Aİ-95 markalı benzinin bahalaşması reallaşır
Bizi izləyin

İqtisadi gündəm

Aİ-95 markalı benzinin bahalaşması reallaşır

“İki ay öncə ARDNŞ prezidenti Rövnəq Abdullayevin Aİ 95 markalı benzinin ölkədə istehsalının dayandırılması və idxal edilməsi ilə bağlı fikirləri ictimaiyyətə açıqlananda bunun qiymət artımı üçün zəmin yarada biləcəyindən narahatlığımızı bildirmişdik”.

Bunu Publika.Az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, son proseslər bu fikri daha da möhkəmləndirir: “Belə ki, Nazirlər Kabineti 31 mart 2014-cü il tarixli, 90 saylı Qərarı ilə qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısına dəyişiklik edib.

Dəyişikliyə görə, ölkəyə gətirilən ekoloji norması avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinlərinin qiymətini bazar müəyyən edəcək. Yəni, onların qiymətini martın 27-dən sonra Tarif Şurası tənzimlənməyəcək. Necə ki, Aİ 98 markalı benzinin timsalında bunu görürdük.

İndi nə baş verəcək? ARDNŞ neft emalı zavodunu təmirindən sonra Aİ-95 markalı benzinin istehsalını bərpa etmir. Bununla da bazar Aİ-95 idxal benzininin ümidinə qalır. İdxal olunan benzini qiyməti sərbəst olduğundan onun qiymətinin bahalaşması tamamilə mümkündür.

Güman ki, ssenari belə də olacaq. Bundan sonra Tarif Şurası işini bitmiş hesab edəcək və qiyməti artıq bazar müəyyənləşdirəcək. Düzdür, hökumət qiymət artımını minimuma endirmək üçün vergi güzəştləri tətbiq edib. Belə ki, idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15%-dən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib.

Ancaq bütün bunlar benzinin bahalaşmayacağına zəmanət vermir. Aİ-95 benzini dünya bazarlarında neftin qiymətindən və benzini emal edən zavodun qiymət siyasətindən birbaşa asılı olacaq.Böyük ehtimalla hökumət bir müddət bu markalı benzinin bahalaşmasına imkan verməyəcək.

Ancaq bu, müvəqqəti olacaq. Müəyyən dövrdən sonra bahalaşmanın şahidi olacayıq. Məlumatlarda qeyd edilir ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir. Ancaq ölkəyə gətirilən yeni avtomobillərin sayəsində Aİ-95 markaı benzinə tələbatın artması müşahidə ediləcək”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm