• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanı görün...

Azərbaycanı görün...

Sülh üzrə Nobel mükafatına ən layiqli namizəd üçün...


Bilmirəm, sentimental, ya da pafoslu səslənərmi? Az qala hər bir təhsilli, dünyagörüşlü azərbaycanlının qəlbində bir Nobel nisgili var...


Hər il Nobel mükafatları təqdim olunanda bu hiss daha qabarıq üzə çıxır. Və təbii olaraq, hər birimizin beynində müəyyən suallar yaranır: görəsən, əsas maliyyə vəsaiti Bakı Neftinin hesabına formalaşmış Nobel mükafatına ölkəmizdən də kimsə layiq görüləcəkmi? Nə vaxtsa, nəhayət, bu “tilsim” qırılacaqmı? Ölkəmizdən bu mükafata ən layiqli namizəd kim (və ya kimlər) ola bilər?


Xatırladaq ki, dünyanın ən nüfuzlu ödülü sayılan Nobel mükafatları fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə verilir.


Konkret olaraq, Sülh üzrə Nobel mükafatı ölkəsində və bütün dünyada Sülhün və Humanizmin bərqərar olunması naminə gərgin və səmərəli fəaliyyət göstərən şəxslərə təqdim olunur. Belə mühüm fəaliyyətlə məşğul olan şəxsiyyətsə Azərbaycanda var! Onu artıq bütün dünya tanıyır. Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın regionda və dünyada Sülhün və Humanizmin qorunması yönündə çoxşaxəli fəaliyyəti böyük nüfuz sahibi olan ayrı-ayrı şəxslər, tanınmış institutlar, klublar tərəfindən yüksək qiymətləndirilib. Bunlar bəşəriyyətə və insanlığa böyük xeyir gətirən, insanlarda gələcəyə böyük ümid yaradan son dərəcə nəcib işlərdir. Praqmatikliyi və bu keyfiyyətlə uzlaşan intellekti, qlobal düşüncə tərzi, yüksək mədəniyyəti, humanist fəaliyyəti onu bəşəriyyətin ən nəhəng mükafatı sayılan Nobel mükafatına addımbaaddım yaxınlaşdırıb. Mehriban xanım Əliyevanın təşkil etdiyi beynəlxalq tədbirlər, həyata keçirdiyi qlobal layihələrlə yanaşı, böyük maraq kəsb edən çıxışları da bütün dünyanın diqqət mərkəzindədir və yəqin ki, bütün nüfuzlu klublar kimi Nobel Komitəsi də onun fəaliyyətini izləyir. Sülh üzrə Nobel mükafatına layiq görülənlərin işlərini diqqətlə izlədikdə görürük ki, onların əksəriyyətinin fəaliyyəti miqyas baxımından Mehriban Əliyevanın fəaliyyətinin yalnız bir hissəsi sayıla bilər. O, ölkəsinin və bəşəriyyətin qarşısında duran problemləri gözəl anlayır, araşdırır, çıxış yollarını arayır və var gücü ilə onların həllinə çalışır...


Mehriban Əliyeva bütün xarici səfərlərində, keçirdiyi çoxsaylı görüşlərdə Dağlıq Qarabağ münaqişəsini, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində maddi və qeyri-mədəniyyət abidələrini vəhşicəsinə dağıtmasını diqqət mərkəzində saxlayır, xoşməramlı səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. O, dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri, milli mənəvi dəyərlərə ehtiramı ilə həm də yeni minillikdə qədim dəyərlərin, ənənələrin hamisidir. Sivilizasiyalararası dialoqda gənclərin, elm və mədəniyyət xadimlərinin roluna hər zaman önəm verən Mehriban xanım Əliyeva Azərbaycanda bu mövzularda beynəlxalq konfranslar, forumlar, sammitlər, simpozium və festivallar təşkil edir...


Onun rəhbərliyi ilə Azərbaycan Mədəniyyəti Fondu, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalı təsis edilib.


2004-cü ildə Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.


2005-ci ildə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.


Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.


Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.


Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci ildə Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.


Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin may ayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.


Yetim və kimsəsiz uşaqlara, müharibə və təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım göstərilməsi sahəsində İslam Konfransı Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlığa görə 2008-ci ilin iyununda Mehriban Əliyeva “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” diplomuna layiq görülüb.


2009-cu ildə Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.


2010-cu ildə Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasındakı münasibətlərdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.


2010-cu ilin iyul ayında Mehriban Əliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı təqdim edilib.


2011-ci ildə Mehriban Əliyevaya “Krans Montana Forumu”nun Qızıl medalı, 2012-ci il iyunda isə “Prix de la Fondation” mükafatı təqdim edilib.


2012-ci il fevral ayında Mehriban Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.


2012-ci il aprelində Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.


2013-cü ildə Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.


2014-cü ildə Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.


Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə Mehriban Əliyeva “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb.


2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.


Mehriban Əliyeva Vatikan Apostol Kitabxanası ilə tanış olduqdan sonra “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair müqaviləyə imza atıb.


O, Azərbaycanda uşaq evlərinin yenidən qurulması və modernləşdirilməsi, məktəblərin açılması, diabet, talassemiya və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə olunması istiqamətində ciddi işlər görüb, yerli və beynəlxalq səviyyədə ekoloji mühitin yaxşılaşdırılması üçün dəyərli təşəbbüslər irəli sürüb, ölkəmizin mədəni sərvətlərinin inkişafına yardım etməklə, digər xalqların mədəni irsinin qorunmasına da köməklik göstərib.

Mehriban xanım Əliyevanın Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlik geniş fəaliyyətinə sübut kimi “İpək Yolu” Komitəsinin yaradılmasını və dini-tarixi abidələrin bərpasına yardımını qeyd etmək olar.


Bütün sadaladıqlarım yeni dünya düzənində çox böyük əhəmiyyət kəsb edən, lokal və qlobal aspektdə dolğun mahiyyət daşıyan və həlli onun tərəfindən gerçəkləşdirilən son dərəcə mütərəqqi ideyalardır. Artıq milyonlarla insan bu ideyaların həyata keçməsinin canlı şahidi olmaqla yanaşı, həm də bunlardan bəhrələnə biliblər. O, bu böyük millətin layiqli övladı kimi bunları bizim hər birimiz üçün edir. Dünyanın bir sıra nüfuzlu klubları bu mühüm işləri vaxtında anlayıb, təqdir edib və yüksək dəyərləndirib.


Bütün bu sadaladıqlarım göstərir ki, Mehriban xanım Əliyevanın bəşəriyyət və millətimiz üçün gördüyü nəcib və xeyirxah işlər, bu işlərin davamı onun Sülh üzrə Nobel mükafatına namizədliyinin verilməsi üçün ciddi əsaslar yaradıb!


Əslində ədəbiyyat üzrə Nobel mükafatına layiq görülənlərin əksəriyyəti əvvəlcə “Buker”, “Qonkur” və “Pulitser” mükafatına layiq görülənlərdir.


Mehriban xanımın layiq görüldüyü Krans Montana Forumunun qızıl medalı, Fransa Respublikasının Fəxri Legion ordeninin zabit dərəcəsi, Küveyt Dövlətinin Fəxri diplomu, UNESCO-nun “Qızıl Motsart” medalı, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni və digər təltifləri onun Nobel Sülh mükafatına namizədliyini reallaşdırır.


Sülh üzrə Nobel mükafatına namizədliyin verilməsi prosedurunda aktiv ictimai xadimlər, filosoflar, siyasətşünaslar, tarixçilər və hüquqşünaslarla əlaqələr qurulur. Mehriban xanım Əliyeva 2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Onun intellektual bioqrafiyası istənilən ictimai xadimi, filosofu, siyasi elmlərin nümayəndələri, tarixçi və hüquqşünasları heyran edə bilər.


Sülh üzrə Nobel mükafatına namizədləri müxtəlif ölkələrin parlament və hökumətləri, Beynəlxalq məhkəmələrin üzvləri, Universitet rektorları, sosial elmlər, tarix, fəlsəfə, hüquq və teologiya üzrə professorlar, Sülh və xarici siyasət elmi tədqiqat institutlarının direktorları, Sülh üzrə Nobel mükafatı laureatları, Sülh üzrə Nobel mükafatına layiq görülmüş təşkilatların üzvləri, Norveç Nobel Komitəsinin indiki və keçmiş üzvləri, Norveç Nobel Komitəsinin indiki və keçmiş məsləhətçiləri təqdim edirlər. Fikrimcə, dünyada gördüyü nəcib işlər və qazandığı uğurlarına görə həddindən artıq müsbət imicə malik olan Azərbaycanın birinci xanımının namizədliyini adları çəkilən həmin qurumların nümayəndələri və ayrı-ayrı şəxslər verə bilərlər. Mehriban xanım Əliyevanın fəaliyyəti dünyanın bütün nüfuzlu media orqanlarında müxtəlif dillərdə geniş işıqlandırılır. Bu baxımdan onun şəffaf bioqrafiyası və gördüyü işlərin miqyası haqqında məlumat almaq çox asandır.


Erməni vandalizmi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub. Bu amansız işğal nəticəsində 1 milyondan artıq məcbur köçkünümüz doğma yurd yerlərindən məhrum olublar. Mehriban xanım Əliyevanın gördüyü işlərin təhlili göstərir ki, Azərbaycan xalqı son dərəcə humanist, mədəni və özgə torpağında gözü olmayan xalqdır. Onun fəaliyyətinin tərkib hissəsinə torpaqlarımızın Sülh yolu ilə azad olunması da daxildir. Mehriban xanımın Sülh üzrə Nobel mükafatına layiq görülməsi regionda ədalətli Sülhün bərpa olunmasına yardımçı ola bilər. Tarix göstərir ki, ədalətli sülhün əldə olunmasında Nobel Komitəsinin təltif etdiyi beynəlxalq qurumlar və ayrı -ayrı şəxslər bu mühüm missiyanı daşıya biliblər.

Çoxşaxəli mütərəqqi fəaliyyət yönümü ilə Nobel Sülh mükafatına layiq olan Mehriban Əliyevanın laureat olması üçün qarşımızda Vaxt, İmkan və Fürsət var!!!

Bütün azərbaycanlıların NOBEL arzusunun gerçəkləşməsi üçün bu gündən başlayaq...


Xəbər lenti

DAHA ÇOX XƏBƏR