Qiymətli kağızlar bazarında əməliyyatların həcmi 4 milyard manata çatıb
Bizi izləyin

İqtisadi gündəm

Qiymətli kağızlar bazarında əməliyyatların həcmi 4 milyard manata çatıb

Qiymətli kağızlar bazarında əməliyyatların həcmi 4 milyard manata çatıb

2014-cü ilin birinci rübü ərzində qiymətli kağızlar bazarının bütün seqmentləri üzrə aparılan əməliyyatların sayı və həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,4 dəfə artıb.

Publika.Az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, əməliyyatların həcmi 4 milyard manata çatıb. Bu da qeyri-neft ÜDM-nin 56 faizinə bərabərdir.

Dövr ərzində şirkətlərin kapital bazarları vasitəsi ilə maliyyələşmə meyllərinin artması qiymətli kağızlar bazarında ilkin bazar əməliyyatlarının sayının 3,1 dəfə, həcminin isə 68 faiz artaraq 326,3 milyon manat təşkil etməsinə səbəb olub. Bununla yanaşı, bütün növ qiymətli kağızların təkrar bazar ticarəti üzrə əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz, həcmi isə 2,5 dəfə artaraq 3,7 milyard manat təşkil edib.

Bu da bazarda maliyyə alətləri üzrə likvidliyin formalaşmasının göstəricisidir. Hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında əhəmiyyətli canlanma müşahidə edilib. Belə ki, dövr ərzində korporativ qiymətli kağızlar bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə artaraq 564,2 milyon manat təşkil etmişdir ki, nəticədə korporativ qiymətli kağızlar bazarının ümumi qiymətli kağızlar bazarında xüsusi çəkisi ötən ilin müvafiq göstəricisindən 5 faiz çox olub.

Səhm bazarı vasitəsilə maliyyələşmə meyllərində cari rüb ərzində əhəmiyyətli aktivlik baş verib. Belə ki, dövr ərzində səhmlərin ilkin bazarında həyata keçirimiş əqdlərin sayı 6,7 dəfə, həcmi isə 5,1 dəfə artıb. 2014-cü ilin ilk 3 ayı ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində mühüm irəliləyiş qeydə alınıb.

Belə ki, kommersiya banklarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri səhm bazarının 2,6 dəfə artaraq 235,3 milyon manat təşkil etməsi ilə nəticələnib. Cari ilin birinci rübü ərzində korporativ istiqrazlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 dəfə artaraq 328,9 milyon manat təşkil edib.

Bu növ alətlərlə ilkin bazarda aparılan əməliyyatların həcmi 30 faiz artaraq 38,2 milyon manat təşkil etmişdir. Korporativ istiqrazlar bazarının ən likvid aləti olan Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarının təkrar bazarında müşahidə olunan canlanma bütövlükdə korporativ istiqrazlar ilə təkrar bazar əməliyyatlarının həcminin 11,8 dəfə artaraq 290,6 milyon manat təşkil etməsi ilə nəticələnib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm