Hərbi xərclərə daha çox vəsait ayıran ölkələr - SİYAHI
Bizi izləyin

Dünya

Hərbi xərclərə daha çox vəsait ayıran ölkələr - SİYAHI

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (Stockholm International Peace Research Institute - SIPRI) dünya ölkələrinin hərbi xərcləri ilə bağlı yeni məruzəsini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, SIPRI-nın məruzəsinə əsasən, Çin, Rusiya və Səudiyyə Ərəbistanı ötən il hərbi xərclərinə daha çox vəsait ayırıb.

Çin 2014-cü ildə silahlı qüvvələrə 216 milyard dollar xərcləyib və bu əvvəlki illə müqayisədə 9,7 faiz artım deməkdir. Rusiyanın hərbi xərclərindəki artım 8,1 faiz təşkil edərək 84,5 milyard dollara çatıb. Ən yüksək artım Səudiyyə Ərəbistanında qeydə alınıb. Ər-Riyadın hərbi xərcləri 17 faiz artımla 80,8 milyard dollar təşkil edib.

ABŞ-da isə azalma qeydə alınıb. Birləşmiş Ştatlar 2014-cü ildə 2013-cü illə müqayisədə müdafiə xərclərini 6,5 faiz azaldaraq 610 milyard dollarla kifayətlənib. SIPRI-nın məruzəsinə əsasən, ABŞ müdafiə xərclərinin ixtisarı 2010-cu ildən 20 faiz təşkil edib.

Məruzədə qeyd olunub ki, dünya ölkələrində artan müdafiə xərcləri artan geosiyasi gərginliyi əks etdirir: “2014-cü ilin martında Krımın Rusiya tərəfindən zəbt edilməsi Ukraynada münaqişənin genişlənməsinə gətirib çıxardı. Şərqi Çin və Cənubi Çin dənizlərində ərazi mübahisələri üzrə gərginlik qalır. Səudiyyə Ərəbistanı Suriyada islam təşkilatlarını silahlandırmaqda davam edir”.

Sözügedən məlumatalar 2014-cü ilin sonunda neft qiymətlərinin kəskin düşməsini əks etdirmir. SIPRI öz məruzəsində qeyd edib ki, neft qiymətlərinin silahlanmaya necə təsir edəcəyi hələlik anlaşılmazdır. Gözlənilir ki, Yaxın Şərqin bir çox ölkələrı, o cümlədən Səudiyyə Ərəbistanı bir neçə il ərzində yığılan güclü maliyyə ehtiyatları sayəsində neftin qiymətinin kəskin düşməsinə dözəcəklər.

İnstitut qeyd edir ki, amma bu Rusiyaya aid deyil. SIPRI məruzəsinin müəllifləri qeyd edirlər ki, Kreml hərbi xərclərinin artımını Ukrayna böhranının başlanmasına qədər planlaşdırırdı. Bildirilir ki, sanksiyalar və neftin azalan qiymətinin Rusiya iqtisadiyyatına vurduğu zərbədən sonra Kreml müdafiə xərclərini azaldıb. “Neft və qaz qiymətlərinin azalması, həmçinin iqtisadi sanksiyalar dövlət gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb və rublun ciddi devalvasiyasına gətirib çıxarıb. Nəticədə 2015-ci il üçün müəyyən edilən 4,2 trilyon rublluq (69 milyard dollar) ilkin hərbi büdcə təkrar gözdən keçirilərək beş faiz azaldıldılıb”,- məruzədə qeyd edilib.

Bununla belə, 2015-ci ildə Rusiyada hərbi xərclər təxminən 15 faiz artacaq və ümumi büdcə dörd trilyon rubl təşkil edəcək. Məruzədə deyilir ki, vəsaitin əksər hissəsi silahların alınmasına sərf olunacaq. Alınmalar 2016 və 2017-ci illərdə də yüksək səviyyədə qalacaq.

Məruzə müəlliflərinin fikrincə, Şimali Atlantika Müqaviləsinin Təşkilatının (NATO) üzvləri çətin ki, müdafiə xərclərini ümumi daxili məhsulun iki faizi həcminə çatdıracaqlar. Halbuki, bu göstərici NATO ölkələrindən tələb edilir. Qərbi və Mərkəzi Avropa ölkələrinin əksəriyyətində iqtisadi azalma ilə paralel olaraq müdafiə xərcləri də azaldılır, amma Rusiya ilə həmsərhəd olan Baltikyanı ölkələr, Skandinaviya və Şərqi Avropa ölkələri Rusiya təhlükəsinə qarşı durmaq üçün hərbi xərcləri artırırlar.

Çində müdafiə xərcləri bütovlükdə onun iqtisadi artım göstəriciləri ilə eyni səviyyədə artır. Məruzənin müəllifləri qeyd edirlər ki, Yaponiya ötən il 2013-cü il səviyyəsini saxlayıb. Bu isə Hindistanın Yaponiyanı keçməsi və yeddinci yerə çıxması ilə nəticələnib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm