• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Müdafiə Nazirliyindən mediaya xəbərdarlıq: “Diqqətli olun!“

Müdafiə Nazirliyindən mediaya xəbərdarlıq: “Diqqətli olun!“

Son günlər cəbhə bölgəsindən ziddiyyətli məlumatlar gəlir. Azərbaycan ordusunun bir neçə kəndi düşməndən azad eləməsi, rəsmi xəbərlərdə olanlardan artıq itkilər verməsi məlumatları dolaşır.

Əvvəlcə Azərbaycan ordusunun Füzuli istiqamətində düşmənin nəzarətində olan 2 kəndi, daha sonra Horadiz istiqamətində Ermənistanın işğalı altında olan daha 2 kəndi, sonra Qazax tərəfdən Ermənistan ərazisindəki Azərbaycanın anklavı olan 3 kəndi işğaldan azad etdiyi barədə məlumatlar yayılıb.

Həmçinin Azərbaycan ordusunun 40 şəhid verməsi də yayılan xəbərdə öz əksini tapıb.

Bu gün Müdafiə Nazirliyi cəbhədən gələn məlumatlarla bağlı açıqlama yayıb. Publika. Az-ın məlumatına görə, açıqlamada ölkədə fəaliyyət göstərən saytlardan birinin cəbhə bölgəsində baş verənlərlə bağlı məlumatı cəmiyyətdə və mətbuatda çaşqınlığa səbəb olduğu deyilir:

"Dezinformasiya xarakteri daşıyan bu yazıda bildirilir ki, guya iyun ayının 7-8-də cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan ordusu 5 deyil, 40 şəhid verib və bu "fakt" hansısa səbəblərə görə indiyədək gizli saxlanılır. Belə əsassız məlumatı dövriyyəyə buraxarkən saytın qarşısına hansı məqsəd qoyduğu və nə üçün bu cür uydurma, yalan məlumatla ictimaiyyəti təşvişə qapanmağa sövq etməyə çalışması çox maraqlı görünür.

Haradan götürülüb bu məlumat, mənbəyini söyləyə bilərlərmi? Sayt "35 şəhiddən" heç olmazsa birinin yurd-yuvasını və ya adını nişan verə bilərmi? Ümumiyyətlə, bu qədər əsgərin ölümü necə gizlədilə bilər və yaxud nəyə görə gizlədilməlidir?

Göstərilən tarixdə cəbhədə gedən döyüşlər zamanı Azərbaycan tərəfin neçə itki verməsi barədə Müdafiə Nazirliyi ictimaiyyəti dəqiq məlumatlandırıb. Buna görə də cəmiyyəti və informasiya məkanını şübhəli məlumatlarla çaşdırmaq yolverilməzdir".

Eldar Sabiroğlu həmin sayta və bəzi digər media nümayəndələrinə belə həssas məqamda diqqətli olmağı, dəqiqləşdirilməmiş məlumatları yaymaqla cəbhə bölgəsində qulluq edən minlərlə əsgərimizin valideyinlərinin heysiyyatı ilə oynamamağı və düşməni yalan məlumatlarla sevindirməməyi tövsiyə edib.

Ehtiyatda ola polkovnik-leytenant Üzeyir Cəfərov isə Publika.Az-a bildirib ki, bəzi saytlar ya bilərəkdən, ya da bilməyərəkdən bu cür dezinformasiya, təxribat xarakterli məlumatlar yayırlar. Onun sözlərinə görə, Azərbaycan balaca bir ölkədir, 5 kəndin azad olunması xəbəri doğru olsaydı bu barədə Azərbaycan rəsmiləri də olmasa, digər şəxslər bu barədə danışardılar:

"Bəllidir ki, heç bir kənd azad edilməyib. İyunun 3-dən 4-ə keçən gecə öldürülən ermənilərin qisas əməliyyatından sonra 5 hərbi qulluqçumuz öldürülüb, iki nəfər isə Ağstafada bədbəxt hadisənin qurbanı olub. Bununla da məsələ bitib".

Ekspert bu tip xəbərlərlə Azərbaycanın təcavüzkar obrazının yaradıldığını vurğulayıb.

Səxavət Həmid

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR