• USD 1,7008 0,00% EUR 2,0160 -0,67%
    • GBP 2,2933 -0,43% RUB 0,0296 +0,34%

Avropa üçün şok plan: Fransa ultrasağçıları Moskva ilə işbirliyində - TƏHLİL

  • Dünya
  • 28 Noyabr 2014 15:34
  • 904 Baxış
Avropa üçün şok plan: Fransa ultrasağçıları Moskva ilə işbirliyində - TƏHLİL

Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması ilə bağlı bəyanatların gündəmdə olduğu bir vaxtda Avropanı sarsıdacaq daha bir xəbər Fransadan gəldi.

Publika.az-ın “Le Figaro” qəzetinə istinadən verdiyi məlumata görə, radikal sağçı "Milli Cəbhə" Partiyasının sədri Marine Le Pen 2017-ci ildə prezident seçkilərində qələbə qazanacağı halda ölkənin AB-dən çıxması haqqında referendum keçirəcəyini bildirb.

“Əgər mən Fransa prezidenti seçilərəmsə, altı ay ərzində fransızlar qarşısında Avropa Birliyindən çıxmaq barədə referendum təşkil etmək öhdəliyini götürəcəyəm", - Fransa nəşri “Milli Cəbhə" liderindən sitat gətirir.

O, bildirib ki, avropalı həmkarları ilə əvvəlcə qanunverici, iqtisadi və valyuta sahəsində müstəqilliyin Fransaya qaytarılması barədə müzakirələr aparacaq. Marine Le Pen qeyd edir ki, əgər bu müzakirələr nəticə verməsə, Fransanın AB-dən çıxması barədə referendumu keçirməkdə israrlı olacaq.

Xatırladaq ki, bu ilin 25 may tarixində Avropa Parlamentinə seçkilər keçirilib. Seçkilərin ən çox maraq doğuran nəticəsi isə Fransada ortaya çıxıb. Ölkədə utrasağçı “Milli Cəbhə” Avropa Parlamentinə 24 deputat göndərmək hüququ əldə etməklə Avropada şok effekti yaradıb. “Milli Cəbhə”nin qurucusu, Marine Le Penin atası Jean Marie Le Pen isə partiyanın qələbəsini “Bu bir zəlzələdir” sözləri ilə şərh edib.

Fransada əldə olunan nəticələr Böyük Britaniyadan sonra AB üçün ikinci şok sayılırdı. Artıq xeyli müddətdir ki, Britaniya rəhbərliyi AB-dən ayrılacağı ilə bağlı bəyanatlar səsləndirir. Böyük Britaniyanın baş naziri Devid Kemeronun AB-dən çıxmaq üçün referenduma gedəcəyi barədə bəyanatları dilə gətirir. Son vaxtlar Kameronun AB-nin lokomotivi sayılan Almaniya kansleri Angela Merkellə yaranan soyuq münasibətlər də Britaniyanın bu addımını tezləşdirə bilər.

“Milli Cəbhə” lideri həmçinin Avropada ümumi iqtisadi və siyasi məkanın yaradılmasını təklif edir. Onun fikrincə, bu məkana Rusiya da daxildir. Yeri gəlmişkən, “Milli Cəbhə”nin Rusiya rəhbərliyi ilə yaxın münasibətlərinin olduğu bildirilir. Bir müddət əvvəl mediada yayılan xəbərə görə, bu partiya Rusiya bankından 9 milyon avro kredit alıb. Xəbəri “Milli Cəbhə”nin xəzinədarı Vallerand de Saint Just də təsdiqləyib. Onun sözlərinə görə, Fransada 2017-ci il seçkilərində “Milli Cəbhə”yə 40 milyon avro lazımdır. Ancaq Fransa və Avropa Birliyi bankları kredit verməkdən imtina ediblər və “Milli Cəbhə” Moskvadakı Birinci Çex-Rusiya bankına müraciət edib. O, deyib ki, 2 milyon avro artıq alınıb. Kredit müqaviləsi isə sentyabrda bağlanıb.

AB-nin dağılmasına qarşı olanlar isə bundan sonra “Milli Cəbhə”nin 2017-ci il prezident seçkilərində yalnız məğlubiyyətini arzulaya bilərlər. Sual oluna bilər ki, Marine Le Penin prezident seçilmək şansları nə qədər realdır?

Hazırkı vəziyyətdə onun şansları kifayət qədər yüksək qiymətləndirilir. 2012-ci ilin may ayından Fransa prezidenti olan Fransua Ollandın 2017-ci ildə yenidən seçilmə şansları isə getdikcə zəifləyir. Sentyabrın əvvəllərində Fransa mediasının keçirdiyi sorğuya əsasən, ölkə əhalisinin yalnız 13 faizi Ollandı dəstəkləyir. Bu, Fransa tarixində ən aşağı göstəricidir. Deməli, böyük ehtimalla 2017-ci ildə Versal sarayında yeni simanı görəcəyik.

Bunlardan iki nəfər iddiasını artıq açıq şəkildə ortaya qoyub. Fransanın sabiq prezidenti Nikolas Sarkozi bu günlərdə böyük siyasətə qayıdışını elan edib. Lakin Sarkozinin prezidentliyi dövründə adının hallandığı qalmaqallar, barəsində açılan və bu günlərdə xitam verilən cinayət işi onun şanslarını azaldır. Çox güman ki, Sarkozinin Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafi ilə əlaqələri və prezident seçkisi kampaniyasında Liviya liderindən pul alması barədə iddialar fransızların yadından çıxmayıb.

Marine Le Penə gəlincə, onun lideri olduğu “Mill Cəbhə” Partiyası yüksəlişinə 1995-ci il prezidentlik seçkilərində ata Le Penin əldə etdiyi 14 faizlik səslə başlamışdı. Qızı isə 2012-ci il prezidentlik seçkilərində 20 faiz səs qazanıb və son olaraq 2014-cü il bələdiyyə seçkilərində partiyası ilə 11 şəhərin bələdiyyə seçkilərində qalib gəlib. Bir sözlə, Marine Le Penin yüksəlişi həm rəqib partiyaların, həm də Fransa ictimaiyyətin diqqətini çəkib.

2017-ci il prezidentlik seçkilərində hazırkı dövlət başçısı Fransua Olland və hökumətinin Fransa xalqını məmnun etməməsi böyük ehtimalla seçiciləri sosialistlərdən uzaqlaşdıracaq. Sarkozinin Xalq Hərəkatı Birliyi isə keçmiş dövlət başçısının sui-istifadələri və partiya daxilində parçalanmalarla əlqədar çətin günlərini yaşayır və davamlı olaraq seçici səsini itirir.

Marine Le Penin seçkini qazanacağı halda Fransanı dramatik cədvəl gözləyir. “Le Figaro” qəzetinin xəbərinə görə, Fransa 2012-ci ildə 12 milyon immiqranta ev sahibliyi edib. Bu immiqrantların üçdə ikisi Avropa Birliyinin üzvü olmayan ölkələrdən gəlib. Fransaya ən çox miqrant göndərən ölkələr Əlcəzair, Mərakeş, Tunis və Türkiyədir. Marine Le Penin prezident seçkisini qazanacağı halda isə bunun qarşısının alınması üçün sərt addımlar atılacağı gözlənilir. Qələbə qazanacağı halda miqrantlarla bağlı atacağı sərt addımlar isə onu Almaniya ilə qarşı-qarşıya qoya bilər. Təsadüfi deyil ki, Merkel-Kameron qarşıdurması da məhz ikincinin AB-də miqrasiya qaydalarının sərtləşdirilməlisini tələb etməsi ilə başlayıb.

Nəticədə, AB-nin əsas güclərindən olan Britaniya və Fransanın qurumdan çıxması ilk növbədə Moskvanın maraqlarına cavab verə bilər. Hər halda Avropanın vahid olmaması, AB-yə üzv ölkələr arasında nifaqın yaranması Rusiyanın geosiyasi planlarına tam uyğundur. Rusiya bankının AB-dən çıxmaq istəyən “Milli Cəbhə”ni prezident seçkiləri kampaniyasını maliyyələşdirməsi də Moskvanın uzağa hesablanan planlarından xəbər verir. “Milli Cəbhə” liderinın təklif etdiyi Avropada ümumi iqtisadi və siyasi məkana Rusiyanı da daxil etmək istəyi Marine Le Penə və Putinin birgə düşünülmüş planının göstəricisidir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>