• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Toydan sonra qanlı dava: bir qətlin tarixçəsi

  • Hadisə
  • 25 İyul 2015 02:57
  • 1 019 Baxış
Toydan sonra qanlı dava: bir qətlin tarixçəsi

Kürdəmir rayonunda toy məclisində başlamış söz-söhbət faciə ilə yekunlaşıb. Qarabucaq kəndində 1988-ci il təvəllüdlü Şahbuz Mikayılov həmkəndlisi, 1965-ci il təvəllüdlü Şükür Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

Publika.az xəbər verir ki, hadisə 23 avqust 2014-cü il tarixdə baş verib. Şahbuz həmin gün Qarabucaq qəsəbə sakini Habil Rəhimovun yaşadığı evin həyətində təşkil etdiyi uşaqlarının kiçik toy məclisində iştirak edib. O, həmin vaxt spirtli içki içib.

Toyda başlayan dava

Şahbuz sərxoş vəziyyətdə həmkəndlisi Şükür Məmmədov ilə hər hansı bir ciddi səbəb olmadan mübahisə edib və Şükür Məmmədovu döyməyə başlayıb. Həmin vaxt toy mərasimində iştirak edən şəxslər onları ayırmağa çalışsa da, həmin şəxslərin iradlarına məhəl qoymayıb. O, Şükür Məmmədovla əlbəyaxa olub və yumruqla 49 yaşlı kişiyə zərbələr vurub.

Bundan sonra Şahbuz Mikayılov tanışları Orxan Əliyev və Səxabət Ələkbərovun köməkliyi ilə yaşadığı evə aparılıb. Yuyunduqdan sonra yatıb. Təxminən bir saat sonra həyətlərindən gələn səs-küyə oyanıb. Çölə çıxdıqda həyətlərində Şükür və onun ailə üzvlərini görrüb.

Toydan sonrakı dava

Şahbuzun anası Qızqayıt Mikayılova, bacıları Natavan Piriyeva və Günel Mikayılova Məmmədovları sakitləşdirməyə çalışıblar.

Buna baxmayaraq, Şükür Məmmədov Şahbuzun anası və bacılarını nalayiq ifadələrlə təhqir edib və əlindəki bıçaqla onları hədələyib. Şükürün arvadı Nahidə Məmmədova isə Şahbuzun anası və bacısı Günel Mikayılova ilə əlbəyaxa olub və onları itələyərək küçənin qarşısından keçən arxa salıb.

Qisas

Bu mənzərəni görən Şahbuz Mikayılov evə girərək mətbəxdən bıçaq götürüb. O, Şükür Məmmədovla mübahisələrini ayırd etmək istəyib. Bu zaman Şükür Məmmədov onun üzərinə hücum edib və əlindəki bıçaqla ona zərbə vurmağa cəhd göstərib.

Həmin vaxt Şahbuz Mikaylov döş qəfəsindən yüngül xəsarət alıb. 27 yaşlı gənc özündən 21 yaş böyük olan Şükürün qolunu buraraq bıçağı onun əlində olan bıçağı yerə salıb.

Qətl

Şahbuz Mikayılov özündə olan bıçaqla Şükür Məmmədovun bədəninin müxtəlif nahiyələrindən zərbələr vurub. 5 bıçaq zərbəsi alan Şükür Məmmədov dünyasını dəyişib.

Bu əməli ilə Şahbuz Mikayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Sağ ol əmioğlu, sən deyəndir”

Elan olunmuş ittiham üzrə özünü təqsirli bilən Şahbuz Mikayılov bildirib ki, mərhum Şükür Məmmədovla həmkəndli olub, aralarında ədavət və düşmənçilik olmayıb:

“Avqustun 23-də həmkəndlim Habil Rəhimovun həyətində təşkil etdiyi uşaqlarının kiçik toy məclisində iştirak etmişəm. Məclisdə həmkəndlilərim Ayaz, Ruslan, Şəfi Məmmədov və Şükür Məmmədovla bir masa arxasında oturmuşuq. Məclisdə olduğum vaxt Şükür heç bir səbəb olmadan “mən Şükürəm” dedi və mənə sataşmağa başladı. Sərxoş olduğundan ona fikir vermədim. Ona “sağ ol əmioğlu, sən deyəndir”, - deyə cavab verdim.

Həmin vaxt Şükür Məmmədov onu nalayiq ifadələrlə söyüb, təhqir edib. O, qeyd edib ki, bu səbəbdən aralarında mübahisə yaranıb.

“Anam dedi ki, bala evə basqına gəliblər”

Şahbuz Mikayılov qeyd edib ki, evdə olan zaman bir saat yatıb və daha sonra həyətdə olan səs-küyə oyanıb: “Yuxudan oyananda anamın “Bala evə basqına gəliblər”, - deyə qışqırmasını eşitdim. Həyətə düşərkən Şükürün orada onun ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etdiyini, əlində olan bıçaqla qışqıraraq məni öldürəcəyi ilə hədələməsini gördüm”.

O, əsəblərini cilovlaya biləməyərək qətli törətdiyini deyib.

Məhkəmənin hökmü ilə Şahbuz Mikayılov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR