• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Leyla Yunus vəkili və şahidləri təhqir etdi

  • Hadisə
  • 27 İyul 2015 18:19
  • 1 253 Baxış
Leyla Yunus vəkili və şahidləri təhqir etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, prosesin əvvəlində Leyla Yunus məhkəmənin gedişini pozmağa çalışıb. Prosesə sədrlik edən hakim Əfqan Hacıyev təqsirləndirilən şəxsi məhkəməyə hörmətsizlik etməməyə çağırıb. Daha sonra Leyla Yunus Vəkillər Kollegiyasının üzvü Şöhlət Allahmanovun prosesdə nümayəndə kimi iştirak etməsinə etiraz edib. O, bildirib ki, Şöhlət Allahmanov zərərçəkmiş Rəna Səfərəliyevanın nümayəndəsidir: “Bu vəkilin məhkəmədə iştirak etməsinə qadağa qoyulmasını istəyirəm. Çünki Şöhlət Allahmanov bir çox siyasi işlərdə çıxış edib”.

Şöhlət Allahmanov bildirib ki, təqsirləndirilən şəxsin ittihamları əsassızdır: “Mən Elman Bayraqdarın iddiası ilə bağlı Xədicə İsmayılın işinə baxan Binəqədi Rayon Məhkəməsində iştirak etmişəm. Həmin iddia ərizəsini mən yazmışam. Məhkəmə Xədicə İsmayılı 2500 manat cərimələyib. Leyla Yunusun etirazının qəbul edilməməsini xahiş edirəm”.

Bu zaman Leyla Yunus vəkilin ünvanına təhqiredici ifadələr işlədib. Şöhlət Allahmanov hakimlərdən Leyla Yunusu intizama dəvət etməyi istəyib. Hakimlər Leyla Yunusa şifahi xəbərdarlıq edəndən sonra etiraza münasibət bildirmək üçün söz dövlət ittihamçısı Fərid Nağıyevə verib. Lakin Leyla Yunus səs-küy salaraq dövlət ittihamçısının çıxışına mane olmağa çalışıb. Hakimlər Leyla Yunusa protokol qaydasında xəbərdarlıq edəndən sonra qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Bir saatlıq müşavirədən sonra zala gələn hakim heyəti etirazın rədd edilməsi barədə qərarı elan edib.

Qərar oxunan zaman Leyla Yunus ayağa durmayıb. Buna görə hakim növbəti dəfə protokol qaydasında Leyla Yunusa xəbərdarlıq edib.

Daha sonra Arif Yunusun vəkili Əfqan Məmmədov müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Prokuror vəsatətin təmin edilməməsini istəyib. Bildirib ki, Arif Yunus və Leyla Yunus şahid qismində dəfələrlə istintaqa çağırılsalar da, çağırışlara gəlməyiblər: “Həmçinin onların məhkəmənin gedişinə mane olmaq, şahidlərə təsir göstərmək imkanları var. Bu səbəbdən Aruf Yunusun barəsində həbs qətimkan tədbiri seçilib və onun dəyişdirilməsinə əsas yoxdur”.

Yerində müşavirə keçirən hakim heyəti vəsatəti təmin etməyib. Daha sonra ittihamnaməni elan etmək üçün söz prokurora verilib.

Prokurorun səsləndirdiyi ittuihamdan məlum olub ki, Leyla Yunus Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohancanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Arif Yunusun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Rauf Mirqədirovun dəfələrlə Gürcüstan ərazisindən Ermənistana səfərlərini Arif Yunus ilə birlikdə təşkil edib.

Həmin səfərlərin bir qismində Arif Yunus da Rauf Mirqədirovla birlikdə iştirak edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.

Bundan başqa, Leyla Yunusun rəhbərlik etdiyi qurumun bank hesabına müxtəlif donor təşkilatlardan yüz minlərlə dollar və avro köçürülüb. Həmin pullar qanunsuz olaraq, nağdlaşdırılıb, külli miqdarda məbləğ vergidən yayındırılıb.

Prokuror ittihamnaməni elan edəndən sonra həm Leyla Yunus, həm də Arif Yunus özlərini təqsirli bilməyiblər.

Leyla Yunus məhkəmədə sərbəst ifadə verib, ancaq dövlət ittihamçısının suallarını cavablandırmaqdan imtina edib. Arif Yunus isə ifadə verməkdən imtina etdiyi üçün şahid qismində ifadə verməsi üçün zala Bakı şəhər İcra Hakimiyyətinin humanitar şöbəsinin müdiri Zülfəli Hacıyev dəvət edilib. Zülfəli Hacıyev bildirib ki, şəhərsalma layihəsi çərçivəsində Sülh və Demokratiya İnstitutunun yerləşdiyi bina sökülüb. Onun sözlərinə görə, söküntü zamanı evdən çıxan əşyaları, həmçinin instituta məxsus sənədləri Leyla Yunusun adamları aparıb. Bu zaman Leyla Yunus şahidin də ünvanına təhqiredici ifadələr işlədib.

Daha sonra şahid qismində ifadə verən Natəvan Hacıyeva bildirib ki, Leyla Yunusun təşkilatında mühasibatlıq işlərini həyata keçirib. Onun ifadəsində ziddiyyətlər olduğu üçün istintaqa verdiyi ifadəsi elan edilib.

Digər şahid Təhmasib Novruzov bildirib ki, Leyla Yunusun ermənilərlə əlaqəsi barədə onda məlumatlar olub: “Leyla Yunusun erməni xüsusi xidmət orqanları ilə əlaqə saxlaması barədə hüquq-mühafizə orqanlarına müraciət etdim və onun Azərbaycandakı fəaliyyətinə son qoymasını xahiş etdim. 1992-ci ildə də, ondan sonrakı illərdə də Azərbaycanın Müdafiə Nazirliyinin palanları barədə Ermənistana məlumatlar ötürülüb. Araşdırma zamanı həmin məlumatların Leyla Yunus tərəfindən ötürüldüyü məlum olub”.

“Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva ifadəsində bildirib ki, Leyla Yunusla bir yerdə çalışıb: “Mən “Azərbaycan Qadınları Ön Qafqazda” adlı təşkilatında sədr olanda Leyla Yunus sədr müavini idi. Biz birlikdə “Unibank”da hesab açmışdıq. 2006-cı ildə mən həmin təşkilatdan ayrıldım və bütün səlahiyyətlər Leyla Yunusa keçdi. Təşkilatdan çıxmağımla bağlı isə ərizə yazmışdım. Sonradan məlum oldu ki, həmin ərizə ilə bağlı hər hansı tədbir görülməyib”.

Daha sonra Rəna Səfərəliyeva dövlət ittihamçısı Fərid Nağıyevin, vəkillərin və Leyla Yunusun suallarını cavablandırıb. O, bildirib ki, Leyla Yunusun fəaliyyəti nəticəsində ona mənəvi və maddi ziyan dəyib.

Şahid qismində ifadə verən Əvəz Həsənov isə Arif Yunusu tanıdığını, onunla Ermənistanda tədbirdə iştirak etdiyini deyib. “Unibank” ASC-nin əməkdaşları - Mehriban Babayeva, Ələddin Şıxəliyev, Müstəqim Abdullayev, Nigar Əlizadə və Nigar Qəribova da şahid qismində ifadə veriblər. Onlar ibtidai istintaqa verdikləri ifadələri təsdiq etdiklərini deyiblər.

Proses iyulun 28-də davam etdiriləcək.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR