Həmyerlimizin Rusiyada törətdiyi qətlin təfərrüatı
Bizi izləyin

Hadisə

Həmyerlimizin Rusiyada törətdiyi qətlin təfərrüatı

Neftçala şəhər sakini, 32 yaşlı Elmar İmanov Rusiyada həmyerlisi Vaqif Ağayevi qətlə yetirib.

Publika.az xəbər verir ki, Elmar İmanov Vaqif Ağayevin pulunu və digər əmlakını ələ keçirmək məqsədilə Rusiya vətəndaşı, 18 yaşlı Samorodski Mixail Aleksandroviç ilə birgə onu qətlə yetirib.

Onlar bu məqsədlə 2012-ci il martın 24-də Rusiyanın İjevsk şəhərində dəmiryol vağzalında görüşüblər.

Elnur maşın almaq üçün Surqut şəhərindən gələn Vaqif Ağayevə köməklik göstərəcəyini vəd edib. O, Mixail Samorodski ilə birlikdə Vaqif Ağayevi İjevsk şəhər vağzalında qarşılayıb və Zavyalovsk rayonunun Novıy Çultem kəndinə gəliblər.

Maşın almaq istədi, qətlə yetirildi

Elmar maşını siqaret çəkmək bəhanəsi ilə saxlayıb, hər üçü maşından düşüb. Həmin vaxt Elmar İmanov və Mixail Samorodski Vaqif Ağayevə hücum çəkib. Aralarında olan əlbəyaxa dava zamanı Mixail Samorodski vintaçan açarla Vaqif Ağayevi vurub.

Vaqif Ağayev aldığı xəsarətdən yıxılıb. Elmar maşından götürdüyü dəmir linglə Vaqifin başından bir neçə dəfə zərblə vurub. Vaqif Ağayev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qətlə yetirilənin pulunu ələ keçirdilər

Bundan sonra Elmar İmanov mərhuma məxsus 135.000 Rusiya rublu məbləğində nağd pulu və 1 ədəd 26,90 manat dəyərində “Nokia” markalı telefonunu ələ keçirib.

Elmar İmanov Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham edilib. Elmar İmanovun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Dedim ki, gələrsən, köməklik edərik”

Hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Elmar İmanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, 13 mart 2012-ci il tarixdə Samara şəhərinə getmək üçün qatara bilet alıb: “Sumqayıtda Vaqif və Mikayıl adlı şəxslər də mənimlə eyni kupeyə miniblər. Söhbət zamanı İjevsk şəhərində yaşadığımı bildirdim. Vaqif həmin şəhərdə “VAZ 2107” markalı maşınların qiyməti ilə maraqlandı. Bildirdim ki, gələrsən, kömək edərik. Qatardan düşəndə əlaqə saxlamaq üçün telefon nömrəmi Vaqifə verdim”.

Elmar İmanovun sözlərinə görə, 4-5 gündən sonra Vaqif zəng vuraraq İjevsk şəhərinə gəldiyini, dəmiryol vağzalının qarşısında olduğunu dedi: “Həmin vaxt Medvedev kəndində qardaşımın qonşusu Mixailin ad gününü qeyd etmişdik. Vaqifi qarşılamaq üçün gedərkən Mixail də bizimlə getdi. Vaqifi qarşıladıq və nahar etdikdən sonra maşına baxdıq. Lakin maşın Vaqifin xoşuna gəlmədi. Evim birotaqlı olduğundan Vaqif evimdə qalmadı. Həmin vaxt Mixail tək qalırdı. Buna görə də təklif etdim ki, Vaqif onunla qalsın. Vaqifi Mixailin kənddəki evinə apardıq. Səhəri gün yenə də bir neçə maşına baxdıq. Sonra yenə də Vaqifi Mixailin kəndinə apardım, səhər onları götürəcəyimi bildirdim”.

“Mixail və əmisi oğlu evə gələrək məni hədələdilər”

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 26-da Mixail ona zəng vuraraq görüşmək istədiyini bildirib: “Poçtun yanında Mixaillə görüşdüm. Həmin vaxt Mixail tək olub, Vaqif onun yanında olmayıb. Mixaildən Vaqifin harada olduğunu soruşdum. Mixail Vaqifin cibində böyük məbləğdə pul olduğunu dedi. Bildirdi ki, Vaqifi pulunu ələ keçirmək üçün öldürüb, kiməsə bu barədə desəm, məni də öldürəcəyi ilə hədələdi. Həmin vaxt Mixailə inanmadım, Vaqifin meyitinin harada olduğunu soruşdum. Mixail meyitin Medvedev kəndində köhnə tikilidə olduğu dedi. Oraya getdim və onun meyitini gördüm. Evə gələndən sonra Mixail və əmisi oğlu evə gəldilər. Onlar məni hədələdilər, Vaqifin ölümü barədə heç kimə deməməyi tapşırdılar. Mixail və dostu məni sakit qoymadıqlarından təzə aldığım maşını satdım və Azərbaycana gəldim. Mixailin Vaqifi öldürdüyünü mənə niyə dediyini bilmirəm. Bu barədə nə Vaqifin qardaşına, nə öz qardaşıma, nə də Rusiya hüquq mühafizə orqanlarına məlumat verdim”.

“Qardaşımı öldürüb, pulunu ələ keçiriblər”

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Arif Ağayev bildirib ki, qardaşı Vaqif Ağayev Surqutda yaşayıb, taksi fəaliyyəti göstərməklə Sumqayıtda yaşayan ailəsinə pul göndərib: “Sonuncu dəfə 2012-ci ilin fevralında atamızın ölümünün ildönümü ilə bağlı Vaqif qardaşım Maarif ilə birlikdə Azərbaycana gəldi. Vaqif martın 12-də Sumqayıt dəmiryol vağzalından qardaşım Maarif ilə birgə Rusiyaya yola düşdü. Təxminən aprelin 15-də Surqutda yaşayan qardaşım Maarif Vaqifin özünəməxsus maşını sataraq təzə maşın almaq üçün İjevsk şəhərinə getdiyini və orada öldürüldüyünü dedi. Maarif bildirdi ki, Sumqayıtdan qatara mindikdən sonra Vaqif Elmarla tanış olub, düşəndə bir-birlərinə telefon nömrələrini veriblər. Vaqifi İjevsk şəhərində Elmar qarşılayıb. Elmar İmanov tanışı Mixail Samorodski ilə birlikdə Vaqifdə böyük məbləğdə pul olduğunu bildiyi üçün öldürüb və pulunu ələ keçiriblər”.

Məhkəmənin hökmü ilə Elmar İmanov 13 il 7 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elmar İmanov apellyasiya şikayəti verərək günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Onun şikayəti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin qərarı ilə Elmar İmanovun şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm