İtkin düşən neftçilərdən birinin meyiti tapıldı - YENİLƏNİR
Bizi izləyin

Hadisə

İtkin düşən neftçilərdən birinin meyiti tapıldı - YENİLƏNİR

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

“Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailələrinə xəbər verilib, onların yaşadığı ünvanlara komissiya göndərilib.

Publika.az xəbər verir ki, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, axtarışlara dalğıcların cəlb olunması üçün "Avyor" gəmisi əraziyə yaxınlaşıb, amma hava şəraiti ilə əlaqədar hələlik dalğıcları işə cəlb etmək mümkün deyil. Dalğıclar hava şəraitinin normallaşmasını gözləyirlər.

***

Bu gecə “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərdən birinin meyiti tapılıb.

Publika.az xəbər verir ki, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

“Hazırda axtarış işləri davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış işlərini çətinləşdirir. Fövqəladə Hallar Nazirliyinin helikopteri də ərazidə axtarış aparır. Sərhəd qoşunlarının gəmiləri də axtarışa qoşulub. Dekabrın 12-dən işçilər təxliyə olunmuşdu. Hasilatın davam etdirilməsi üçün vacib işçilərdən başqa işçi yox idi. Belə hallar üçün prosedur qaydalarımız var. Hava şəraiti ilə əlaqədar öncədən müvafiq tədbirlər görülmüşdü. Ancaq küləyin sürəti saniyədə 41 metr olub. ”.

“Azneft” rəsmisi bildirib ki, hadisə baş verən neft məntəqəsi 1978-ci ildə tikilib, bu ilin avqustunda məntəqədə təmir işləri aparılıb.

B.Ağarəhimov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının da araşdırma aparacağını bildirib:

“Hadisə təbii fəlakətlə bağlı deyil. Əməkdaşlarımızın axtarışını davam etdiririk. Estakada uçan yerdə suyun dərinliyi 11 metrdir. Platformada 24 saatlıq iş sistemidir, əməkdaşlarımız gecə və gündüz növbəsində işləyirlər. Hadisə baş verəndə kimin harda olması məlum deyil”.

B.Ağamirzyev bildirib ki, itkin düşənlərin sağ qalma ehtimalı olduqca azdır.

“Hadisə ilə bağlı kim məsuliyyət daşıyır” sualına B.Ağamirzəyev "Biz hamımız" cavabını verib.

Leyla

***

Fövqəladə Hallar Nazirliyi neftçilərin axtarışına helikopter cəlb etdi.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin dərhal axtarışına baslanılıb.

Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

***

Dövlət Dəniz Administrasiyası Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

DDA-dan Publika.az-a verilən məlumatda bildirilib ki, bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən, Sənqaçal Estakadasının “Nst-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.

Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər- “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” ilk öncə hadisə yerinə yönəldilmişdir.

İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.

Hal-hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır.

***

N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Azneft İB-də qərargah yaradılıb.

SOCAR-dan Publika.az-a verilən məlumata görə, bu gecə N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılıb.Qərargahın əlaqə telefonları:

+994 12 521 11 44

+994 12 521 12 82

+994 50 841 10 62

+994 50 841 12 09

***

Neftçilərin hüquqlarının müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlıbildirib ki, ilkin məlumata görə, bir nəfər Atbulaq kənd sakini Cavid Bəhramovun meyiti tapılıb. Qalan 9 nəfər itkin düşüb.

Mirvari Qəhrəmanlı qeyd edib ki, 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub: "Nəticədə 5 nəfər həlak olmuşdu”. (aznews.az)

***

Xəzər dənizində baş verən qəza nəticəsində itkin düşənlərin axtarışlarına başlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.

***

“Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar ilkin məlumat yayıb.

Qurumdan Publika.az-a verilən məlumatda bildirilib ki, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur.Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloğlan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

***

Gecə saatlarında Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı özünün "facebook" səhifəsində yazıb.

Budkada 10 nəfər işçi olub: "Aldığım ilkin məlumata görə, bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itgin düşüb. 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub, nəticədə 5 nəfər həlak olmuşdu".

SOCAR-ın mətbuat xidmətindən hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm