• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qərbin dəyişməyən mahiyyəti

  • Dünya
  • 7 İyun 2015 13:12
  • 1 411 Baxış
Qərbin dəyişməyən mahiyyəti

Olimpiya Oyunlarının tarixi indiyədək qalmaqallı siyasi hadisələri ilə də yadda qalıb. Ən yaddaqalan hadisə isə 1968-ci ildə Meksikada keçirilmiş Yay Olimpiya Oyunlarında qeydə alındı.

Tommi Smit və Con Karlos... Bu iki adı amerikanlar heç vaxt unutmayıb və okeanın o tayında bu gün də davam edən irqi ayrı-seçkilik fonunda onlar yad olunur.

47 il öncə Yay Olimpiya Oyunlarında 200 metrlik məsafəyə qaçış üzrə Tommi Smit qızıl, Con Karlos isə bürünc medala sahib oldu. Yüksək kürsüyə qalxan idmançılar ABŞ himni səslənərkən başlarını aşağı salaraq, qara əlcək geydikləri əllərini göyə qaldırdılar. Onlar ABŞ-da tüğyan edən irqçiliyə və qaradərililərin istismarına etiraz edirdi.

Evə dönəndən sonra hər iki idmançı üçün əsl faciə başladı. Qaçış üzrə dörd dəfə dünya çempionu olan T. Smitə idmanla məşğul olmaq qadağan edildi. Eyni taleyi C. Karlos da yaşadı. Siyasi təqiblər, yuxarıdan sifariş əsasında hazırlanan kütlələrin etiraz aksiyaları... Amerika baş qaldıran qaradərililərə dərs verirdi.

Həmin tarixdən 50 il keçsə də, "demokratiya qladiatoru" mahiyyət etibarilə dəyişməyib.

2014-cü ilin 9 avqust tarixində Ferqüssonda 18 yaşlı gənc ikisi başından, dördü ayağından olmaqla altı güllə ilə ABŞ polisi tərəfindən qətlə yetirildi. Araşdırma nəticələrində bu qətlin səbəbi aydın oldu: onun günahı qaradərili olmaq imiş. Ardınca ABŞ demokratiyasını darmadağın edən Ferqüsson etirazları başladı. Polis aksiyanı işıqlandıran yerli və xarici jurnalistləri sözün əsl mənasında boğdu.

CNN telekanalı Ferqüsson hadisələri haqda yalnız 3 gün sonra - 12 avqustda məlumat yaydı. Bu o kanaldır ki, Azərbaycanda birinin burnu qanayanda efir vaxtını bu haqda reportajlar və analizlərlə doldurur. ABŞ-dakı qaradərililərin etiraz aksiyalarını isə "ictimai asayişin pozulması" kimi qələmə verir...

Statistik məlumatlara görə, Ferqüsson şəhərinin 21 min nəfər əhalisinin 67 faizini qaradərililər təşkil edir. Buna baxmayaraq, dövlət orqanlarında onlara yer yoxdur. Şəhər bələdiyyəsinin cəmi bir əməkdaşı qaradərilidir. 57 polisin olduğu şəhərdə cəmi üç polis əməkdaşı qaradərilidir.

Ferqüsson hadisəsindən cəmi bir il sonra qaradərililərə qarşı şiddətin ikinci dalğası Baltimor şəhərində başladı. 2015-ci ilin aprelində daha bir qaradərili - Freddi Qrey adlı gənc zorakılıq nəticəsində həyatını itirdi. Ardınca qaradərili əhali etiraz aksiyalarına start verdi. Lakin heç nə dəyişmədi və yenə də polis zorakılıqla aksiyanı dağıtdı.

Qərb mediası isə öz işində idi. Onlar dünyanın müxtəlif yerlərindən "pozulan insan haqları" haqda məlumatlar yayır, ABŞ-ı insanlığın yeganə xilaskarı kimi göstərirdi.

Bu gün Ferqüsson və Baltimor, həmçinin, 50 il öncə yay Olimpiya Oyunlarında Tommi Smit və Con Karlosun etirazlarının mahiyyəti unutdurulur. Bu da məhz Qərbin nəzarətində olan KİV-lərin - CNN, BBC, "Əl - Cəzirə", "Azadlıq radiosu", "Waşinqton post" və digər ictimai rəyə təsir gücünə malik olan media qurumları tərəfindən həyata keçirilir.

Qərbin qara tarixini gizlədən eyni KİV Azərbaycan üzərinə "səlib yürüşü"nə başlayıb

ABŞ-ın NED təşkilatı tərəfindən başladılan anti-Azərbaycan kampaniyasının mərkəzi Vaşinqton və London seçilib. Məqsəd I Avropa Oyunlarının üzərindən Azərbaycanın imicini mənfi formada təqdim etməkdir.

Bu şəbəkəyə KİV və beynəlxalq təşkilatlar adı altında fəaliyyət göstərən təşkilatlar daxildir. Şəbəkənin idarəçiləri isə daha yuxarı instansiyalara qədər gedib çıxır. Misal üçün, bir neçə həftə öncə mediada ortaya çıxan məlumatlar anti-Azərbaycan kampaniyasının məhz ABŞ Dövlət katibi Con Kerrinin ofisindən idarə olunuğu faktını təsdiq etdi.

Erməni lobbisinin əsas dayaq nöqtələrindən hesab olunan Kerrinin idarə etdiyi şəbəkə özündə "People in Need", "Human Rights Watch", "İnternational Media Support", "Platform London", "Netherlands Helsinki Committee", "İndex on Gensorship", "Article XIX", "İnternational Partnership for Human Rights", "YouAid Foundation" təşkilatlarını birləşdirir. Bura həmçinin bir sıra rəsmi dairələr - Avropa İttifaqı, Avropa Şurası, ATƏT də daxildir.

Dünən Avropa İttifaqının Bakı nümayəndəliyi ilə Yunanıstan səfirliyinin I Avropa Oyunlarına qarşı təxribat addımı haqda yayılan məlumatlar bu fonda diqqət çəkdi. Bu rəsmi təsdiqini tapmasa belə, müəyyən ehtimalların yaranmasına səbəb olur.

Demokratiya, insan haqları, söz azadlığı kimi bəşəri dəyərləri siyasi alətə çevirən anti-Azərbaycan şəbəkəsi I Avropa Oyunlarını boykot etməyə çağırır. Halbuki, dəfələrlə elə Qərbin özü boykotlarla üzləşib.

1976-cı il: Monrealda keçirilən Yay Olimpiya Oyunları Afrika ölkələrinin bəziləri tərəfindən boykot olundu. Afrikalılar Avropada və ABŞ-da gündəlik həyat tərzinə çevrilən irqçiliyə qarşı etiraz edirdi. Starta çıxmadan Kanadanı tərk edən idmançılar da oldu. Boykotçular tarixi əsrlərə dayanan irqçiliyə etiraz etməkdə haqlı idilər. Lakin Qərb mediası bu haqda susdu. Çünki ortada həqiqət var idi və bu, onları ifşa edirdi.

Tarixi təcrübə göstərir ki, Qərb mediasının əlində bayraq etdiyi "obyektivlik, qərəzsilik, ədalət" prinsipi afişadan başqa bir şey deyil. Təsəvvür edin: Avropanın 49 ölkəsindən oyunlara 6 min idmançı qatılacaq. Bir sıra dövlətlər oyunlarda birinci şəxs səviyyəsində təmsil olunacaq. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki Bakının oyunlara tam hazır olduğunu dilə gətirir. Lakin bu dairələr bütün bunları eşitmək, görmək, yaxud dinləmək istəmir. Bütün bunlar onların qərəzsizlik, obyektivlik iddialarının əsl mahiyyətini göstərir. I Avropa Oyunları üzərindən şəbəkələşmiş formada Azərbaycana hücum edən Qərb mediası və onlara sifariş verən dairələr heç fərqində deyillər ki, əslində, özlərini ifşa edirlər.

Milli.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR