğana verdikləri suallardan biri də əsirlərin azad edilməsi qarşılığında İŞİD-ə nə verildiyi ilə əlaqədar idi. Ərdoğan belə cavab verib:

“Bu əməliyyatda maddi əlaqə qətiyyən olmayıb. Bu, işin ən şəffaf tərəfidir. Başqa məsələlərə gəlincə isə, bəziləri “mübadilə olundu” dedilər. Lazım gələrsə, mübadilə də edilər. Amma bunu etmək də ayrı bir məharətdir. Bir nəfər əsirin əvəzində 500 girov verən İsrailə bu sualı verdilərmi – bu maraqlıdır mənim üçün. 500 girov verdi sadəcə bir əsgərini ala bilmək üçün. Deməli, belə etmək olurmuş”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm