• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Anasını öldürən oğul: “Ondan tələb etdim ki...” - TƏFƏRRÜAT

  • Hadisə
  • 1 May 2015 17:05
  • 1 998 Baxış
Anasını öldürən oğul: “Ondan tələb etdim ki...” - TƏFƏRRÜAT

Anasını boğaraq öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Hümbət Nağızadənin məhkəmə istintaqı başlayıb. Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzəyev ittiham aktını elan edib.

İttihama görə, Hümbət Nağızadə Xırdalan şəhərində qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Qurbanovanı boğaraq öldürüb. Hadisədən əvvəl mərhumun kiçik oğlu Rövşən anasının başqa bir kişi ilə münasibət saxladığını bilib, bu barədə Rusiyada yaşayan böyük qardaşı Hümbət Nağızadəyə deyib. Hümbət Rusiyadan yaşadığı Şəmkir rayonuna gəlib.

O baş verən hadisədən əvvəl anası ilə danışıb. Deyib ki, Xırdalan şəhərində aldığı evi təmir etmək məqsədilə görüşmək lazımdır. Ana və oğul ötən il oktyabrın 22-də Xırdalan şəhərində aldıqları evdə görüşüblər. Həmin vaxt Hümbət anasına əxlaqsızlıq hərəkətlərinə son qoymasını tələb edib. Fatimə Qurbanova isə “öz həyatımı yaşayıram” deyərək mərhum əri Elşən ünvanına nalayiq söyüşlər işlədib. Bundan əsəbiləşən Hümbət anasını boğub.

“Qardaşım anamın başqa kişi ilə danışdığını dedi”

Hümbət Nağızadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Məhkəmədə Hümbət Nağızadə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü il avqustun 3-də Rusiyada olan zaman qardaşı Rövşənlə telefonla danışıb: “Rövşən anamın başqa kişi ilə telefonda danışdığını dedi. Avqustun 5-də Şəmkirə gəldim. Artıq anam bacımı da götürərək evi tərk etmişdi. Anam və bacımın itkin düşmələri ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə məlumat verdik. Bir neçə gün sonra anamın bacımla birlikdə Bakı şəhərində yaşadığı məlum oldu”.

“Anamdan hərəkətlərinə son qoymasını tələb etdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 22-də anası ilə telefonda danışıb və ona Xırdalan şəhərində olan evlərini təmir etdirib, orada yaşamaq məqsədilə anası ilə görüşmək istəyib: “Anam dedi, həmin evdə görüşək. Biz həmin gün Xırdalan şəhərində aldığımız evə gəldik. Anamla söhbət əsnasında əxlaqsız hərəkətlərinə son qoymasını tələb etdim. O da “yaxşı edirəm, öz həyatımı yaşayıram” söylədi, ölən atam Elşənin ruhunu söydü. Bu məni daha da əsəbiləşdirdi, anamı vurmaq istədim. Əllərimlə anamı boğazından tutaraq boğdum, anam hərəkətsiz vəziyyətdə yerə yıxıldı. Silkələdim, tərpənmədi. Bundan sonra Abşeron Rayon Polis İdarəsinə gedərək anamı öldürdüyümü etiraf etdim”.

“Anamı öldürmək niyyətim olmayıb”

Prokurorun suallarına cavabda Hümbət Nağızadə bildirib ki, Rusiyada atası, anası, qardaşı və bacısı ilə birlikdə yaşayıb. Atası Elşənin xəstəliyə tutulması ilə bağlı 2011-ci ildə geri qayıdıblar. Bir il sonra atası vəfat edib: “Atam vəfat edəndən sonra anam qardaşın və bacımla Şəmkirdə qaldı. Mən isə yenidən alver üçün Rusiyaya getdim.

Rusiyada olanda qardaşım xəbər verdi ki, anam bacımla evi tərk ediblər. Rusiyadan Bakıya, oradan isə Şəmkirdə olan kəndimizə gəldim. Anamın Bakıda yaşadığını öyrəndim. Anamla Xırdalan şəhərindəki evimizdə görüşməkdə məqsədim onu öldürmək olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ondan əvvəl qardaşı Rövşən anası ilə danışıb: “Qardaşım anama deyib ki, onu bağışlayırıq, evə geri qayıt. Amma anam qardaşımın sözlərinə əhəmiyyət verməyib. Qardaşım anamın başqa kişi ilə danışdığını dəqiq bilib, amma kiminlə münasibət saxladığından xəbərsiz olmuşuq. Anam evdən gedərkən 11 yaşlı bacımı da özü ilə aparması bizə pis təsir etmişdi. Bacımı anamdan ayırmaq, özümüzlə saxlamaq niyyətimiz var idi”.

“Peşmanam...”

Hümbət Nağızadənin sözlərinə görə, hadisə baş verən vaxt evdə anası ilə tək olub. Qeyd edib ki, ibtidai istintaqa ifadə verən zaman heç kimin təsiri altına düşməyib, vəkili də yanlında imiş: “Hadisəni törədən zaman affekt vəziyyətdə olmuşam. Özümə gələndə artıq anam ölmüşdü. Bunu biləndə Abşeron polisinə gəldim. Anamı öldürmək fikrim olmayıb, törətdiyim əməldən peşmançılıq hissi keçirirəm”.

“Atamla ayrılmışdılar”

Təqsirləndirilən şəxsin sözlərinə görə, anası ilə atasının münasibətləri yaxşı deyilmiş: “Atam içki içən idi. Bu səbəbdən anamla yola getmirdilər. Buna görə də münasibətləri pozulmuşdu, məhkəmə qaydasında ayrılmışdılar. Anam atamın ruhuna söyməsəydi, bu cinayət hadisəsini də törədən deyildim. Çünki biz anamı bağışlamışdıq”.

O bildirib ki, qardaşı Rövşən Bakıda universitetdə oxuyub və kirayədə yaşayıb. Cinayət hadisəsindən qardaşının xəbəri olmayıb: “Cinayət törədilən evdə yaşayış yoxdur. Çünki həmin ev təmirsizdir. Rusiyada olan evimizin satıb, həmin evi almışıq. Kənddəki evimizi atam tikdirib”.

Prokuror qeyd edib ki, təqsirləndirilən şəxsin məhkəmə ifadəsi ilə istintaq ifadəsi arasında ziddiyyət var, bu ziddiyyət məhkəmədə araşdırılmalıdır.

Hakim isə bildirib ki, kəskin ziddiyyət olmasa da, ifadənin sonunda kiçik fərq var. Hakim həmin hissəni elan edib. Təqsirləndirilən şəxs istintaqa anasını boğandan sonra yerə yıxıb vurmağa başladığını söyləyib.

Hümbət Nağızadə bildirib ki, ibtidai istintaqa ifadə verəndə özündə olmayıb: “Müddət keçəndən sonra özümə gəlmişəm. İndi yadıma düşüb ki, anam yerə yıxılandan sonra onu vurmamışam. Anamı öldürən zaman da özümdə olmamışam. Birdə ayılandan başa düşdüm ki, anamı öldürmüşəm. Yenə də qətl törətdiyimi anlamadım”.

“İstəmədik ki, ana-övlad arasına girək”

Zərərçəkmiş Fatimə Qurbanovanın hüquqi varisi Etibar Tağıyev ifadəsində bildirib ki, mərhum onun bacısıdır. Onun sözlərinə görə, bacısının hərəkətlərindən xəbəri varmış: “Sonrada eşitdim ki, bacım öz qızını da götürərək evi tərk edib. Bununla bağlı Şəmkir polisinə də şikayət etmişik. Axtarışlardan sonra bacımın Bakıda kirayə yaşadığını öyrəndik. Həmin vaxt bildim ki, bacım övladları ilə barışıb. Bu səbəbdən bacıma bir söz demədik. İstəmədik ana-övlad arasına girək”.

Etibar Tağıyevin sözlərinə görə, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur: “Bizim onlarla münasibətimiz normaldır. Ərizə ilə məhkəməyə müraciət etmişəm və təqsirləndirilən şəxsi bağışlayırıq. Hökm qəbul edəndə bizim ərizəni əsas götürün və ona yüngül cəza təyin edin”.

Cinayət işi üzrə şahid qismində dindirilən mərhumun kiçik oğlu Rövşən Qurbanov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib: “Evdə anamın başqa kişi ilə telefonda danışmasının şahidi olmuşam. Ondan kiminlə danışdığını, danışdığı nömrəyə baxmaq istədiyimi bildirdim. Anam telefonu yerə çırparaq sındırdı. Bildirdi ki, işinə heç kim qarsa bilməz. Bundan sonra əmimgilə getdi. Gecəni əməmgildə qaldı. Ertəsi günü əmim arvadından anamı və bacımı soruşdum. Onların gecə öz evimizə qayıtdığını bildirdi. Bir neçə gün sonra anam və bacım Bakı şəhərində tapıldı”.

Rövşən Qurbanovun sözlərinə görə, Xırdalanda olan evi təmir edərək, anasının orada yaşaması üçün şərait yaratmaq, bacısını isə onun himayəsindən almaq istəyiblər.

Məhkəmə iclası mayın 8-də davam etdiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR