İŞİD-ə qoşulan polkovnik qardaşının başını kəsəcək
Bizi izləyin

Dünya

İŞİD-ə qoşulan polkovnik qardaşının başını kəsəcək

May ayında İŞİD terror təşkilatına qoşulan Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki, xüsusi təyinatlı milis dəstəsinin komandiri (OMON) Qulmurod Xalimov növbəti bəyanatla çıxış edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, tacik polkovnik onda psixi problemlərin olduğunu iddia edən Tacikistan rəsmilərinə sərt cavab verib.

“Mən tamamilə sağlamam. Əgər dəli idimsə, məni necə ABŞ-a hazırlığa göndərdiniz, polkovnik rütbəsini verdiniz və məni üç dəfə medallarla mükafatlandırdınız? Əgər mən dəliyəmsə, deməli, Daxili İşlər Nazirliyinin digər polkovnikləri də eyni vəziyyətdədir”, - Xalimov deyib.

Xalimov “Vicdan azadlığı və dini birləşmələr haqqında” və “Valideynlərin məsuliyyəti haqqında” Tacikistan qanunlarını tənqid edib. O, bu qanunların həddi-buluğa çatmayanların məscidlərə daxil olmasını qadağan etdiyini bildirib. Polkovnik bu qanunların əhali arasında narazılığı artırdığını və insanları islami təşkilatlara meyilləndirdiyini deyib.

Tacikistanın keçmiş OMON rəhbəri qardaşını da başını kəsməklə hədələyib: “Allahın adına and içirəm ki, mənim silahım yalnız səhv edənlərə qarşı istifadə ediləcək. Əgər mənim qardaşım da mənə qarşı gələcəksə və səhv edəcəksə, onun başını şəxsən kəsəcəyəm”.

Qeyd edək ki, Xalimovun qardaşı KİV vasitəsilə açıq məktubla ona müraciət edib. O, qardaşından Tacikistana qayıtmağı və qanun qarşısında cavab verməyi xahiş edib. “İnterfaks” agentliyinin yazdığına görə, polkovnikin qardaşı Tacikistanın Ədliyyə Nazirliyində işləyir.

OMON-un 40 yaşlı komandiri aprelin sonunda itib. Onun getdiyi yer heç kimə məlum deyildi. Mayın 28-də Xalimovun sosial şəbəkələrdə ilk video müraciəti çıxıb. O bildirib ki, Tacikistan Daxili İşlər Nazirliyinin iş metodlarına, o cümlədən namazın qılınmasına qoyulan qadağaya qarşı etiraz əlaməti olaraq İŞİD-ə qoşulub. Bundan başqa, Xalimov söz verib ki, Tacikistanda şəriət qanunları yaratmaq üçün mütləq qayıdacaq.

Tacikistan prokurorluğu Xalimova qarşı “dövlətə xəyanət”, “cinayətkar təşkilatlara üzv olmaq” və “başqa dövlətlərin ərazisində silahlı konfliktlərdə qanunsuz iştirak etmək” maddələri ilə cinayət işi qaldırıb. Bu maddələrdən hər biri cinayətkarın 20 il azadlıqdan məhrum edilməsini nəzərdə tutur.

Xalimovun birinci video müraciətinin yayılmasından sonra Tacikistanda bəzi qeyri-dövlət informasiya resurslarına, həmçinin “Facebook”, “VKontakte” və “Odnoklassnik” sosial şəbəkələrə, həmçinin “YouTube” video paylaşım saytına girişə məhdudiyyətlər tətbiq edilib. İyunun əvvəlində isə giriş bərpa olunub. Xalimovun ikinci video müraciətindən sonra da qadağaların yenidən tətbiq ediləcəyi istisna olunmur.

Tacikistan xüsusi xidmət orqanlarının məlumatına görə, ölkənin ən azı 200 vətəndaşı Suriyada vuruşur. Onlardanı 40-ı həlak olub. Beynəlxalq Böhran Qrupunun məlumatında isə deyilir ki, Qırğızıstan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Türkmənistanın ümumilikdə 4 min vətəndaşı İŞİD-in tərkibində döyüşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm