• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Çeçenistan üsyançıları: Kim kimdir? - FOTOLAR

  • Dünya
  • 11 Fevral 2014 11:30
  • 2 206 Baxış
Çeçenistan üsyançıları: Kim kimdir? - FOTOLAR

Ötən ay 2007-ci ildə özünü “Qafqaz əmirliyinin əmiri” elan etmiş Doku Umarov öldürüldüyü barədə ziddiyyətli xəbərlər verilmişdi.

Çeçenistanın üsyançıları hərəkatında iki əsas qrupa parçalanma getdikcə daha çox nəzərə çarpır: millətçilər və cihadçılar.

İki düşərgə arasında fərq bundadır ki, millətçilər Rusiyanı düşmən kimi görürlər və məqsədləri, öz sözləri ilə deyilsə, İçkeriya Çeçen Respublikasının (İÇR) yaradılmasıdır.Cihadçılar isə bütün qeyri-müsəlman “kafirlər”ə qarşı, həm də təkcə Çeçenistanda yox, başqa yerlərdə də döyüşürlər.İslamçıların son məqsədi “Qafqaz əmirliyi” yaratmaqdır.

Publika.Az Çeçenistanda qruplaşmalar haqda BBC tərəfindən aparılmış tədqiqatı icmal şəkildə təqdim edir.

İki qrup arasında rəsmi ayrılma 2007-ci ildə, İÇR-in keçmiş separatçı prezidenti, hazırda isə Şimali Qafqazdakı islamçı qiyamın lideri Doku Umarovun bəyanatından sonra baş verib. O bəyan edib ki, Çeçenistanın müstəqilliyi artıq onun əsas məqsədi deyil və o, özünü “Qafqaz əmirliyinin əmiri” elan edir. Qafqazda ən populyar cihadçı internet saytı olan “Kavkaz Tsentr”-in redaktoru Movladi Uduqov isə deyib ki, çeçenlər qlobal xilafətin bərqərar olması uğrunda vuruşmalıdırlar.

Millətçilər

Birinci çeçen müharibəsini (1994-96) başlayan və de-fakto müstəqilliyə nail olan və rusca “içkeriytsı” adlandırlan millətçilər hazırda Avropada, ABŞ-da və Kanadada mənzilləniblər. Onlar öz fəaliyyətlərini əsas etibarilə internet vasitəsilə davam etdirirlər.Hətta millətçilərin öz arasında da böyük parçalanmalar mövcuddur.Ən böyük mühacir düşərgəsinə Londonda mənzillənmiş dünyəvi lider Axmed Zakayev başçılıq edir.Bu qrup millətçi düşərgənin içində ən yasxı təşkil olunanıdır. Cihadçıları çıxmaq şərtilə bütün çeçen qrupları və fraksiyaları ilə birliyə can atan bu qrup həmvətənlərlə ünsiyyət üçün müxtəlif konfranslar və başqa tədbirlər təşkil edir.

Başqa bir millətçi düşərgə İslam yönümlüdür və ona keçmiş separatçı millət vəkili Jalaudi Saralyapov rəhbərlik edir. Onlar Çeçenistan konstitusiyasının şəriət qanunları üzərində qurulmasını istəyirlər və cihadçıların yalnız Çeçenistan sərhədləri içində mübarizəsini dəstəkləyirlər. Onlar Umarova açıq dəstək nümayiş etdirməsələr də, “təhlükə və çətinliklərə baxmayaraq” Çeçenistanda qalıb “döyüşü davam etdirənləri” yüksək qiymətləndirir və təqdir edirlər, lakin onları “cihadçı” yox, “mücahid” adlandırırlar.

İki mühacir qruplaşma arasında ayrılma 2009-ci ildə, Zakayevin moskvapərəst çeçen lideri Ramzan Kadırovla telefon söhbətindən və Çeçenistan parlamentinin spikeri Dukuvaxa Abduraxmanovla görüşündən sonra baş verib. Saralyapovun düşərgəsi Çeçenistanda Rusiyanın “oyuncaq” hökuməti ilə əlaqələrinə görə Zakayevi satqın adlandırıb.

54 yaşlı Axmed Zakayev Qazaxıstanda doğulub. Onun ailəsi minlərlə başqa çeçenlər kimi buraya Stalin tərəfindən deportasiya edilmişdi. Moskvada təhsil alan Zakayev İÇR-in mədəniyyət naziri, baş nazirin müavini, Qərb ölkələrinə xüsusi elçi və baş nazir vəzifələrini icra edib. O Rusiya ilə 1996-cı il sülh danışıqlarında Çeçenistanı təmsil etmişdi. İkinçi çeçen müharibəsində yaralandıqdan sonra Zakayev Avropaya köçüb.

2009-cu ilin fevralında baş tutmuş telefon söhbətində Kadırov Zakayevə Çeçenistana qayıtmağı təklif edib. Bu təklif başqa üsyançı qruplaşmaları qəzəbləndirib. Moskvadakı Karnegi Mərkəzindən təhlilçi Aleksey Malaşenko Rusiyanın “Kommersant” qəzetinə bildirib ki, “Moskva və Çeçenistan hakimiyyəti Zakayevin öz vətənində olmasını İçkeriya səhifəsini həmişəlik qapatmaq üçün istəyirlər”.

A.Zakayev İÇR-in mədəniyyət naziri, baş nazirin müavini, Qərb ölkələrinə xüsusi səfir və baş nazir vəzifələrini icra edib.“Kommersant” qəzetinin yazdığına görə, çeçen insan haqları fəalı Mayrbek Taramov deyib ki, Zakayev Kadırovla “respublikada hər hansı qarşıdurmanın qarşısının alınması naminə bütün imkanlardan istifadə edilməlidir” prinsipi ilə danışmağa razı olub.

2009-cu ilin iyulunda Abduraxmanovla görüşdən sonra Zakayev elan edib ki, “İÇR Çeçenistan polisinə qarşı silahlı hücumları dayandırır”.

Saralyapov və düşərgəsi

Jalaudi Saralyapov da Mərkəzi Asiyada doğulub, Rusiyanın Rostov şəhərində tikinti mühəndisliyi təhsili alıb. Saralyapov onu İÇR parlamentinin spikeri təyin etmiş separatçı prezident Aslan Masxadovla yaxın olub.Onun qruplaşması Çeçenistanda cihadçı fəaliyyətləri alqışlayır, lakin bu fəaliyyəti göstərənləri “cihadçı” yox, “mücahid” adlandırır.Onlar Doku Umarovun “Qafqaz əmirliyi” barədə ideyalarını qəbul etmirlər.

2010-cu ilin oktyabrında Saralyapovçu Daymohk.net internet saytında dərc olunmuş “Biz mücahidləri dəstəkləyirik” adlı məqalədə Çeçenistanda hələ də döyüşləri davam etdirən üsyançılara münasibət məsələsinə aydınlıq gətirilib.“Mücahidlər çətin bir vaxtda-qışın oğlan çağında hamı tərəfindən tərk ediliblər-deyilir məqalədə,-ötən 20 il ərzində düşmənə boyun əyməyən mücahidlər indi bir parça çörək üçün həmvətənləri qarşısında diz çökməli olublar.Bizim mövqeyimiz dəyişməz olaraq qalır-mücahid döyüşdükcə və həyatını riskə atdıqca ona ehtiram göstərmək lazımdır.Bizə fərqi yoxdur ki, o İçkeriya, əmirlik və ya hər hansı başqa ideyanın tərəfdarıdır”.

Cihadçılar

Cihadçıların peyda olması bütün çeçen üsyançı hərəkatını köklü şəkildə dəyişdirib.İddia edilir ki, 1990-cı illərin əvvəllərindən islamçı və cihadçı qruplar İçkeriya Çeçen Respublikasına sirayət etməyə başlayıblar.

Onların bu ərazidə mövcudluğu, özünü xüsusən də 1999-cu ildə başlamış və Rusiyanın bu regionda nəzarəti geniş miqyasda əlinə alması ilə başa çatmış ikinci çeçen müharibəsində aydın şəkildə hiss etdirməyə başlayıb.Zakayevin dünyəvi qruplaşması inanır ki, “Xilafət” adlı əməliyyat “Çeçen dövlətçiliyinin təsisatlarını ləğv etmək məqsədilə” Rusiyanın xüsusi xidmətləri tərəfindən planlaşdırılıb.

Umarovun harada olması, hətta ölü-diriliyinin bilinməməsinə gəlincə isə, Zakayev 2013-cü ilin iyununda bildirmişdi ki, o islamçı liderinin ölümünə inanmır və onun ölümü barəsində şaiyələr Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaxşı planlaşdırdığı “fənd”dir.Çeçenistanda nə qədər cihadçının qalması aydın deyil, lakin Kadırov bəyan edib ki, “çeçen dağlarında silahlılar artıq yoxdur və yalnız İnquşetiya ilə həmdsərhəd ərazilərdə bir ovuc “şeytan” qalıb.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR