Seçki fəallığı, uğurlu “exit poll” – FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

Seçki fəallığı, uğurlu “exit poll” – FOTOLAR

Artıq bir neçə saatdır ölkəmizdə bələdiyyə seçkiləri keçirilir.

Publika.az-ın məlumatına görə, səsvermə hüququ olan bütün vətəndaşlar qeydiyyatda olduqları ərazi üzrə seçki məntəqələrinə gələrək dəstəklədikləri namizədə səs verirlər.

Müşahidə apardığımız seçki məntəqələrində yaradılan şəffaf seçki mühiti seçicilər tərəfindən də məmnunluqla qarşılanır. Seçicilər hər hansı təzyiq və təsirə məruz qalmadan seçki bülletenini götürərək səsvermə otaqlarına daxil olur və namizədini seçdikdən sonra seçki qutularına yaxınlaşaraq bülletenini qutulara atırlar.

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin məntəqələrində müşahidələr apararkən bir daha əmin olduq ki, seçki mühiti kifayət qədər şəffafdır və hər kəs öz namizədini seçə, ona səs verə bilir. Məntəqələrdə seçici siyahıları hələ bir neçə gün əvvəl asılıb. Komissiyaların sədri, katiblər və üzvlər səsvermə prosesinin gedişini izləyirlər. 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində seçici fəallığı yüksək idi. Söhbət etdiyimiz seçicilər səs verdikləri zamanı onlara kənar müdaxilələrin olmadığını bildirdilər.

“Heç bir qanun pozuntusu ilə qarşılaşmadım”

Səsvermə kabinəsindən çıxan Binəqədi rayon sakini Səbirə Quliyeva bildirdi ki, seçkilərin şəffaf, ədalətli təşkili demokratiyanın bariz nümunəsidir: “Mən də öz namizədimə səs verdim. Seçkilər tam obyektiv və şəffaf keçirilir. Səsvermə prosesi çox yaxşı təşkil olunub. Heç bir qanun pozuntusu ilə qarşılaşmadım. Mən 7-ci mikrorayonda yaşayıram. Səhər səs verdim”.

Qeyd edək ki, bələdiyyə seçkilərində “exit-poll” Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmış “ELS” Araşdırma mərkəzi tərəfindən keçirilir. 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 9 və 10 saylı seçki məntəqələrindən çıxan seçicilərə yaxınlaşaraq onlardan “xit-poll”da iştirak etməyi xahiş edən intervyerlər hər hansı qanun pozuntusunu müşahidə etmədiklərini bildirdilər.

“Seçicilərmizin bir qismi artıq səs veriblər”

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 10 saylı seçki məntəqəsinin sədri Saleh Mirzəyev bildirdi ki, səsvermə prosesi üçün hər cür şərait yaradılıb: “Qeydiyyata alınmış 1147 seçicimiz var, onların bir qismi artıq seçki məntəqələrinə gələrək səs veriblər. Səsvermə prosesi zamanı heç bir qanun pozuntusu, yaxud xoşagəlməz hal aşkarlanmayıb. Biz “exit poll”un keçirilməsi üçün də hər cür şərait yaratmışıq. “Exit poll”u keçirənlər də hər şeyin öz qaydasında olduğunu öz gözləri ilə görüb əmin olurlar”. Sabir Mirzəyev əlavə etdi ki, seçki məntəqəsinin sədri olaraq səsverməyə gələ bilməyən, fiziki cəhətdən qüsuru olan vətəndaşlar, habelə bu qəbildən olan digər seçicilər üçün də şərait yaradılıb: “Seçki məntəqəmizin 30 seçicisi kənarda səs verdi. Bunun üçün polisin müşayiəti ilə müşahidəçi göndərdik. Onlar səsvermə imkanı olmayan hamilə qadınların, fiziki cəhətdən qüsurlu insanların öz namizədlərinə səs vermələrini təşkil ediblər. Evdən çıxa bilməyənlər, yataq xəstəsi olan seçicilərimizi də diqqətdən kənarda saxlamırıq. Onların bəziləri bununla bağlı bizə müraciət etdiklərindən müraciətlərini nəzərə almışıq”.

Seçicilərin “exit-poll”a münasibətləri tamamilə dəyişib

“ELS” Araşdırmalar Mərkəzinin intervyeri Elmir Heydərov bildirdi ki, həm seçici fəallığı, həm də “exit-poll”a maraq çoxdur: “Vətəndaşlar indi daha aktivdirlər. Bilirlər ki, onlar seçkilərdə öz mövqelərini bildirməlidirlər. Heç bir seçiciyə qarşı hər hansı maneə, təzyiq yoxdur. Hər hansı xoşagəlməz halla qarşılaşmamışıq. Seçici fəallığı getdikcə daha da artır. Səsvermə hüququ olan vətəndaşlar gəlib öz namizədlərinə səs verirlər. Vətəndaşların “exit-poll”a münasibətləri də tamamilə dəyişib. Seçki məntəqələrindən çıxan insanlara yaxınlaşıb sorğumuza qatılmalarını xahiş etdikdə onlar sözümüzü yerə salmırlar. Gəlib “exit-poll”da iştirak edirlər. Əvvəllər bəziləri bunun nə olduğunu bilmirdilər. Amma indi çoxları bu sorğuya həvəslə qatılırlar. Artıq neçənci dəfədir “exit-poll” keçiririk. Bundan əvvəlki prezident və parlament seçkilərində də çıxışda sorğu keçirmişik. Ötən seçkilərdə olduğu kimi bu ictimai-siyasi marafonda da həm səsverməyə, həm də sorğuya maraq yüksəkdir. Düzdür, bəzi yaşlı insanlar “exit-poll”a o qədər də maraq göstərmirlər, lakin ümumilikdə sorğumuza maraq yüksəkdir”.

Müşahidəçilər prosesi yaxından izləyirlər

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 9 saylı seçki məntəqəsinin sədri Əsgər Sofuyev səsvermə prosesinin şəffaf və hər hansı problem olmadan davam etdiyini bildirdi. Hələ ki, hər şeyin qaydasında olduğunu bildirən sədr seçki məntəqəsi üzrə 1130 seçicinin qeydiyyata alındığını, fəallığın durmadan artdığını diqqətə çatdırdı: “Səhər saatlarından başlayaraq seçici fəallığı daim artır. Budəfəki seçkilər ötən bələdiyyə seçkilərindən də yüksək səviyyədə, şəffaf şəkildə təşkil olunub. Seçicilər üçün hər cür şərait yaradılıb. Müşahidəçilərimiz də prosesi yaxından izləyirlər”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm